00:00:00
Yazar
Elmira Ağayeva
24.07.2026 21:16 32 3 dəq oxuma
Sosial

İşə təyinatda yeni yanaşma: Ailə vəzifələri necə nəzərə alınacaq?

İşə təyinatda yeni yanaşma: Ailə vəzifələri necə nəzərə alınacaq?

 

Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerinə təyinatı zamanı nəzərə alınan meyarların dairəsi genişləndirilib. Yeni qərara əsasən, artıq onların ailə vəzifələri də təyinat prosesində qiymətləndiriləcək. Dəyişiklik həkimlərin iş bölgüsü və sosial təminatı baxımından müəyyən suallar doğurur.


Mövzu ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Məhəmməd Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, bu dəyişiklik həkimlərin əmək hüquqlarının qorunması və sosial rifahı baxımından bir çox üstünlükləri yaradacaqdır:

 

"Səhiyyə Nazirliyi Kollegiyasının yeni qərarı ilə rezidenturanı bitirən həkim-mütəxəssislərin işə təyinatı zamanı əvvəlki meyarlara (ailə vəziyyəti, daimi yaşayış yeri və klinik bazanın tövsiyəsi) əlavə olaraq "ailə vəzifələri" kriteriyası daxil edilmişdir. Əvvəlki hüquqi tənzimləmə mexanizmində əsas meyarlardan biri kimi şəxsin "ailə vəziyyəti" (Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) orqanlarında rəsmi nikahın olub-olmaması) əsas götürülürdü. Yeni dəyişiklik isə hüquqi statusdan daha çox, faktiki sosial və öhdəlik yükünü ön plana çıxarır. “Ailə vəziyyəti" və "Ailə vəzifələri" anlayışları fərqli anlayışlardır.
Şəxsin ailə vəziyyəti dedikdə, Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) orqanlarında rəsmi nikahın olub-olmaması nəzərdə tutulur. Ailə vəzifələri anlayışı isə Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına uyğun olaraq, işçinin himayəsində olan uşaqlara, qulluğa möhtac olan digər yaxın ailə üzvlərinə (əlilliyi olan şəxslər, qocalığa və ya xəstəliyə görə daimi qulluq tələb edən valideynlər) qarşı qanunla müəyyən edilmiş baxım və himayəçilik öhdəliklərini əhatə edir. Bu dəyişiklik həkim-mütəxəssislərin iş yerinə təyinat prosesinə bir sıra yenilikləri gətirəcəkdir. Belə ki,
-Təyinat üzrə Komissiya qərar qəbul edərkən həkimin yalnız rəsmi nikah statusunu (ailə vəziyyətini) deyil, həm də onun birbaşa himayə, qulluq və sosial öhdəliklərini (ailə vəzifələrini) qiymətləndirəcəkdir.Xüsusi qayğıya ehtiyacı olan ailə üzvü (məsələn, əlilliyi olan uşaq, tibbi rəyə əsasən daimi qulluq tələb edən yaşlı valideyn və ya həyat yoldaşı) olan həkimlərin uzaq bölgələrə icbari təyinat riskini azaldacaq. İş yerlərinin bölüşdürülməsində gənc mütəxəssislərin ailə daxili məsuliyyətləri ilə dövlətin vakansiya tələbləri arasında çevik və humanist bir balans yaradılacaq.

 

Onu da qeyd edək ki, bu dəyişiklik həkimlərin əmək hüquqlarının qorunması və sosial rifahı baxımından bir çox üstünlükləri yaradacaqdır. Belə ki,
-Ailə və iş həyatının balansı daha yaxşı təmin olunacaqdır.
-Ailə üzvlərindən uzun müddət ayrı qalma halları azalacaqdır.
-Psixoloji gərginliyin və peşə tükənmişliyinin azalmasına müsbət təsir göstərəcəkdir.
-Həkimlərin motivasiyası və iş məmnunluğu arta bilər ki, bu da göstərilən tibbi xidmətin keyfiyyətinə müsbət təsir edəcəkdir.
-Xüsusilə azyaşlı uşaqları olan və ya ailəsində xüsusi qayğı tələb edən şəxslərə baxan həkimlər üçün sosial təminat baxımından daha əlverişli şərait yaranacaqdır.
Eyni zamanda, bu
yanaşmanın uğurlu tətbiqi üçün ailə vəziyyətinin qiymətləndirilməsi meyarlarının aydın, şəffaf və hamı üçün bərabər müəyyən edilməsi vacibdir. Bu, həm həkimlərin hüquqlarının qorunmasına, həm də təyinat prosesində obyektivliyin təmin edilməsinə kömək edəcəkdir".

Samirə Allahverdizadə

#nəzərə #yeni #gündəm #azərbaycan #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər