00:00:00
Yazar
Zəhra Həsənova
07.05.2026 21:09 21 2 dəq oxuma
Sosial

İstixana meyvələri bazarda : Alıcılar aldadılır?

İstixana meyvələri bazarda : Alıcılar aldadılır?

Bazarda piştaxtaları bəzəyən meyvələri satıcılar alıcılara təriflə təqdim edirlər. Amma meyvəni alıb yeyəndə bəlli olur ki, onların heç də hamısı dadlı deyil. Mövsümündən əvvəl bazara çıxarılan bu meyvələrin qiyməti isə başqa bir problemdir.

 

Mövzu ilə bağlı “İnformator.az” a alıcı Günel Hətəmova bildirib ki, bazardan meyvə alarkən mən daha çox onun dadına və görünüşünə önəm verirəm:

 

"Ən vacib məsələ isə dadıdır. Elə olub ki, bazardan meyvə almışam, görünüşü çox gözəl olub, amma dadı olmayıb. Belə hallarda özümü aldadılmış kimi hiss etmişəm və pulumun boşa getdiyini düşünmüşəm. Qiyməti yüksək olan meyvənin hər zaman daha keyfiyyətli olduğunu düşünməmişəm. Çünki daha orqanik meyvələrin əsasən kənddən gətirildiyini bilirəm. Onlar kənd şəraitində yetişdirilir və bu səbəbdən mənə elə gəlir ki, xaricdən gətirilən meyvələrdən daha ucuz başa gəlir. Buna görə də meyvənin qiymətinin yüksək olması onun mütləq keyfiyyətli olduğu anlamına gəlmir".

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında qida eksperti Tutu Zeynalova bildirib ki, Ümumiyyətlə, istixanalarda yetişdirilən meyvələr düzgün istehsal olunduqda risk səviyyəsi aşağı olur:

 

"Burada əsas məsələ temperaturun, rütubətin və işığın nəzarətdə saxlanılmasıdır. Eyni zamanda, xəstəliklərə qarşı qoruyucu tədbirlərin görülməsi də vacibdir. Əsas risk isə bu meyvələrin tərkibində pestisid qalıqlarının çox olmasıdır. Təhlükə o zaman yaranır ki, pestisid qalıqları normadan artıq olsun. Belə hallarda, meyvələr yaxşı yuyulmadan istifadə edilərsə, sağlamlıq problemləri yarana bilər. Bundan əlavə, bəzi məhsullar yetişməmiş halda bazara çıxarıldıqda da problem yaranır. Xüsusilə, pomidor, xiyar və yaşıl yarpaqlı tərəvəzlərdə nitrat yığılması müşahidə oluna bilər ki, bu da insan sağlamlığı üçün təhlükəlidir”.

 

Ekspertin sözlərinə görə, əsas məsələ istixanada yetişdirilmənin özü deyil:

 

“Risk daha çox nəzarətsiz istehsal və normadan artıq kimyəvi maddə istifadəsi ilə bağlıdır. Kimyəvi maddələrin istifadəsi ilə bağlı xüsusi qaydalar və müəyyən edilmiş limitlər var. Bu limitlər aşılmadıqda ciddi problem yaranmır. Ancaq əsas şikayətlərdən biri dadla bağlı olur. Bəzi insanlar bu meyvələri yeyərkən “sanki plastik yeyirəm” hissi yaşadıqlarını deyirlər. Bu, əsasən iki səbəbdən qaynaqlanır: birincisi, meyvələrin erkən yığılması, ikincisi isə kifayət qədər gün işığı görməməsidir. Günəş işığında yetişən meyvələrin dadı daha intensiv və daha təbii olur. İstixanada yetişdirilən məhsullar isə kifayət qədər gün işığı almadıqda, onların dadı zəif və az şirin ola bilir. Bu da insanlarda “plastik kimi” bir təəssürat yaradır".

Selcan Xudiyeva

#gündəm #i̇stixana #alıcılar #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər