İspaniyada 16 bölgə fövqəladə zona elan edilib
İspaniya hökuməti dağıdıcı meşə yanğınlarından sonra ölkənin 16 bölgəsini “fövqəladə vəziyyət zonası” elan edib. Bu qərar çərçivəsində təsirlənmiş icmalara, bizneslərə və yerli hakimiyyət orqanlarına dəstək üçün yardım və resurslar ayrılacaq.
Daxili İşlər naziri Fernando Qrande-Marlaska yanğınları “son illərin ən böyük ekoloji fəlakətlərindən biri” adlandırıb və zərərin miqyasını tam qiymətləndirmək üçün hələ çox tez olduğunu bildirib.
“Nazirlər Kabinetinin iclası vətəndaş müdafiəsi üzrə fövqəladə hallar nəticəsində ciddi zərər çəkmiş əraziləri rəsmi olaraq elan etdi. Buraya 23 iyundan 25 avqusta qədər baş verən 113 böyük meşə yanğınından təsirlənmiş bütün bölgələr daxildir",– deyə nazir vurğulayıb.
Məlumata görə, Cənubi Avropa son 20 ilin ən ağır meşə yanğınları mövsümünü yaşayır. Təkcə İspaniyada 400 min hektara yaxın ərazi yanıb. Bu, 2006-cı ildən bəri qeydə alınmış ən genişmiqyaslı yanğın sahəsi hesab olunur.
ANEWZ
Güllər Gülhüseynova