"İsrail İrandan gələn təhdidə hazırdır"
Tehrandan hər hansı təhdid olarsa, İsrail İranı yenidən vuracaq.
Bunu İsrailin müdafiə naziri İsrail Katz bildirib.
"İsrailin uzun əli İranın onu təhdid edə biləcəyi hər yerə – Tehrana, Təbrizə, İsfahana – çatır. Gizlənə biləcəyiniz heç yer yoxdur. Əgər geri qayıtmalı olsaq, daha böyük güclə qayıdacağıq", – Katz deyib.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, bildiyiniz kimi, Yaxın Şərqdə stabilliyin pozulması əsasən İsrailin fəaliyyəti ilə bağlıdır:
"Başda ABŞ olmaqla Qərb dünyası İsrail vasitəsilə bölgədə vəziyyəti gərginləşdirməkdədir. ABŞ İsrailin mövqeyini gücləndirməklə onu ərəb dünyasına qarşı bir təzyiq aləti kimi istifadə edir. Ümumilikdə, İsrailin bir ali məqsədi və yəhudi lobbisinin uzunmüddətli bir layihəsi var: bölgədə “Böyük İsrail dövləti” yaratmaq. İsrail bu məqsədə Fələstin, Suriya, Liviya, İraq və digər Yaxın Şərq ölkələrinin əraziləri hesabına çatmaq niyyətindədir. Bu planı isə müxtəlif adlar altında – bəzən terrora qarşı mübarizə, bəzən də özünümüdafiə adı ilə həyata keçirir, vəziyyəti gərginləşdirərək məqsədinə doğru addımlayır.
Əgər İsrail dövlətinin yaranma tarixinə nəzər salsaq, görərik ki, o dövrdəki ərazisi ilə indiki ərazisi arasında ciddi fərq var. İsrail zamanla bu əraziləri genişləndirir. Suriyanın ərazisində yerləşən yüksəklikləri ələ keçirməsinə isə “bufer zona” adı verilir. Qeyd etmək lazımdır ki, İsrailin “Böyük Yəhudi Dövləti” planı 50-100 illik uzunmüddətli bir layihədir və bu məqsədlə bölgədə sabitlik pozularaq addım-addım irəliləyirlər. Bütün bu proseslərdə isə beynəlxalq hüququn tələbləri açıq şəkildə pozulur.
İsrail–İran münasibətləri isə bu ümumi mənzərədən fərqli və daha spesifik bir layihənin tərkib hissəsidir. ABŞ-nin əsas məqsədi İranı nəzarət altına almaq və orada rejim dəyişikliyi həyata keçirməklə öz maraqlarına uyğun bir hakimiyyət qurmaqdır. Bu plan üç əsas istiqamətdə formalaşdırılıb:
Birincisi, İranın xam neftinin 70–80 faizinin Çin tərəfindən alınması faktıdır. Çin bu gün ABŞ üçün əsas iqtisadi rəqiblərdən biridir və rəsmi şəkildə “təhlükə” olaraq elan edilib. Çin iqtisadiyyatını zəiflətmək üçün ABŞ İranın Çinə xam neft satışını dayandırmaq niyyətindədir.
İkincisi, Rusiyanın cənub cinahını bağlamaq məqsədi güdülür. ABŞ üçün Rusiya hərbi baxımdan təhlükə olaraq qalır və bu istiqamətdə İranın strateji mövqeyindən istifadə etmək istəyirlər.
Üçüncüsü, Türkiyə və ümumiyyətlə Turan İttifaqının yaranmasının qarşısını almaqdır. Türk dövlətlərinin birliyi ideyası və Türkiyənin regional gücdən qlobal gücə çevrilməsi ABŞ-nin maraqlarına uyğun deyil. Bu səbəbdən ABŞ İran daxilindəki qüvvələr vasitəsilə bu proseslərə mane olmaq istəyir.
ABŞ və İsrail müxtəlif bəhanələrlə İranda hakimiyyəti dəyişməyə cəhd göstərirlər. Son dövrlərdə nüvə zənginləşdirilməsi adı altında həyata keçirilən əməliyyatlar da bu məqsədlə atılan addımlardan biri idi. Hərçənd bu əməliyyat da uğurla nəticələnmədi. İsrail və ABŞ açıq şəkildə bəyan etdilər ki, İranda rejim dəyişikliyi həyata keçirmək istəyirlər. Bu layihə hələ də aktuallığını qoruyur və müxtəlif bəhanələrlə İran–İsrail qarşıdurması yaradaraq ABŞ İranda hakimiyyət dəyişikliyi istiqamətində fəaliyyətini davam etdirir.
İsrailin məqsədləri ilə ABŞ-nin regional maraqları üst-üstə düşür. İranda ABŞ və İsrailin geniş kəşfiyyat və agentura şəbəkəsi mövcuddur. Bu şəbəkə zaman-zaman İran dövləti adından bəyanatlar verərək əslində İsrailin əlinə bəhanə verir. Məsələn, İsraili hədələyən və onu yer üzündən silmək kimi bəyanatlar səsləndirməklə İsrailə hərbi əməliyyatlar üçün əsas yaradır. Eyni zamanda bu agentura şəbəkəsi İranın qonşu dövlətlərlə münasibətini gərginləşdirmək üçün də aktiv fəaliyyət göstərir. Məsələn, Azərbaycan əleyhinə verilən bəyanatlar da bu kontekstdə qiymətləndirilə bilər.
Bu səbəbdən sual ortaya çıxır: bu bəyanatlar kimə və nəyə xidmət edir?
Eyni zamanda bu şəbəkə İsrailə qarşı sərt ritorika səsləndirərək onun İran daxilində hərbi əməliyyatlar aparmasına şərait yaradır. Hesab edirəm ki, İran İsraillə münasibətlərə yenidən baxmalı və bu münasibətləri beynəlxalq hüquq çərçivəsində tənzimləməyə çalışmalıdır. Əks halda, ABŞ və İsrailin birgə yaratdığı koalisiya İranı hədəfə ala bilər. İran isə hələ ki nə hərbi, nə də iqtisadi baxımdan bu koalisiyaya qarşı dayana biləcək gücə malik deyil. Son hərbi əməliyyatlar da göstərdi ki, başda ABŞ olmaqla Avropa İttifaqına daxil olan bir çox ölkə İsrailə açıq dəstək verir.
Ümumilikdə, yəhudi lobbisinin dünyanın müxtəlif sahələrində – siyasi, iqtisadi və informasiya sahələrində – təsir imkanları olduqca genişdir. İran isə bu təsirə qarşı adekvat cavab vermək imkanına malik deyil. Buna görə də İran bölgədə yeni bir siyasi-strateji xətt formalaşdırmalı və öz tərəfdaşları ilə birlikdə yeni bir xarici siyasət kursu həyata keçirməlidir. Xüsusilə də İran daxilində fəaliyyət göstərən agentura şəbəkəsinin qarşısı alınmalı, İsrailin əlinə bəhanə verəcək ritorikaya son qoyulmalıdır. Eyni zamanda qonşu dövlətlərlə münasibətlərdə avantürist yanaşmalardan çəkinilməlidir".
Politoloq əlavə edib ki, hesab edirəm ki, “İsrailin əli uzundur” ifadəsi təsadüfi deyil:
"Bu, o deməkdir ki, İranın bir çox strukturlarında – dini liderlikdən tutmuş prezident aparatına, hərbi və xüsusi xidmət orqanlarına qədər – İsrailin agentura şəbəkəsi mövcuddur. Son əməliyyatlarda nüvə proqramı ilə məşğul olan alimlərin və yüksək rütbəli hərbçilərin qətlə yetirilməsi də bu şəbəkənin mövcudluğunu və onun İsrailin xüsusi xidmət orqanları ilə əlaqələrini sübut edir. Bütün bunlar bir daha təsdiqləyir ki, İsrailin əli, sözün əsl mənasında, uzundur.
Nəticə olaraq, İran Yaxın Şərqdə öz xarici siyasət doktrinasına yenidən baxmalı, xüsusilə də daxildəki agentura şəbəkəsinə qarşı ciddi və məqsədyönlü mübarizə aparmalıdır".

Aytən Ağazadə