00:00:00
Yazar
Admin User
04.09.2023 18:00 366 2 dəq oxuma
Dünya

İsrail miqrasiyanın qarşısını almaq üçün tədbirlər görür

İsrail miqrasiyanın qarşısını almaq üçün tədbirlər görür

İsrail İordaniya ilə sərhəddə divar tikməyə hazırlaşır. Bu maneə qeyri-qanuni miqrasiya axınının qarşısını almaq üçün qurulacaq. Eyni zamanda Tel-Əviv İran təhdidinin artması fonunda bu addımı atır.



İsrail İordaniya ilə sərhəddə hasarlar quracaq. Bu barədə İsrailin baş naziri Binyamin Netanyahu məlumat yayıb. Netanyahu bu açıqlamanı Təl-Əvivin cənubundakı iğtişaşlardan sonra verib. Bir neçə gün öncə Eritreyadan olan qaçqınlar Təl-Əvivdə iğtişaşlar törədiblər. Buna səbəb paytaxtda Eritreya səfirliyinin təşkil etdiyi və Afrika ölkəsinin hazırkı prezidentinin hakimiyyətə gəlməsinin 30-cu ildönümünə həsr olunmuş tədbir olub. Münaqişə Eritreya hökumətinin tərəfdarları və əleyhdarları arasında baş verib. Müxalifətçilər tədbirin keçiriləcəyi zalı dağıdıb, mağazalara və avtomobillərə ziyan vurublar. Polis qumbara və gözyaşardıcı qazla iğtişaşları yatırıb. İsrail Xilasetmə Xidmətinin məlumatına görə, toqquşmalarda 160-dan çox etirazçı və 50 polis əməkdaşı yaralanıb. Hadisədən sonra İsrail hökuməti qeyri-qanuni miqrantlarla mübarizə tədbirləri hazırlamaq qərarına gəlib.

İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, Misirlə cənub sərhədində hasarlar qurulub və qanunsuz miqrantların İsrailə girişi dayandırılıb: “Bu, ölkəmizi məhv edə biləcək Afrikadan bir milyondan çox qanunsuz miqrantların ölkəyə girişinin qarşısını aldı. İndi biz İordaniya ilə şərq sərhədində hasarlar quracağıq və o bölgədən də sızmanın qarşısını alacağıq. Sərhədlərimizi qoruyacağıq – ölkəmizi qoruyacağıq”.

Netanyahu əvvəllər də bir neçə dəfə şərq sərhəddi boyunca səddin tikiləcəyini bəyan edib. Şərq hasarı İsrailin suverenliyinə zəmanət verəcək. İsrailin baş naziri onu da vurğulayıb ki, Misirlə sərhəddə hasarlar çəkməklə onun hökuməti ən azı bir milyon qeyri-qanuni miqrantın İsrailə keçməsinin qarşısını ala bilib. Lakin miqrant problemi hələ də həll olunmayıb. Tel-Əviv həm də silah qaçaqmalçılığının qarşısını almaq istəyir. İsrail bu xüsusda İranı ittiham edir. Səlahiyyətlilər iddia edirlər ki, silah qaçaqmalçılığı cəmiyyətdə zorakılığı artırıb. 

İsrail müdafiə naziri Yoav Gallant bildirib ki, Tehran Fələstin terror qruplaşmalarına silah ötürmək cəhdlərini gücləndirib: “Biz İordan çayının qərb sahilində silah transferi cəhdlərində və kəşfiyyat məlumatlarının toplanmasında İranın iştirakının artdığının fərqindəyik. Silah qaçaqmalçılığının qarşısını almaq üçün sərhəddə təhlükəsizlik baryeri quracağıq”.

Baxmayaraq ki, 2018-ci ildə İsrail hökuməti ölkənin cənubu ilə İordaniya arasında 34 km-lik sərhəd hasarının tamamlandığını elan edib, hazırkı layihə bu maneəni şimala doğru uzadacaq. İsrailə Misir sərhəddi boyunca 245 kilometr uzunluğunda hasar tikmək üçün 3 il lazım oldu. Və bu sərhəd Afrikadan ölkəyə miqrantların kütləvi şəkildə daxil olmasını demək olar ki, tamamilə dayandırdı.

 

Aysel

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər