İsrail ordusu Livanın cənubundakı “Hizbullah” hədəflərinə zərbələr endirib
İsrail ordusu 9 dekabr gecəsi Livanın cənubunda yerləşən “Hizbullah”a məxsus hərbi obyektləri hədəfə alıb. Ordunun mətbuat xidməti bildirib ki, zərbələr Radvan xüsusi təyinatlı qüvvələrinin təlim keçdiyi düşərgəyə yönəlib. Məlumata əsasən, bu cür obyektlərin sərhədyanı ərazilərdə yerləşdirilməsi İsrail–Livan arasındakı atəşkəs sazişinin pozulması kimi qiymətləndirilir və İsrail üçün potensial təhlükə yaradır. Hadisə regionda gərginliyin artdığı bir dövrə təsadüf edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Jurnalistika fakültəsinin dekanı, Mətbuat Șurasının sədr müavini, siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, İsrailin endirdiyi zərbələr, xüsusilə sərhəd boyunca hərbi aktivliyin artması fonunda, regionda onsuz da kövrək olan təhlükəsizlik balansını daha da gərginləşdirə bilər:
"Bu, həm BMT, həm də ABŞ, Fransa kimi vasitəçilərin bölgədə hərbi eskalasiyanın qarşısını almaq üçün daha fəal mövqe tutmasına səbəb olacaq. Vasitəçilər xüsusilə Livan–İsrail sərhədində 1701 saylı qətnamənin icrasını yenidən gündəmə gətirə və tərəflər üzərində diplomatik təzyiqləri artıra bilərlər. Gərginliyin yüksəlməsi həm də atəşkəs mexanizmlərinin yenidən işlənməsi ehtiyacını ortaya qoya bilər.
“Hizbullah” Livanda dövlət strukturlarından qismən müstəqil fəaliyyət göstərən silahlı bir təşkilat olduğundan, onun sərhədyanı ərazilərdə hərbi təlim aparması Livan hökumətinin effektiv nəzarət imkanlarının məhdud olduğunu göstərir. Beynəlxalq hüquq baxımından ölkə ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların sərhədyanı bölgələrdə hərbi mövcudluğu dövlətin məsuliyyətini gündəmə gətirir. Bu halda Livan hökuməti BMT qətnamələrinin icrasını təmin etməli olan tərəf kimi vəziyyətə cavabdeh hesab oluna bilər. Lakin ölkənin daxili siyasi reallıqları və “Hizbullah”ın siyasi nüfuzu hökumətin hərbi nəzarət imkanlarını xeyli məhdudlaşdırır.
İsrailin “Hizbullah”ın sərhədyanı ərazilərdə mövqelər yaratmasını və təlim keçməsini atəşkəs sazişinin pozulması kimi qiymətləndirməsi tərəflər arasında yeni diplomatik qarşıdurmanın yaranmasına səbəb ola bilər. Bu, həm ikitərəfli münasibətlərdə əlavə gərginlik formalaşdırır, həm də regional təhlükəsizlik gündəmində Livan–İsrail xəttini yenidən prioritet mövqeyə çıxarır. Belə bir vəziyyət həm sərhəd xəttində yeni toqquşma riskini artırır, həm də beynəlxalq diplomatiyada tərəflərin bir-birinə qarşı ittihamlarını sərtləşdirir".
Aişə Mustafayeva