00:00:00
Yazar
Admin User
24.07.2025 11:18 286 4 dəq oxuma
Siyasət

İstanbulda diplomatik təmas: Ukrayna-Rusiya liderləri görüşə bilər

İstanbulda diplomatik təmas: Ukrayna-Rusiya liderləri görüşə bilər

Rus işğalçı qüvvələri artıq yay hücumlarına başlayıb.

Bu sözləri hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Aleksey Getman deyib.

O qeyd edib ki, düşmən heç bir şəkildə aktivləşə bilmədiyi ərazilərdə aktivləşir. Onun sözlərinə görə, Ukrayna prezidentinin də danışdığı cəbhənin bir neçə bölməsinə zərbələr gözlənilir:

 

"Ali Baş Komandan bu barədə bildirdi ki, biz şimal-cənub Slobojanski istiqamətini, ola bilsin ki, cənub istiqamətini - Zaporojye və Xersonu gözləyirik və açıq-aydın bu, Kupyansk-Limanski istiqamətidir. Şərq cəbhəsi isə - Pokrovsk, Toretsk, Konstantinovskidir”.

 

Getman əlavə edib ki, hücuma hazırlaşan istənilən ordu az da olsa, irəliləyir. Onun sözlərinə görə, söhbət yalnız bu irəliləyişin dərinliyindən və itkilərdən gedir:

 

Tarixdə elə bir hal olmayıb ki, hazırlıq görən ordu hücum əməliyyatlarına başlayıb və irəli getməsin”.

 

Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, artıq üç ildən çoxdur ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə davam edir:

 

"Bu münaqişədə, başda Birləşmiş Ştatlar olmaqla NATO bloku və ümumilikdə 50-dən artıq dövlət Rusiyaya qarşı vahid mövqedən çıxış edir. Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20–25 faizinə nəzarət edir və cəbhə xətti Ukraynanın dərinliklərinə doğru genişlənməkdədir. Rusiya yeni əraziləri, o cümlədən yaşayış məntəqələrini nəzarət altına almağa çalışır.

 

Ümumilikdə, cəbhə xəttinin uzunluğu 1000 kilometrdən artıqdır. Bu qədər geniş sahədə qarşılıqlı kəşfiyyat məlumatlarına əsaslanaraq hər iki tərəf müəyyən istiqamətlərdə zəif nöqtələri müəyyən edir və həmin bölgələrdə hərbi əməliyyatlar daha intensiv şəkildə həyata keçirilir. Bu, klassik hərbi taktikalardan biridir.

 

Xüsusilə yay mövsümündə münaqişə daha da aktiv fazaya keçir. Bunun səbəbi, hava şəraitinin texnikaların hərəkəti üçün əlverişli olmasıdır. Əksinə, yaz və qış aylarında bataqlıq və hava şəraiti texniki irəliləyişə maneə yaradır.

 

Siyasi baxımdan isə Rusiya münaqişədə prinsipial mövqe nümayiş etdirir. Moskva bəyan edir ki, onun şərtləri qəbul edilmədən münaqişəyə son qoyulması mümkün deyil. Bu qarşıdurmanı sadəcə Rusiya-Ukrayna savaşı kimi təqdim etmək məsələni sadələşdirmək olardı. Əslində, bu münaqişə daha genişmiqyaslı – NATO ilə Rusiya arasında gedən geosiyasi toqquşmadır və Ukrayna sadəcə bu münaqişənin döyüş meydanına çevrilib.

 

Qərb, xüsusilə də Birləşmiş Ştatlar, Rusiyanı siyasi və iqtisadi baxımdan təcrid etməyə, onu zəiflətməyə və təsir dairəsindən çıxarmağa çalışır. Rusiya isə bu təzyiqlərə qarşı sərt cavab verir və hazırkı mərhələdə münaqişədə təşəbbüsü əlində saxladığını iddia edir.

 

Ukrayna rəhbərliyi isə Qərbin dəstəyi ilə fəaliyyət göstərir. Rusiya rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenskinin qərarlarını Ukrayna xalqının deyil, Qərbin maraqlarını əsas götürərək verdiyini bildirirlər. Bu yanaşmaya görə, münaqişənin yaranmasında Zelenskinin siyasi kursunun da rolu olduğu qeyd edilir.

