İsrail və Suriya arasında sülh sazişi imzalanır?
İsrail və Suriya arasında sentyabrın 25-də ABŞ-nin vasitəçiliyi ilə təhlükəsizlik sazişi imzalana bilər. Məlumata görə, saziş Suriya Prezidenti Əhməd əş-Şaranın BMT Baş Assambleyasında ilk çıxışını etməsindən bir gün sonra imzalanacaq.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail və Suriya arasında sülh sazişinin imzalanması Yaxın Şərqdə uzun illərdir mövcud olan güc balansına ciddi təsir göstərə bilər:
“Belə bir razılaşma, xüsusilə də ABŞ-nin vasitəçiliyi ilə baş tutarsa, regionda yeni diplomatik konfiqurasiyanın formalaşmasına gətirib çıxarar. Suriyanın İsraillə münasibətləri normallaşdırması ərəb dünyasında domino effekti yarada və digər ölkələrin də münasibətlərini yumşaltmasına zəmin hazırlaya bilər. Bu halda İsrailin ərəb ölkələri ilə diplomatik əlaqələri daha geniş vüsət alar və regiondakı təcrid siyasəti zəifləyər. Digər tərəfdən, bu proses İran və onun bölgədəki əsas müttəfiqləri üçün arzuolunmaz ssenari sayılır. İran, uzun illər Suriyanı özünün strateji tərəfdaşı və İsrailə qarşı ön cəbhəsi kimi görüb. Sazişin imzalanması, Tehranın təsir imkanlarını daralda və Hizbullah kimi qrupların mövqelərini zəiflədə bilər. Bu isə həm İsrailin təhlükəsizlik mühitini daha da möhkəmləndirər, həm də İranın regiondakı güc balansında geriləməsinə səbəb olar. Beləliklə, saziş təkcə iki ölkə arasındakı münasibətləri dəyişməyəcək, eyni zamanda Yaxın Şərqin ümumi siyasi arxitekturasına təsir göstərəcək”.
Aysel Mirzəyeva