İsrail üçün bir nömrəli təhlükə indi Türkiyədir — keçmiş ABŞ kəşfiyyatçısı
Keçmiş ABŞ kəşfiyyatçısı Skott Ritter bildirib ki, İsrail indi əsas təhlükə kimi İrandan yox, Türkiyədən danışır. Onun sözlərinə görə, İsrail Suriyada bufer zona yaradaraq Türkiyə ilə birbaşa münaqişədən qaçmağa çalışır. İsrailin Suriyada istədiyi məkanları bombardman etməsi və Türkiyənin sərhəddə mövcudluğu iki ölkə arasında toqquşma riskini artırır. Ritter iddia edir ki, yüksək rütbəli israilli rəsmilər də son vaxtlar Türkiyəni “bir nömrəli təhlükə” adlandırıblar.
Mövzu ilə bağlı politoloq Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailə imkan verilsə, o, bütövlükdə Suriyanı bufer zonasına çevirmək istəyər:
“Amma qardaş Türkiyə buna icazə verərmi? Suriya xalqı və hakimiyyəti belə bir bufer zonanın yaradılmasını istəyirmi? Əlbəttə ki, xeyr — nə Türkiyə, nə də Suriya buna icazə verər. Ümumiyyətlə, həm Türkiyənin, həm də Suriyanın mövqeyi bundan ibarətdir ki, İsrail Suriya ərazisində heç bir şəkildə mövcud olmamalıdır. Yəni İsrail ümumiyyətlə Suriyaya təsir göstərə bilməz. Amma İsrail bunun əvəzinə Suriya ərazisində bufer zona yaradılmasını düşünür. Bu zonanın məqsədləri əlbəttə ki, bəllidir: Suriyanın cənubundan İraqa doğru bir dəhliz açmaq istəyir. Bu dəhliz vasitəsilə İraq Kürdüstanındakı öz nəzarətində olan PKK qalıqları vasitəsilə Türkiyəni nəzarət altına almaq və ya təsir etmək niyyətindədir. Suriyanın həmin sərhəd hissəsini — İordaniya və İraqla sərhədləri boyunca — nəzarətdə saxlamaq istəyir”.
Politoloqun sözlərinə görə, ABŞ birmənalı şəkildə İsrailin yanında olsa da, ABŞ Türkiyə ilə münasibətlərini tamamilə kəsmək gücündə deyil:
“Yəni bir növ ABŞ odla-su arasında qalır. Amma bütün bunlarla bərabər, qardaş Türkiyə möhkəm dayandığı üçün ABŞ İsrail–Türkiyə arasında seçim zamanı birmənalı şəkildə İsrail tərəfini dəstəkləyə bilmir. İran isə hələ ki əvvəlki qədər aktiv deyil. Məsələn, hazırda İsrail HƏMAS-ı məğlub etməklə məşğuldur. Əvvəllər İsrail belə addımlar atanda İranın səsi yeri-göyü götürürdü, amma indi İran bu məsələlərdə o qədər də aktiv deyil. Görünür ki, İran rejimi anlayıb ki, əgər daha çox müdaxilə etsə, bu ilin yayında baş verən 12 günlük qarşıdurmanın daha geniş davamı baş verə bilər. Belə ki, İsrail Tehrana qarşı strateji zərbələr endirmiş, bəzi alimləri və hərbi komandanları hədəf alıb.İndi İran başa düşür ki, İsraillə münaqişəyə girmək çox risklidir. Lakin hədd aşılacağı təqdirdə İsrail lazımi addımı atacaq”.
Mələk Hüseynova