İsrail Səmada husilərə hava zərbələri endirib
İsrail Ordusu Yəmənin paytaxtı Sənada husilərin hədəflərinə hava zərbələri endirib. Məlumata görə, husilərin lideri əl-Husinin qərargahı tamamilə dağıdılıb. Əməliyyat planlarına raket bazaları və yüksək rütbəli husi məmurlarının məhv edilməsi də daxildir.
Bu məsələ ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, HƏMAS, Hizbullah və digər İran dəstəkliləri İsrail şəhərlərinə və obyektlərinə raket hücumları həyata keçiriblər:
" İsrailin “xüsusilərə” (proksi qüvvələrə) zərbə endirməsi yeni bir məsələ deyil. Bildiyiniz kimi, xüsusilə İranın Yaxın Şərqdəki əsas proksi qüvvələrindən biri HƏMAS və Hizbullah olub. 2023-cü ilin 7 oktyabrında başlayan müharibədən sonra bu qüvvələr – HƏMAS, Hizbullah və digər İran dəstəkliləri İsrail şəhərlərinə və obyektlərinə raket hücumları həyata keçiriblər. Məhz bu səbəbdən İsrail preventiv tədbirlər görərək əks-zərbələr endirir.
Ümumiyyətlə, İsrailin dövlət strategiyası ondan ibarətdir ki, düşməni qabaqlayıcı zərbələrlə zəiflədib öz məqsədlərinə nail olsun. Bu baxımdan İsrail, Yaxın və Orta Şərqdə ən böyük düşməni hesab etdiyi İranı zəiflətmək üçün ardıcıl addımlar atır: əvvəlcə HƏMAS və Hizbullaha ağır zərbələr vurdu, indi isə xüsusiləri (İranın digər silahlı dəstələrini) hədəf alır. Məqsəd – İranın proksi qüvvələrini zəiflətmək, İsrailə qarşı olan təhdidləri azaltmaq və öz regional siyasətini həyata keçirməkdir.
Bu zərbələrin İran–İsrail münasibətlərinə təsirinə gəldikdə isə, məlumdur ki, iki ölkə uzun illərdir düşmən mövqeyindədir. İran İsrailin hücumlarını dayandıra bilmək gücündə deyil və yaxın perspektivdə də münasibətlərdə hansısa ciddi dəyişikliyin baş verəcəyi gözlənilmir.
Digər mühüm məsələ isə Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə imzaladığı əməkdaşlıq və iqtisadi tərəfdaşlıq sazişidir. Son illər Azərbaycanın xarici siyasətində Yaxın Şərq, xüsusilə də Körfəz ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən biri kimi seçilir. Həm Səudiyyə Ərəbistanı, həm Qətər, həm də BƏƏ ilə münasibətlərimiz sürətlə genişlənir. Hazırda BƏƏ ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində işlər aparılır.
BƏƏ-nin böyük enerji şirkətləri, o cümlədən “Mastar” işğaldan azad edilmiş ərazilərdə və Azərbaycanın digər bölgələrində enerji layihələri həyata keçirir. Bu ölkə dünyanın ən böyük investor dövlətlərindən biri kimi tanınır və Güney Qafqaz regionunda da maraqlı tərəfdaş qismində çıxış edir. Hesab edirəm ki, imzalanan bu saziş gələcəkdə Azərbaycana daha çox investisiyaların cəlb olunmasına gətirib çıxaracaq və tərəflər arasında münasibətləri daha da möhkəmləndirəcək".
Xədicə Məhərrəmli