İsrail-Livan xəttində gərginlik davam edir
İsrail və Livan tərəfləri arasında ABŞ vasitəçiliyi ilə görüşün keçirilməsi və müəyyən məsələlərin müzakirə olunması ehtimal edilir.
Bununla bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib:
“Bu görüşün baş tutub-tutmayacağı ilə bağlı müxtəlif fikirlər və ehtimallar mövcuddur. Yaxın günlərdə baş verən hadisələr, xüsusilə atəşkəs məsələsi ətrafında gedən proseslər vəziyyətin qeyri-müəyyən olduğunu göstərir. Atəşkəs razılaşmasından sonra İsrailin Livanı intensiv şəkildə bombalaması nəticəsində yüzdən çox insanın həyatını itirdiyi bildirilir və bu hadisə ölkədə matəm elan olunmasına səbəb olub. Bu cür hadisələr beynəlxalq ictimaiyyət tərəfindən mənfi qarşılanır. Ola bilsin ki, yaranmış gərgin fonu dəyişmək məqsədilə danışıqların keçiriləcəyi ilə bağlı fikirlər irəli sürülür. Digər tərəfdən, danışıqların real şəkildə baş tutması ehtimalı da istisna edilmir. Məlumata görə, İsrail iki əsas məsələdə israrlıdır: birincisi, Livan hökumətindən Hizbullahın fəaliyyətinin məhdudlaşdırılmasını tələb edir. İkincisi isə tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların atılmasıdır. Bununla yanaşı, Hizbullaha qarşı təzyiqlər və İran ilə əlaqələr də vəziyyətə ciddi təsir göstərir. İran rəsmiləri bəyan ediblər ki, əgər İsrail Livana hücumlarını davam etdirərsə, danışıqlar prosesi dayandırıla və atəşkəs məsələsi gündəmdən çıxa bilər. Hətta İranın İsrailə qarşı müəyyən addımlar ata biləcəyi də istisna olunmur. Bu baxımdan, həm mümkün görüşün baş tutması, həm də gərginliyin davam etməsi ilə bağlı ciddi risklər mövcuddur. Yaxın vaxtlarda vəziyyətin nə dərəcədə ciddi olduğu daha aydın şəkildə məlum olacaq. Binyamin Netanyahunun rəsmi açıqlamaları və Livan hökumətinin mövqeyi də proseslərin gələcək inkişafına təsir edəcək əsas amillərdən biridir. Digər tərəfdən, İsrail cəmiyyətində də bu məsələyə münasibət birmənalı deyil: bir qrup Livana qarşı hərbi əməliyyatları dəstəkləsə də, digər qrup müharibəyə qarşı çıxır və etirazların getdikcə artdığı müşahidə olunur. Çünki qarşılıqlı hücumlar regionda təhlükəsizlik vəziyyətini daha da gərginləşdirir və bu da İsrail vətəndaşlarının təhlükəsizliyinə ciddi risk yaradır. Buna görə də, İsrail daxilində rəsmi səviyyədə olmasa da, cəmiyyət arasında bu hücumlara münasibət tam müsbət deyil”.
Güllər Gülhüseynova