00:00:00
Yazar
Admin User
22.12.2025 18:07 91 2 dəq oxuma
Siyasət

İsrail-Livan təmaslarının intensivləşməsi

İsrail-Livan təmaslarının intensivləşməsi

Son dövrlərdə İsrail və Livan arasında diplomatik və texniki təmasların intensivləşməsi Yaxın Şərqdə təhlükəsizlik və iqtisadi gündəmi yenidən aktuallaşdırıb.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin hazırda əksər qonşu ölkələrlə münasibətlərinin gərgin olması rəsmi Təl-Əviv üçün ciddi strateji problemlər yaradır:

 

“İsrailin bir çox qonşu dövlətlərlə münasibətlərinin gərgin olması rəsmi Təl-Əviv qarşısında kifayət qədər ciddi çağırışlar formalaşdırır. Belə bir situasiyada İsrail müəyyən yumşaldıcı manevrlər etməyə məcburdur və bunu bəzi ərəb ölkələri ilə münasibətlərdə həyata keçirməyə çalışır. İsrail ilə Livan arasında gərgin münasibətlər mövcuddur. Livan ərazisində yerləşən və İsrail üçün hərbi təhdid kimi qiymətləndirilən Hizbullah faktoru rəsmi Təl-Əivdə ciddi narahatlıq doğurur. Məhz buna görə də İsrail Hizbullahın sıradan çıxarılması məsələsində israrlı mövqe nümayiş etdirir. Əslində İsrailin Hizbullahla bağlı atdığı addımlar Livanın da maraqlarına uyğun gəlir. Hizbullah Livanda faktiki olaraq ‘dövlət daxilində dövlət’ statusuna malikdir və ölkənin daxili və xarici siyasətinin formalaşmasında həlledici rol oynayır. Livanın siyasi rəhbərliyinin Hizbullahın sıxışdırılmasında məmnun olması istisna edilmir. Ancaq mövcud mərhələdə bu prosesin hansı səviyyədə intensivlik qazanacağı açıq sual olaraq qalır”.


Politoloq İsrail-Livan dialoqunun mövcudluğunu və ABŞ-nin bu prosesdə iştirakını gələcəyə yönəlik müəyyən imkanlar kimi dəyərləndirib:

 

“İsrail və Livan arasında dialoqun mövcud olması və bu prosesdə ABŞ-nin vasitəçi qismində iştirak etməsi irəliyə doğru müəyyən ehtimallar yaradır. ABŞ-nin İsrail-Livan təmaslarında iştirakı yeni bir fenomen deyil. ABŞ onsuz da Yaxın Şərqdə əsas söz sahibidir və İsrailin əsas hərbi müttəfiqi kimi regiondakı proseslərə ciddi nəzarət edir. Belə bir şəraitdə Yaxın Şərqdə yeni mərhələnin başlandığını söyləmək hələ tezdir. Regionun yenidən formalaşdırılması üçün ciddi əngəllər mövcuddur. Bu baxımdan İsrail-Livan dialoqunun hazırda proseslərə birbaşa müsbət və ya mənfi təsir göstərdiyini demək çətindir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər