İsrail ordusu Qəzza zolağına üçüncü dəfə hücum edib
İsrail ordusu cümə axşamı gecəsi Qəzza zolağına ardıcıl üçüncü dəfə hücum həyata keçirib. Fələstin Muxtariyyətinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, hücum nəticəsində iki nəfər həlak olub.
Məlumata əsasən, fələstinlilərdən biri İsrailin artilleriya atəşi nəticəsində, digəri isə İsrail qüvvələri tərəfindən açılan atəşlə öldürülüb. Bundan əlavə, daha bir fələstinli əvvəlki hücum zamanı aldığı yaralardan dünyasını dəyişib.
İsrail ordusu məsələ ilə bağlı Reuters agentliyinin sorğusuna dərhal cavab verməyib.
Xatırladaq ki, ABŞ vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşması üç həftə əvvəl qüvvəyə minmişdi. Lakin HƏMAS-ın silahsızlaşdırılması və İsrailin Qəzzadan çıxması kimi məsələlər hələ də açıq qalır. Atəşkəs dövründə də ara-sıra zorakılıq halları müşahidə olunur.
Çərşənbə axşamı və çərşənbə günləri ərzində İsrail bir əsgərinin ölümünə cavab olaraq hava zərbələri endirib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, bu hücumlarda qadın və uşaqlar da daxil olmaqla 104 nəfər həlak olub.
Bu arada, İsrail ordusu atəşkəs razılaşması çərçivəsində HƏMAS tərəfindən geri qaytarılan son girovların şəxsiyyətini təsdiqləyib. İDF (İsrail Müdafiə Qüvvələri) “X” sosial platformasında yayımladığı məlumatda bildirir ki, girovlardan Amiram Kuper 84, Sahar Barux isə 25 yaşında olub.
Hər iki şəxsin diri halda girov götürüldüyü, lakin əsirlikdə öldürüldüyü qeyd olunur. Onların meyitləri ailələrinə dəfn üçün təhvil verilib.
Hazırda HƏMAS-ın nəzarətində 11 girovun cəsədi qalır. Onlardan biri 2014-cü ildə Qəzzada döyüşlər zamanı həlak olmuş İsrail əsgəridir. Girovlardan doqquzu israilli, biri tanzaniyalı, biri isə tailandlıdır.
ANEWZ
Güllər Gülhüseynova