İspaniyadan sülh mesajı: Azərbaycan yeni mərhələnin reallıqlarını dünyaya çatdırır
İspaniyanın Gernika şəhərinin timsalında sülh və barışığın əhəmiyyəti diqqət mərkəzinə gətirilib. Prezident İlham Əliyev bildirib ki, müharibənin acı nəticələrini yaşamış xalqlar üçün bu mesaj xüsusi önəm daşıyır. Dövlət başçısının sözlərinə görə, uzun illər münaqişə şəraitində yaşamış Azərbaycan xalqı sülhün dəyərini dərindən dərk edir və hazırda regionda yaranmış yeni reallığı yaşayır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən siyasi şərhçi Aydın Quliyev qeyd edib ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək verən hər bir addım böyük qiymətə layiqdir:
"Azərbaycan və Ermənistan rəhbərlərinin İspaniyanın Gernika şəhərində Sülh mükafatına layiq görülməsi bu qəbildən olan mühüm hadisədir. Bundan əvvəl hər iki ölkə lideri Birləşmiş Ərəb Əmirliklərinin sülh mükafatı ilə də təltif olunublar. Şübhəsiz ki, bu cür təşəbbüslər sülh prosesinə müsbət təsir göstərir. İspaniyada təqdim olunan bu mükafat həm prosesin davamlılığına dəstək, həm də sülhə mane olmaq istəyən daxili və beynəlxalq qüvvələrə önləyici bir mesajdır. Bu, eyni zamanda İspaniya dövlətinin və xalqının regiondakı sabitlikdə nə qədər maraqlı olduğunu nümayiş etdirir".
Ekspert əlavə edib ki, belə platformalar Azərbaycana keçmiş təcavüz və yaşanan faciələri dünya ictimaiyyətinə yenidən çatdırmaq imkanı verir:
"Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətində erməni təcavüzünün acı yadigarları olan faciələrimizi xatırlatması və bunların unudulmazlığını vurğulaması mühüm əhəmiyyət kəsb edir. Bu, dünyaya verilən bir mesajdır: sülh prosesini stimullaşdırmaq nə qədər vacibdirsə, keçmişdə törədilmiş insanlıq cinayətlərinə hüquqi və siyasi qiymət vermək də bir o qədər zəruridir".
Reyhan Qulizadə