İspaniya Baş naziri: "İsrailə təzyiqi artıracağıq"
Sançez İsrailə gedən gəmilərin və silah-sursat daşıyan təyyarələrin İspaniya limanlarına müraciət etmələrinə və ölkənin hava sahəsinə daxil olmalarına qadağa qoyacaq.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az" a açıqlamasında bildirib ki, bir çox ölkələrdə anti-İsrail hərəkatları geniş vüsət alıb və günbəgün bu hərəkatların miqyası daha da böyüyür.
"İsrail hökumətinin, Benyamin Netanyahunun Fələstinə, xüsusilə də Qəzza bölgəsinə qarşı həyata keçirdiyi soyqırım siyasəti demək olar ki, artıq İsraili dünyada tək bir ölkəyə çevirib. Bir çox ölkələrdə anti-İsrail hərəkatları geniş vüsət alıb və günbəgün bu hərəkatların miqyası daha da böyüyür. Bu ölkələr arasında xüsusilə iki dövlət diqqət çəkir bunlar İspaniya və İtaliyadır. Bununla yanaşı, Almaniyanın iri şəhərlərində, Niderlandda, Belçikada və ümumilikdə bütün Avropa ölkələrində “Azad Fələstin" hərəkatı sürətlə genişlənir. Bu isə onu göstərir ki, İsrail dövlətinin apardığı mənfur soyqırım siyasəti artıq insanlarda ciddi hiddət doğurur və onlar bu vəziyyətlə barışmayacaqlarını açıq şəkildə ifadə edirlər. Son zamanlar Fransada, Böyük Britaniyada və digər ölkələrdə də bu proseslər müşahidə olunur. Bildirilir ki, BMT-nin Baş Assambleyasının bir neçə gün sonra başlayacaq 80-ci sessiyasında həmin ölkələr Fələstin dövlətini rəsmən tanıyacaqlar. Bu, ilk növbədə onu göstərir ki, həmin ölkələrin ictimai qüvvələri o qədər fəallaşıb ki, artıq hökumətlər onlardan ehtiyat etməyə başlayıblar. Etiraz aksiyalarının böyüyərək ciddi fəsadlara səbəb ola biləcəyindən qorxaraq, hökumətlər vəziyyəti yumşaltmaq məqsədilə öz xeyirlərinə müəyyən addımlar atmağa məcbur qalırlar ki, cəmiyyətdə sabitlik qorunsun. Deyəsən, rəsmi London, Paris, Roma, Madrid və Amsterdam artıq Fələstin dövlətini rəsmən tanıyacaqlar. Lakin Fələstin dövlətinin tanınması belə, İsrailin azğınlığını, vəhşiliyini, barbarlığını, xüsusilə də qadınlara, uşaqlara və qocalara qarşı törətdiyi cinayətləri dayandırmayacaq. Avropa və Qərb hökumətləri, o cümlədən ABŞ hökuməti də bu reallığı anlayır. Hazırda həmin ölkələrin öz daxilində, xüsusilə də ABŞ-də genişmiqyaslı etiraz dalğaları baş qaldırıb. Bu etirazlar açıq şəkildə göstərir ki, artıq təkcə İsrailin dəstəklənməməsindən yox, həm də onun açıq-aşkar qatil və cinayətkar bir rejim kimi qəbul olunmasından söhbət gedir. Bu səbəbdən də hökumətlər ehtiyat edirlər. Əgər BMT-nin Baş Assambleyasında Fələstin dövlətinin tanınması məsələsi geniş şəkildə gündəmə gətirilsə, çox güman ki, ABŞ bu qərara veto qoyacaq. Çünki artıq aydın görünür ki, Amerika elitasını idarə edən əsas güc yəhudi lobbisidir. Buna baxmayaraq, həmin yəhudi lobbisi daxilində də parçalanma müşahidə olunur. Bəzi nümayəndələr İsrailin artıq həddini aşdığını və ona verilən dəstəyin, xüsusilə maliyyə dəstəyinin dayandırılmasının vacib olduğunu bildirirlər. Çünki bu dəstəyin əsas hissəsi birbaşa hərbi məqsədlərə yönəlir. Bütün bu proseslərin önə çıxmasının bir səbəbi də İspaniyanın ərəb dünyası ilə tarixi və mədəni yaxın əlaqələrə malik olmasıdır. Onlar müəyyən dövrlərdə bir yerdə, bir cərgədə dayanmış xalqlar olublar".