 

Hazırda münaqişənin diplomatik yolla həlli üçün əsas şərt kimi Rusiya öz tələblərinin qəbulunu önə çəkir. Lakin Qərb ölkələri və Birləşmiş Ştatlar bu tələbləri qəbul etməyə hazır görünmür. Nəticə etibarilə münaqişənin daha da uzanması ehtimal olunur.

 

Zelenski hökuməti həm maddi, həm də hərbi baxımdan dəstəklənir. Bu isə münaqişənin uzunmüddətli bir mərhələyə keçməsinə səbəb olur. Rusiya isə geri çəkilmək niyyətində deyil və hazırda faktiki olaraq yeni ərazilərdə irəliləyiş nümayiş etdirir.

 

Ukrayna isə hərbi və siyasi baxımdan ciddi çətinliklərlə üzləşir. Rusiya əldə etdiyi mövqeləri saxlamaqla yanaşı, yeni hücum istiqamətləri müəyyən edir. Münaqişənin davam etdiyi cəbhə xətti boyunca intensiv döyüşlər gedir. Ukrayna qüvvələri müəyyən müqavimət göstərsə də, hər gün bəzi yaşayış məntəqələrini itirdiyi müşahidə olunur.

 

Münaqişənin nəticəsi hazırda qeyri-müəyyən olaraq qalır. Lakin aydındır ki, bu qarşıdurmanın ən böyük ziyanını ilk növbədə Ukrayna xalqı çəkməkdədir. Rusiya ordusunun döyüş meydanında sürətlə irəliləyə bilməməsinin əsas səbəblərindən biri də, qeyd edildiyi kimi, 50-dən artıq dövlətin bu münaqişədə de-fakto iştirak etməsidir. Bu dövlətlər bütün vasitələrlə Ukraynaya dəstək göstərir. Beləliklə, bu, təkcə Rusiya ilə Ukrayna arasında olan savaş deyil, əslində Rusiya ilə NATO arasında baş verən qarşıdurmadır. Münaqişənin gedişatında NATO blokunun məğlub duruma düşdüyü müşahidə edilir.

 

Hazırkı mərhələdə Rusiya həm siyasi, həm də hərbi müstəvidə üstünlük əldə etmiş vəziyyətdədir. Ukrayna ərazisinin təxminən 20–25 faizinə nəzarət olunması bu hərbi üstünlüyün göstəricisidir.

 

Siyasi sahədə də Rusiya təşəbbüsü ələ alıb. Hazırda diktə edən tərəf məhz Rusiyadır və onun irəli sürdüyü şərtlər qəbul edilmədikcə münaqişənin dayandırılması mümkün deyil.

 

Digər tərəfdən, Rusiya tərəfindən həyata keçirilən hərbi əməliyyatların nəticəsində Qərb daxilində, xüsusilə də Avropa İttifaqı ölkələri arasında fikir ayrılıqları yaranmağa başlayıb. Bu fikir ayrılığı, eyni zamanda, iqtisadi sahədə də özünü göstərməkdədir. Münaqişə Avropa iqtisadiyyatında ciddi zərbələrə səbəb olub, bir növ iqtisadi xaos yaranıb. Bəzi Avropa ölkələri artıq münaqişənin nəticələrinə qarşı açıq etiraz etməyə başlayıblar".

 

Politoloq əlavə edib ki, təxminən 1000 kilometrlik cəbhə xəttinin istənilən nöqtəsində hərbi əməliyyatlar baş verir və bu əməliyyatlar konkret taktiki şəraitə uyğun planlanır:

 

"Xüsusilə yay mövsümündə münaqişənin daha da sürətlənməsi və aktiv fazaya keçməsi texnikanın rahatlıqla irəliləməsi ilə əlaqəlidir. Yay aylarında torpaq və iqlim şəraiti hərbi texnikaların idarə olunmasını asanlaşdırır, bu isə hərbi əməliyyatların tempini artırır. Əvəzində, qış və payız aylarında hava və bataqlıq şəraiti irəliləyişə mane olur.

 

Bütün bu amillər onu göstərir ki, münaqişənin yaxın zamanda sona çatması real görünmür. Rusiyanın irəli sürdüyü şərtlər qəbul edilmədiyi təqdirdə, müharibə uzanacaq və bu prosesdə Ukrayna yeni ərazilərini itirməkdə davam edəcək".

 

 

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər