İsrail İrana qarşı növbəti hücuma başlaya bilər
Yaxın Şərqdə artan gərginlik fonunda İsrailin İrana qarşı növbəti hücuma başlaya biləcəyi iddia olunur.
“İnformator.az” xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzetinə danışan yüksək rütbəli hərbçi bildirib.
“Yaxın Şərqdəki prosesləri və İrandakı fəaliyyəti diqqətlə izləyirik. İsrail və İran davamlı silahlanma və öyrənmə yarışı aparır. Biz bir sıra ssenarilərə hazırlaşırıq, onlardan biri də İrana qarşı növbəti hücumun zəruriliyi ola bilər”.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin İrana qarşı hücumlarda açıqladığı əsas məqsəd, təbii ki, nüvə potensialı və İranın İsrail rəsmilərinə görə regional təhlükəsizliyə yaratdığı problemlərlə bağlıdır:
“Amma məsələnin mahiyyətinə, daha dərinliklərinə nəzər salsaq, burada fərqli çalarlar da axtarmaq olar. Bu, İrana indiyədək vurulan və ya gələcəkdə mümkün ola biləcək zərbələrdən ibarətdir.
Hesab edilir ki, Yaxın Şərqdə həyata keçirilməyə çalışılan bir plan var. Bu plan İsraili bölgənin əsas dövləti etmək məqsədi daşıyır. Ona görə də İsrail həm sərhədlərini genişləndirmək, daha böyük ərazilərə sahib olmaq, həm də ümumilikdə Yaxın Şərqin sərhədlərini dəyişmək istəyir. Təkcə sərhədlərin dəyişdirilməsi ilə kifayətlənmək niyyətində deyil. Regional status-kvo reallıqlarını da öz xeyrinə həll etməyə çalışır.
Burada həm tranzit yollara nəzarət, həm də qlobal iqtisadi sistemə təsir göstərə biləcək layihələr önə çıxır. Bütün bunlar prosesləri şərtləndirən əsas amillərdəndir. Lakin qeyd etdiyimiz kimi, əgər zərbələr endiriləcəksə, bunun səbəbi kimi İranın nüvə proqramı, terrora dəstək verməsi və regionda gərginlik yaratması göstəriləcək”.
İran bu təhdidlər fonunda öz nüvə strategiyasından və hərbi siyasətindən imtina edəcəkmi?
Həşim Səhrablı bu sualla bağlı qeyd edib ki, İran tam məğlubiyyət anına qədər bu yolunu dəyişməyəcək:
“Çünki bütün bu addımları atarkən arxayın olduğu tərəfdaşları var. İran Rusiyadan və Çindən dəstək alır və həmin dəstəklərlə regionda Qərb mərkəzli qüvvələrə qarşı müqavimət cəbhəsi formalaşdırmağa çalışır. Bu, həm də Rusiya və Çinin maraqlarına uyğun olduğu üçün onların gələcəkdə də İranı dəstəkləyəcəyi reallığa çevrilir. Bu isə İranın İsrailə və onun tərəfdaşlarına qarşı cavab tədbirlərini daha effektiv edir. Ona görə də mən inanmıram ki, İran yaxın müddətdə hərbi strategiyasında və ümumilikdə xarici siyasətində ciddi dəyişikliklər etsin”.
Siyasi şərhçi son olaraq açıqlamasında qeyd edib ki, Yaxın Şərqdə sabitliyin qorunmasında region ölkələrinin rolu həlledicidir:
“Bu, danılmazdır. Çünki hər şey region ölkələrinin tutumundan asılıdır. Düzdür, kənar təsirlər bir çox məsələdə mühüm rol oynaya bilər. Amma əsas məsələ budur ki, əgər sabah İsrail İrana zərbə endirmək istəsə və münasibətlər gərginləşsə, o zaman nə baş verəcək?
Əgər Qərbin, ABŞ-nin və bəzi Avropa dövlətlərinin Yaxın Şərqə müdaxiləsi baş tutsa, onların əlindəki “İsrail kartı” itə bilər. Əksinə, əgər İran sabah qərara gəlsə ki, nüvə proqramından imtina edir və xarici siyasətini dəyişir, onda ona zərbə endirməyə də ehtiyac qalmayacaq.
Ona görə də region ölkələrinin mövqeyi — nə deyəcəkləri, hansı addımı atacaqları — bir çox suala cavab olacaq. Bu, təkcə İran və İsrailin deyil, həm də Türkiyənin, ərəb dövlətlərinin gələcək qərarlarını müəyyənləşdirəcək. Nəticədə isə Yaxın Şərqin yeni dünya düzənindəki rolu və mövqeyi məhz bu amillərlə formalaşacaq”.
Ləman Mahmudlu
