İsrail ordusu Qəzzada əməliyyat keçirib: 11 HƏMAS yaraqlısı öldürülüb
İsrail ordusu və ŞABAK-ın birgə əməliyyatı nəticəsində Qəzzanın şimalındakı Beyt-Hanunda yerləşən tunellərdə azı 11 HƏMAS yaraqlısı məhv edilib. Rəsmi açıqlamaya görə, əməliyyat zamanı hərəkatın infrastrukturu dağıdılıb və ölənlər arasında səhra komandirləri də var. Əməliyyat keçən həftədən başlayaraq aparılıb.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərqdə İsrail dövləti yaranandan bu günə kimi gərginlik davam etməkdədir. İsrailin məqsədi nədir?
“Ümumdünya yəhudi lobbisinin bir proqramı var – Yaxın Şərqdə böyük yəhudi dövləti yaratmaq. İsrail dövləti də məhz bu baxımdan yaradılıb ki, “Böyük Yəhudi” dövləti qurulsun. Zaman-zaman İsrail dövləti müxtəlif adlarla – terror, özünümüdafiə adı altında – ərazisini genişləndirir. İsrailin məqsədi bölgədə “Böyük Yəhudi” dövlətini yaratmaqdır. Fələstin dövləti yaradılsa belə, İsrail dayanmayacaq və açıq şəkildə bildirir ki, Fələstin dövlətini tanımayacaq, ümumiyyətlə, Fələstin xalqının bölgədən deportasiyasını həyata keçirəcək. İstər Qəzza olsun, istər də Fələstinin digər bölgələri – İsrail dövləti bu torpaqları zaman-zaman işğal edib və əhalini oradan deportasiya edib. İsrail dövləti təkcə fələstinlilərlə kifayətlənmir, Suriyada, Liviyada – ümumiyyətlə, bütün bölgədə altı dövlətlə problem yaradıb. Bu dövlətlərin hər birinin ərazisini müxtəlif bəhanələrlə vurub və imkan daxilində həmin torpaqları öz nəzarətinə götürüb. Ümumilikdə İsrail dövlətinin bölgədə apardığı siyasət insanlıq əleyhinə bir siyasətdir. Kütləvi şəkildə əhalinin qırılması məqsədli şəkildə həyata keçirilir. Çünki İsrailin indiki baş naziri əlinə bir kağız alaraq müqəddəs torpaqları geri qaytaracağını bəyan edir. Açıq şəkildə bu fikirlərlə “Böyük İsrail” dövlətini yaratmaq iddiasını ortaya qoyur. Buna görə İsrailin indiki siyasi hakimiyyəti üçün insan haqları, mülki əhali heç bir əhəmiyyət daşımır. Kütləvi şəkildə əhalini qətlə yetirərək istər Qəzzada, istər də Fələstinin digər bölgələrində deportasiya aparmaq istəyir ki, həmin torpaqları öz nəzarətinə keçirsin”.
Politoloqun sözlərinə görə, Fələstinin, o cümlədən HƏMAS-ın bəyanatları nə İsrail, nə də beynəlxalq ictimaiyyət üçün ciddi əhəmiyyət kəsb etmir:
“Fikir verirsinizsə, İsrailin apardığı siyasətə qarşı ayrı-ayrı dövlətlər etiraz etdikdə, ümumdünya yəhudi lobbisi həmin dövlətlərdə problem yaradır. İstər sosial vəziyyət, istər maliyyə böhranı yaratmaqla həmin dövlətlərə təzyiq edir. Ümumiyyətlə, İsrailin arxasında bir mənalı şəkildə ABŞ dayanır. Çünki ABŞ-ın indiki prezidenti Trampın hakimiyyətə gəlməsində ümumdünya yəhudi lobbisinin xüsusi xidmətləri olub. Həm maliyyə, həm də siyasi baxımdan Trampa dəstək verib. Trampın yəhudilər qarşısında mənəvi öhdəliyi var və onu da həyata keçirməkdədir. Hər hansı dövlətdən İsrailə qarşı təzyiqlər gələrsə, ABŞ dərhal mövqeyini bildirərək İsraili müdafiə edir. Fikir verirsinizsə, İsrailin apardığı bu siyasət başqa bir dövlət olsaydı, həmin dövlətə qarşı daha aqressiv davranışlar göstərilərdi. Bu gün Tramp isə sözdə guya İsraili sakitləşdirmək bəyanatı verir, əməldə isə İsraili bütün vasitələrlə dəstəkləyir. Ümumilikdə İsrailin apardığı bu siyasət insanlıq əleyhinə siyasətdir. İsrail təkcə Fələstin və HƏMAS-a deyil, Qəzzadakı insanlara, Suriya, Livan və digər bölgələrə qarşı da aqressiyasını göstərməkdədir. Diqqət yetirirsinizsə, zaman-zaman Suriyanın torpaqlarını işğal edərək “bufer zona” adı altında olan yüksəklikləri ələ keçirib və orada möhkəmlənməkdədir. Beynəlxalq ictimaiyyətin, BMT qətnamələrinin olmasına baxmayaraq, İsrail dövləti buna məhəl qoymur. Ümumilikdə İsrail dövləti dünyada hegemonluq siyasəti yeridir. Xəritədə kiçik olsa da, dünya siyasətində ümumdünya yəhudi lobbisi İsrail dövlətinə bütün vasitələrlə dəstək verir. Bu baxımdan İsrailin baş naziri aqressiv hərəkətlərini davam etdirməkdədir. Ona görə də İsrailin atdığı hər bir addım istər beynəlxalq hüquq normalarına, istərsə də insanlığa qarşı cinayətdir. Yəni İsrail dövləti və onun siyasi hakimiyyəti insanlıq əleyhinə cinayət törədir”.
Mələk Hüseynova