İsrail–İran qarşıdurması dərinləşir
İsrailin İrana məxsus nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra regionda gərginlik yenidən yüksəlib. İsrail rəsmiləri İranın nüvə və raket proqramını bərpa etməsinin ciddi təhlükə yaratdığını bildirir, ekspertlər isə Yaxın Şərqdə yeni hərbi eskalasiya ehtimalının artdığını vurğulayırlar.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin İrana məxsus nüvə obyektlərinə hava hücumları həyata keçirməsindən sonra İsrailin rəsmi şəxsləri , həm hökumət üzvləri, həm də yüksək vəzifəli rəsmilər İran məsələsinin hələ bitmədiyi ilə bağlı ardıcıl bəyanatlar verirlər:
“Bu bəyanatlarda İranın atom bombasının istehsalı üçün vacib olan məhsulların, xüsusilə də ağır suyun potensial risk zonalarından kənara çıxarılması və Tehranın nüvə proqramını yenidən bərpa etməsi ehtimalı vurğulanır. Hazırkı mərhələdə İsrail tərəfi İranın nüvə proqramına qayıtması, eləcə də uzaqmənzilli ballistik raketlərin istehsalını yenidən bərpa etməsi ehtimalını həm İsrail, həm də region dövlətləri üçün ciddi təhlükə kimi təqdim edir. Bu bəyanatların arxasında İsrailin İrana qarşı yenidən hərbi əməliyyatlara başlaya biləcəyi ehtimalı dayanır. Məlum olduğu kimi, ilin sonuna yaxın İsrailin baş naziri ABŞ prezidenti ilə görüşərək müəyyən razılaşmalar əldə edib. Həmin görüşdən sonra verilən açıqlamalarda ABŞ rəhbərliyi ilə İran əleyhinə hücumların davam etdirilməsi məsələsinin müzakirə olunacağı və bu istiqamətdə razılığın alınacağına dair fikirlər səsləndirilib.Mövcud vəziyyət onu göstərir ki, böyük ehtimalla İrana qarşı yenidən hücumlar baş verə bilər. İranın öz daxilində də gərginlik mövcuddur. Xüsusilə ölkənin ali dini rəhbərliyində, yaşı 85-i keçmiş rəhbərin səhhəti ilə bağlı problemlər mətbuatda ciddi müzakirə olunur”.
Ekspert həmçinin bunu da qeyd edib ki, İran prezidenti Məsud Pezeşkianın son bəyanatları da göstərir ki, problemin yalnız ABŞ və İsraillə bağlı olmadığı, eyni zamanda İran daxilində hakimiyyət strukturlarında vahid siyasi mövqenin formalaşmamasının da mühüm rol oynadığı qəbul edilir. Xarici və daxili siyasətdə fikir ayrılıqları mövcuddur:
“İranın həm iqtisadi, həm də siyasi vəziyyəti kifayət qədər gərgindir və bu amil İsrail tərəfindən fürsət kimi qiymətləndirilə bilər. Bu səbəbdən İsrailin İrana qarşı yenidən hücumlara başlaması ehtimalı artır. Bununla paralel olaraq, Türkiyə İranın Suriyada və Livanda fəaliyyətinin məhdudlaşdırılmasına çalışır. İsrailin Suriyaya qarşı ərazi iddiaları da gündəmdədir. Son günlər Türkiyə ordusunun üç istiqamətdən Suriya ərazisinə daxil olduğu bildirilir. Eyni zamanda Türkiyə rəsmiləri Liviyada yerləşən Türkiyə kontingentinin həmin ərazini tərk etməyəcəyini açıqlayıblar. Hazırda Türkiyə ilə İsrail arasında qarşıdurma ehtimalı da müzakirə olunur. İsrailin Yunanıstan və Kiprlə birlikdə Türkiyəyə qarşı regional ittifaq formalaşdırmaq cəhdləri bu gərginliyi daha da artırır. Nəticə etibarilə Yaxın Şərq və ona bitişik bölgələr yaxın günlərdə müharibə riski yüksək olan zonalar kimi qiymətləndirilir”.
Güllər Gülhüseynova