Müsahib həmçinin bildirib ki, qeyd etmək lazımdır ki, ərəblər kontinental Avropaya gəldikdə, özləri ilə çox mütərəqqi üsullar gətiriblər:
"Məsələn, Avropa qitəsində ilk cərrahi əməliyyatlar məhz ərəblər vasitəsilə həyata keçirilib. Dərman istehsalı sahəsində də ilk təşəbbüslər onlara məxsus idi. Həmçinin, ərəblər mütərəqqi vergi sistemi qurmuş, ictimai idarəetmədə və şəhərsalmada yeni modellər tətbiq ediblər. Yəni, həmin dövrdə geridə qalan Avropaya ərəblər müasir və inkişaf edən üsullar gətiriblər. Bu faktı danmaq mümkün deyil. Sonradan Rekonkista hərəkatı çərçivəsində ərəbləri Pireney yarımadasından çıxarmaq qərara alınıb. Bu proses millətçilik və katolik radikalizmi fonunda baş verib. Nəticədə müsəlmanlara qarşı təzyiqlər, zorakılıqlar başlanıb, onların müstəqilliyi və identikliyi zorla ləğv edilib. Buna baxmayaraq, ərəblərlə ispanlar arasında dərin mədəni və tarixi bağlar, hətta qohumluq əlaqələri formalaşıbdır. 1970-ci illərin sonunda, Fələstindəki azadlıq hərəkatı və İsrailin tətbiq etdiyi soyqırım siyasəti zamanı, İspaniya kralı I Juan Carlos bu siyasəti açıq şəkildə pisləmiş və deyib ki, bu hadisələrə səssiz qalınmayacaq. Fələstinlilər bizim qardaşlarımızdır. İsraildən qan tökməyi dayandırmasını tələb edirik. Bu yanaşma da göstərir ki, ispanların ərəb xalqına və onun identikliyinə xüsusi münasibəti var və bu münasibət tarixi köklərə dayanır. Çünki bu xalqlar tarix boyu bir-birlərindən bəhrələniblər. İndiki zamanda isə artıq Sançes hökuməti anlayır ki, İsrailə qarşı real və təsirli təzyiqlər göstərmək lazımdır. Yəni, sanksiyalar tətbiq edilməlidir ki, İsrail öz hüdudlarını aşmasın, insanlara qarşı həyata keçirdiyi soyqırımı dayandırsın və Qəzza bölgəsindəki əsarət rejiminə son qoyulsun. Bu görünməmiş bir vəziyyətdir. 2 milyondan artıq insan İsrail vasitəsilə faktiki olaraq əsir götürülüb. İsrail istədiyi vaxt onlara su, elektrik, ərzaq və dərman verir, istədiyi vaxt isə bu resursları tamamilə kəsir. Bu məhdudiyyətlərin tətbiqində məqsəd İsrailə xəbərdarlıq etməkdir. Artıq vəziyyət o həddə çatıb ki, İsrail fiziki cəhətdən belə təhdid altına düşə bilər. Çünki İsrailin ətrafı tamamilə ərəb dövlətləri ilə əhatə olunub. Əgər bu ölkələr koordinasiyalı şəkildə İsrailə qarşı hərbi təzyiqə keçsələr, İsrailin mövcudluğu ciddi təhlükə altına düşə bilər. Digər tərəfdən, burada İran amili də var. İran, son hadisələrdə göstərib ki, cəmi 12 gün ərzində, özü də köhnə raketlərlə, İsrailin hərbi və infrastruktur potensialını ciddi şəkildə dağıda bilər. Bu da göstərir ki, İranın real hərbi gücü kifayət qədər böyükdür".
Eyni zamanda müsahib qeyd edib ki, bütün bunları nəzərə alan İspaniya siyasi rəhbərliyi anlayır ki, İsraili reallığa qaytarmaq lazımdır:
"Əks halda, İsrail özünü həddindən artıq güclü hiss edərək, nəzarətsiz siyasət yürüdə bilər. Bu isə, təbii olaraq, əks reaksiyalar doğuracaq və nəticədə beynəlxalq aləmdə ciddi antisiyasət formalaşa bilər. İqtisadi münasibətlərə gəldikdə isə, artıq məlumdur ki, təhlükəli siyasət yürüdən ölkələrin hökumətlərinə qarşı sanksiyaların tətbiqi bir növ xəbərdarlıq xarakteri daşıyır. Bu həmin dövlətlərə artıq yeni bir siyasətə keçidin zamanı çatıb mesajını verir. Sançes hökuməti də yaxşı bilir ki, embarqo tətbiq etməklə İsrailə ciddi problemlər yaradıla bilər. Artıq bu prosesə Türkiyə başlayıb, İspaniya davam etdirir və bir çox digər ölkələr də ona qoşulur. Eyni zamanda husilərin Qırmızı dənizdəki hücumları da onu göstərir ki, İsraillə iqtisadi-ticari əlaqələri olan ölkələrin gəmiləri də hədəfə çevrilir, onlara atəş açılır və raket zərbələri endirilir. Bu vəziyyət onu göstərir ki, İsrail özünün bu faşist siyasətindən geri çəkilməlidir. Digər Avropa ölkələrinin də İspaniyadan nümunə götürməsi qaçılmazdır. Çünki bir çox hökumətlər artıq ciddi şəkildə narahatdırlar şəhərlərin əsas meydan və küçələri etiraz aksiyalarının mərkəzinə çevrilib, insanlar bir nəfər kimi Netanyahu hökumətinin yürütdüyü siyasətə qarşı çıxırlar. Avropa ölkələrinin bu prosesə qoşulması çox mühüm rol oynayacaq. Və nəhayət, BMT-nin Baş Assambleyasında bu məsələ əsas müzakirə mövzularından biri olacaq. İsrailin qatil və soyqırım siyasətinə son qoyulması beynəlxalq gündəmin əsas məsələsinə çevrilmək üzrədir".
Səmayə Səftərova