İsrailin Dohaya hücumu qəbuledilməzdir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə söhbətində bildirib ki, İsrailin Dohaya endirdiyi zərbə qəbuledilməzdir və dost Qətərin suverenliyinin pozulmasıdır.
Lavrov Rusiyanın Qətər rəhbərliyi və xalqı ilə həmrəy olduğunu qeyd edib:
“Ölən Qətər vətəndaşlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalması diləyirəm”.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin bu hücumu bütün dünyanı narahat edir:
“İsrailin Dohaya hücumu təkcə bölgəni deyil, bütün dünyanı narahat edir. İsrail bu tip hücumlarla Yaxın Şərqdə yeni böhran, siyasi katastrofun təməlini qoymuş olur. ABŞ-nin də bu hücuma şərait yaratması siyasi gərginliyi daha da artırır. Qətər müəyyən mənada neytrallıq göstərən, danışıqlara vasitəçilik edən dövlətdir. Amma İsrail bu hücumu etməzdən əvvəl danışıqlar aparılıb, HƏMAS-ın Dohadakı nümayəndə heyəti toplaşaraq sülh prosesini müzakirə etmək istəyiblər. Görünür, İsrailin məqsədi sülhə getmək deyil, bu adla HƏMAS liderlərini bir yerə toplamaq olub. Nəticədə onları vurublar. Bir qədər əvvəl Hizbullah liderini də bu cür tələyə salmışdılar. İsrailin məqsədi sülhə və atəşkəsə nail olmaq deyil. İsrail daha böyük müharibə istəyir. Elə bir müharibə ki, nəticədə Suriya, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Livan və Fələstinin tamamını ələ keçirsin. İdeoloji məram "böyük İsrail" yaratmaq, "vəd edilmiş torpaqlar"ı əldə etməkdirsə, artıq başqa mövzular detallardır. Əslində HƏMAS-ı susdurmaq İsrailin əlində çox asandır. Amma o, bunu etmir. Çünki HƏMAS ona işğal və soyqırımı üçün münbit zəmin, şərait yaradır, dəstəvuz verir. Həmçinin əsirləri da bilərək azad etmək istəmir. İranda ordu generallarını yatdığı yerdə, evinin pəncərəsindən raketlə, dronla vuran İsrail məgər düz burnunun ucundakı HƏMAS üzvlərini guya susdura bilmir. Bu, çox gülünc görüntüdür. Şəhəri bombalayıb, alt-üst edib, əhalini köçürür, yeni torpaqlar zəbt edir. Ümumiyyətlə, bu müharibənin hələ iki il sürəcəyi ehtimalı var. HƏMAS bitsə belə, onun yerinə daha radikal və sərt qruplaşmalar gələcək. İsrail problemin kökünü həll etmək istəmir, detallarla məşğuldur. Fələstin dövləti qurulmayınca Yaxın Şərqdə qan durmayacaq. İsrail Suriyada Türkiyəyə məxsus hərbi nöqtələri də vurub. Yəməni də bombalayıb. Bu reallıq dünya müharibəsinə təhrikdir. Rusiyanın Qətərə dəstəyi sözdədir və əməli cəhətdən heç bir əhəmiyyəti yoxdur. Vaxtilə Səddam Hüseyni də eyni qaydada dəstəkləmişdilər. ABŞ-nin hücumları başlayan zaman isə Rusiya Səddamın telefon zənglərinə cavab vermədi. İsrailin Qətərə hücumu əslində danışıqlara, sülhə, atəşkəsə hücumdur. Bir tərəfdən sanki atəşkəs danışıqlarına getmək istəyirlər, HƏMAS liderləri də Dohada müəyyən məkana toplaşır ki, sülhü müzakirə etsinlər, bu zaman İsrail onları vurub öldürür. Demək Qətərin İsrail ilə münasibətləri korlanacaq”.
Politoloq qeyd edib ki, İsrail tədricən Türkiyəyə yaxınlaşır:
“Yekun məqsədlə İsrail Türkiyəni savaşa çəkməkdə maraqlıdır. Tədricən Türkiyəyə yaxınlaşır. Əgər konkret məqsəd müharibə və işğaldırsa demək bu problemi yalnız müharibə həll edə bilər. Çox ehtimal ki, Türkiyənin də iştirak etdiyi böyük müharibə ən geci iki ilə qədər baş verəcək. Bu qədər kök atmış, dərinlərə getmiş qlobal münaqişənin artıq sülh və danışıqlarla həlli mümkün görünmür. Müharibə üçün də balans düzgün olmalıdır. ABŞ-nin İsrailin birmənalı dəstəkçisi olduğunu nəzərə alsaq, bu savaşın risklərinin də böyük olduğunu qəbul etməliyik. Amma İsrailin ideoloji cəhətdən planları və dövlət siyasəti də müharibədən başqa yol qoymadığını düşünsək, ən nəhayət böyük müharibənin olacağına şübhə etməməliyik. İsrailin bir qədər sonra ərəb dövlətləri ilə münasibətləri də korlanacaq. Hələ ki, müəyyən maddi maraqlar bunun qarşısını alır. Yəmən strateji ərazidə yerləşir və İsrailə təsirli zərbələr vurur. Yəmən qüvvələrinin dirənişi ilə üzləşən İsrail Yaxın Şərqdə müharibə vəziyyətini qorumağa məcburdur. Belə olduğu halda iqtisadi böhrana da qapı açılmış olur”.
Lalə Qurbanlı