İsrailə qarşı birgə addım...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefonla danışıb. Tərəflər İsrailin Dohada HƏMAS nümayəndələrinə hücumunu, Qətərin suverenliyinin pozulmasını və buna cavab olaraq atılacaq birgə addımları müzakirə ediblər. Ərdoğan hücumu pisləyib, Qətərə dəstəyini ifadə edib və Qəzzada insan itkilərinə son qoymaq üçün birgə əməkdaşlıq razılığına gəlinib.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin bölgə dövlətlərinə hücum etməsinin arxasında, ilk növbədə, savaş coğrafiyasını genişləndirmək və bölgəni ümumilikdə gərginliyə sürükləmək məqsədi dayanır:
“Təbii ki, bunun da əsas səbəbləri var. Çünki İsrail hökuməti artıq ciddi problemlərlə üz-üzədir — istər ölkə daxilində, istərsə də xarici təzyiqlər baxımından bunu söyləmək mümkündür. Bu isə onu deməyə əsas verir ki, İsrail hökumətinin hakimiyyətdə qalmaq şansları sürətlə tükənir. Buna görə də Netanyahunun çalışdığı əsas məsələ bölgədə savaş coğrafiyasını genişləndirmək və Birləşmiş Ştatları prosesə cəlb etməklə daxili problemləri arxa plana keçirməkdir. Beləliklə, siyasi hakimiyyətin ömrünü uzatmaq hədəflənir.
Bu baxımdan, Qəzzada aparılan hərbi əməliyyatlar İsrail hökuməti üçün utancverici bir mənzərə ortaya qoyub. İsrail dövləti üçün, həm Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı verilməsi, həm də İsrail dövlətinin soyqırımı cinayətləri üzrə mühakimə olunması perspektivinin yaranması, təbii ki, ciddi problemlər yaradır. Qəzzadakı əməliyyatların hansı nəticələrə nail olması məsələsi də ölkə daxilində ictimai rəyin əsas diqqət mərkəzindədir”.
Siyasi şərhçi qeyd edib ki, lakin Netanyahunun hökuməti Qəzzada hədəflərinə nail ola bilməyib:
“HƏMAS-ın tamamilə aradan qaldırılması mümkün olmayıb və ictimaiyyət qarşısında bununla bağlı tutarlı arqumentlər də təqdim edilə bilmir. Buna görə də İsrail hökuməti HƏMAS-ın siyasi qanadının üzvlərini müxtəlif ölkələrdə aradan götürməklə bunu HƏMAS-ın ləğvinə doğru uğurlu addım kimi təqdim etməyə çalışır. Halbuki HƏMAS rəhbərliyinin qətli bu təşkilatın tamamilə aradan qaldırılması demək deyil.
Çünki HƏMAS ideoloji təşkilatdır və ideoloji təşkilatlarda rəhbər şəxslər həlledici faktor rolunu oynamır. Bu baxımdan, indiyədək HƏMAS rəhbərliyində olan şəxslərin aradan götürülməsi ilə təşkilatın tamamilə ləğvi istiqamətində heç bir ciddi nəticə əldə edilməyib. Amma hökumət, təbii ki, bunu ictimaiyyətə müəyyən formada uğur kimi təqdim etməyə çalışır”.
Əli Zülfüqaroğlu son olaraq açıqlamasına əlavə edib ki, digər tərəfdən, məlumdur ki, Qətər indiyədək HƏMAS ilə İsrail arasında vasitəçi ölkə kimi çıxış edib:
“Danışıqlar prosesinin əsas mərkəzi də məhz Qətər olub. İsrailin Qətərə hücumu, əslində, danışıqlar prosesinin perspektivinə ciddi zərbə vurmaq anlamına gəlir. Dolayısı ilə İsrail həm də ABŞ-yə mesaj verir ki, savaşın alternativi yoxdur və HƏMAS-ın tamamilə aradan götürülməsi, ləğvi İsrail üçün prioritet təşkil edir.Təbii ki, bu, İsrail hökuməti üçün heç bir müsbət perspektiv vəd etmir. Əksinə, hökumətin hakimiyyətdə qalmaq şansı getdikcə daha da azalır”.
Ləman Mahmudlu