00:00:00
Yazar
Admin User
03.09.2025 18:13 245 2 dəq oxuma
Siyasət

İsrail ordusu Qəzza şəhərini tam mühasirəyə alıb

İsrail ordusu Qəzza şəhərini tam mühasirəyə alıb

İsrail–Fələstin qarşıdurması uzun illərin münaqişəsidir və hazırda Qəzza zolağında İsrail ilə Həmas arasında davam edir.


Mövzu ilə əlaqədar politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, bu savaşın sona çatması beynəlxalq birliyin nə qədər təsirli mövqe ortaya qoymasından asılıdır:


“Hazırda beynəlxalq ictimaiyyətin tətbiq etdiyi təzyiqlər tərəfləri müharibəni dayandırmağa məcbur edəcək qədər güclü deyil. Nə danışıqlar nəticə verir, nə də tərəflər geri addım atırlar. Müharibənin dayandırılması üçün həm İsraili, həm də Həması, xüsusilə də Qəzza sakinlərini razı sala biləcək ortaq təkliflər ortaya qoyulmalıdır. Amma müharibənin dayanması hələ davamlı sülh demək deyil. Davamlı sülh üçün təkcə Həmas–İsrail savaşı yox, həm də İsrail–Fələstin münaqişəsi həll olunmalıdır. Bunun yolu isə əksəriyyətin dəstəklədiyi iki dövlətli həll modelindən keçir. Yəni həm İsrail Fələstini, həm də Fələstin İsraili dövlət olaraq tanımalı, konkret sərhədlər müəyyənləşdirilməlidir. Yalnız bu halda münaqişənin tamamilə aradan qalxmasından danışmaq olar. Qəzzanın gələcək taleyi barədə dəqiq proqnoz vermək çətindir. Çünki müxtəlif mövqelər mövcuddur. Həmas silahı yalnız İsrailin Qəzza zolağından tamamilə çıxması halında yerə qoya biləcəyini bildirir. İsrail isə əksinə, Həmas tam silahsızlaşdırılmadan və Qəzza idarəsindən imtina etmədən yalnız müəyyən ərazilərdən çəkilə biləcəyini, sərhəd boyunca isə təhlükəsizlik zolağında qalacağını deyir. ABŞ-nin mövqeyinə görə, İsrail çəkildikdən sonra Qəzza müvəqqəti olaraq ABŞ-nin nəzarətinə verilə bilər. Lakin ABŞ bunun yalnız əhalinin digər ölkələrə köçürülməsi şərti ilə mümkün olacağını bildirir. Bu isə həm beynəlxalq hüququn pozulmasıdır, həm də Qəzzalıların öz yurdlarını tərk etmək istəməməsi səbəbindən yeni qarşıdurmalara yol aça bilər. Ətraf ölkələr də Qəzza sakinlərinin öz ərazilərinə köçürülməsinə müsbət yanaşmırlar. Buna görə də Qəzzanın taleyi müəmmalı və gərgin olaraq qalır”.


Ekspertin sözlərinə görə, ölkələrin məsələyə yanaşmaları fərqlidir:


“Uzun illər Fələstini dövlət kimi tanımaqdan imtina edən bəzi Qərb ölkələri artıq rəsmi tanımağa hazır olduqlarını açıqlayıblar. Fransa, Böyük Britaniya, Hollandiya, Belçika və digərləri bu mövqeyi dəstəkləyir. ABŞ isə ənənəvi olaraq İsrailin mövqeyini müdafiə edir və BMT Təhlükəsizlik Şurasında Fələstini dəstəkləyən təşəbbüsləri bloklayır. Bu isə Qərb daxilində fikir ayrılığı yaradır. Avropa İttifaqının əksər ölkələri BMT-nin dəstəklədiyi iki dövlətli həll modelini qəbul edir və Fələstinin tanınmasını vacib sayır. Türkiyə və bir çox müsəlman ölkələri də bu mövqeni müdafiə edir. ABŞ isə Qəzzaya nəzarəti öz üzərinə götürmək və bununla müharibəni dayandırmaq istəyir. Lakin bu variant nə ərəb ölkələri, nə də beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur”.

 

Nuray Ədilzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər