İsrail müdafiə naziri Dohaya:Uzun qollarımız hər yerə çatır
“İsrail hər yerdə düşmənlərinə qarşı hərəkətə keçəcək və HƏMAS-ın ölkəmizə hücumunda iştirak edən hər kəs cavab verəcək.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”abildirib ki,həmin zərbədən sonra HƏMAS-ın başında duran şəxs zərbədən sağ çıxıb:
“Verilən məlumatlara görə, o, əvvəlcədən oranı tərk edib və bu barədə ona Türkiyə kəşfiyyatı məlumat verib. Məhz bu səbəbdən o, zərbə altına düşməyib və həlak olmayıb. Yəni əvvəlki kimi İranda və ya başqa bir yerdə deyil, bu dəfə Türkiyə kəşfiyyatının məlumatı sayəsində HƏMAS lideri xilas ola bilib.
Bu isə bəzilərini çox əsəbləşdirir. Onlar Türkiyəyə qarşı tənqidlər yönəldirlər. Amma biz bilirik ki, növbəti zərbə Türkiyəyə olsa, bu, Türkiyə tərəfindən də ciddi reaksiya ilə qarşılanacaq. Bu hadisələrin arxasında ABŞ durur. Uşaq vaxtı bir qonşumuz vardı, çox əsəbi idi və insanları qıcıqlandırırdı. Mən də onun haqqında danışanda onun yerini göstərmək istəyirdim. Amma hər dəfə böyük qardaşı gəlib məni yerimdə oturdurdu. Uşaqlıqdan kimin böyük qardaşı var idi, ona paxıllıq edirdim, çünki mənim yox idi”.
“İndi isə İsrailin arxasında iki “böyük qardaş” – Amerika var. İndiyə qədər nə Türkiyə, nə İran, nə də başqa ölkələr bu səbəbdən İsrailə qarşı ciddi addım ata bilmir, çünki ABŞ-nin təsiri var. Heç kim ona qarşı çıxmır, sadəcə seyr edir. Amma indi İsrail özünü sanki “nüvə dövləti” kimi aparır. ABŞ qeyri-rəsmi şəkildə İsrailə nüvə silahı verdiyi üçün bu üstünlük onlarda var, amma müsəlman ölkələrinin heç birində belə silah yoxdur.
Pakistanda müəyyən imkanlar olsa da, o uzaqdadır. Halbuki, müsəlman ölkələrinə yaxın ərazilərdə heç birində nüvə silahı yoxdur. İsrail isə bu üstünlükdən istifadə edərək, get-gedə daha da azğınlaşır. Artıq özünü uduzmuş, amma hələ də hədə-qorxu gələn tərəf kimi aparır. Amma bu belə davam edə bilməz”.
Həmçinin politoloq bunu da qeyd edib:
“İsrailə qarşı artıq Qərbdə – Avropada və Amerikada da təbliğat başlayıb. Hollivud ulduzları belə İsrailə qarşı etiraz edir. İtaliya isə FİFA və UEFA-ya müraciət edərək, İsrailin bu təşkilatlardan çıxarılmasını istəyib. Bu gərginlik göstərir ki, artıq dünya İsrailin mahiyyətini – yəni bir terror dövlətinə çevrildiyini anlayıb.Təəssüf ki, Azərbaycanda bu anlayış hələ tam oturuşmayıb. Bilmirəm niyə, amma bəziləri İsrailə simpatiya bəsləyir, sevgisini açıq şəkildə göstərir. Halbuki, İsrail əslində mahiyyətcə bir terror dövlətidir. Bu dövlət açıq-aşkar Azərbaycan üçün təbii müttəfiq olan Türkiyəyə qarşı hədə-qorxu gəlir. Sabah Türkiyəyə bir zərbə endirilsə, Azərbaycan nə etməlidir? İsraili dəstəkləyənlər o zaman nə deyəcəklər?Biz, xalq olaraq və dövlət olaraq, bu məsələdə artıq İsrailə qarşı açıq mövqe bildirməliyik. Azərbaycan artıq bəyanat verib ki, Qətərdə baş verən raket hücumu yolverilməzdir. Azərbaycan Qətərin ərazi bütövlüyünü və təhlükəsizliyini dəstəkləyir. Çünki bu gün yaxın müttəfiqin yanında olmazsan, sabah sənə də heç kim dəstək verməz”.
“Əgər bu gün Qətərə raket zərbəsi endirilir və bu pislənmirsə, sabah eyni raketi Rusiya Bakıya endirsə, o zaman nə olacaq? Onda da hamı gözlərini yumacaqmı?
Ona görə də biz açıq şəkildə deməliyik: Bəli, biz səninlə (İsraillə) diplomatik münasibət saxlayırıq, amma bunun da qırmızı cizgiləri var. Bu cizgi – Türkiyədir. Əgər bu qırmızı xətti keçsən, biz qeyd-şərtsiz Türkiyənin yanında olacağıq. Bu halda İsrail, müsəlman dünyasında yeganə dostu olan Azərbaycanı da itirmiş olacaq.
Unutmayaq ki, İsrailin maraqları Azərbaycanla üst-üstə düşmür. Əgər bu cür davam etsə, vəziyyət daha da gərginləşəcək və nəticə etibarilə bu gərginlik İsrailin daxilində “partlayacaq”.İsrail artıq beynəlxalq hüququ tanımadan, istədiyi ölkəyə zərbə endirəcəyini bəyan edir və xüsusilə də müsəlman ölkələrini hədəfə alır. Bu artıq təkcə Fələstinlə deyil, bütün müsəlman dünyası ilə müharibə deməkdir.Azərbaycanda da bu məsələ ilə bağlı həm xalq, həm də dövlət səviyyəsində aydın mövqe bildirilməlidir”.
Cavahir Əsgərbəyli