İsrail Sənaya zərbə endirib
İsrail Müdafiə Ordusu (IDF) Yəmənin paytaxtı Sənaya hava hücumu həyata keçirib. İlkin məlumatlara görə, zərbələr şəhərin müxtəlif obyektlərini hədəf alıb. Hücumun səbəbləri və mümkün itkilərlə bağlı dəqiq məlumat açıqlanmayıb.
Məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Son vaxtlar Orta Şərqdə baş verən hadisələr, təbii ki, regionda gərginliyin davam etməsi dünya dövlətlərini ciddi şəkildə narahat edir:
"Eyni zamanda bu proseslər Amerikanın bir çox böyük planlarına, strateji hədəflərinə də birbaşa təsir göstərir. Hələ də "Böyük Amerika" qurmaq iddiasına rəğmən ABŞ dünyanın aparıcı dövləti, super gücü olaraq qlobal proseslərdə müəyyən məsuliyyət daşıyan bir ölkə hesab olunur. Ona görə də İsrailin Yaxın Şərqdəki fəaliyyəti və siyasəti ABŞ-nin planlarına, missiyasına və strateji hədəflərinə ciddi təsir edir. Məsələn, Qətərə edilən hücum artıq ərəb ölkələri ilə İsrail arasında ciddi narahatlıq yaradıb. Ümumiyyətlə, müsəlman ölkələrinin İsrailə münasibəti getdikcə soyuyur və bu da ABŞ-nin bölgə ilə bağlı planlarını zədələyir. Yəqin ki, ABŞ bu məsələləri Netanyahu hökumətinin diqqətinə çatdırır. Amma görünən odur ki, hələlik Netanyahu bütün məsələlərdə ABŞ-nin mövqeyini nəzərə almır, daha müstəqil davranır. Bu isə, xüsusilə ərəb dünyası ilə bağlı ABŞ-nin strategiyası üçün müəyyən risklər yaradır".
Ekspert həmçinin bunu da qeyd edib ki, beynəlxalq təşkilatlara, xüsusilə BMT-yə gəldikdə isə, təəssüf ki, onların mövqeyi hələ də fəal və ciddi deyil:
"Doğrudur, bir sıra Avropa ölkələri – Fransa, Böyük Britaniya, Hollandiya, həmçinin Türkiyə və hətta Rusiya məsələyə daha açıq və qətiyyətli reaksiya göstəriblər. Amma BMT və digər beynəlxalq qurumların bu istiqamətdə ciddi addımlar atdığını görmürük. Halbuki, bu təşkilatlar öz səlahiyyətləri və missiyalarına uyğun olaraq sülhü, təhlükəsizliyi təhdid edən məsələlərə vaxtında reaksiya verməli, addımlar atmalıdırlar. Hazırda BMT və digər beynəlxalq qurumların passiv davranışı müşahidə olunur. Amma bir çox region dövlətləri, xüsusilə Avropa ölkələri, artıq İsrailin hücumlarına açıq şəkildə etirazlarını bildirir və bunu müxtəlif formalarda nümayiş etdirirlər. Bununla yanaşı, yeni yaranan vəziyyət bölgədəki siyasi konfiqurasiyanı da müəyyən qədər dəyişir. İndiyədək ABŞ-lə koordinasiyalı fəaliyyət göstərən müsəlman ölkələri indi daha çox avtonom şəkildə bu problemləri müzakirə edir və öz mövqelərini sərgiləyirlər. Mən düşünürəm ki, hazırda Yaxın Şərqdə baş verən hadisələr yeni dünya düzəninin formalaşmasına sürətləndirici katalizator rolunu oynayan mühüm faktora çevrilməkdədir".
Güllər Gülhüseynova