00:00:00
Yazar
Nərmin Həşimova
05.05.2026 21:08 19 3 dəq oxuma
Siyasət

“İtaliya Azərbaycanın Avropadakı ən etibarlı strateji tərəfdaşlarından biridir”- DEPUTAT
 

“İtaliya Azərbaycanın Avropadakı ən etibarlı strateji tərəfdaşlarından biridir”- DEPUTAT

İtaliya ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyan yüksək səviyyəli səfərlər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Bu çərçivədə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın yeni perspektivlərinin müzakirəsi baxımından xüsusi diqqət çəkir.


Məsələ ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında ikitərəfli münasibətlər kifayət qədər dərin tarixi köklərə malikdir:


“Orta əsrlərdə Venesiya tacirlərinin Azərbaycana çoxsaylı səfərləri, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlıq bu əlaqələrin qədim tarixə söykəndiyini göstərir. Bu gün iki dövlət arasında münasibətlərin formalaşmasında həmin tarixi əsasların mühüm rol oynadığı aydın görünür. XX əsrdə də Azərbaycanla İtaliya arasında sıx əlaqələr mövcud olub. II Dünya müharibəsi zamanı alman faşizminə qarşı İtaliya ərazisində mübarizə aparan çoxsaylı həmvətənlərimiz olub. Həmin partizanlar İtaliyanın azad olunmasında mühüm rol oynayıb və adlarını tarixə qızıl hərflərlə yazdırıblar. Azərbaycan və İtaliya xalqları arasında mədəni və sosial yaxınlıq da hiss olunur. İtaliyalılarla azərbaycanlılar xarakter və həyat tərzi baxımından bir-birinə yaxındırlar. Xüsusilə İtaliyanın cənub bölgələri ilə Azərbaycan arasında müəyyən oxşarlıqlar mövcuddur. Bu da xalqlarımız arasındakı isti münasibətlərin göstəricisidir. İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb, həmin ilin 8 may tarixində isə iki ölkə arasında diplomatik əlaqələr qurulub. Sonrakı mərhələlərdə münasibətlər davamlı şəkildə inkişaf edib və beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslərə baxmayaraq, tərəflər hər zaman bir-birinə dəstək nümayiş etdiriblər. İki ölkə arasında strateji tərəfdaşlığın əsasını təşkil edən mühüm sənədlərdən biri 20 fevral 2020-ci ildə Roma şəhərində imzalanan “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında çoxtərəfli strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyanat”dır. Bu sənəd münasibətlərin daha da dərinləşdirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunda 30-dan çox deputat təmsil olunur. Eyni zamanda İtaliya-Azərbaycan parlamentlər dostluq qrupu da kifayət qədər fəaldır”.


Deputat iqtisadi əməkdaşlığın da yüksək səviyyədə olduğunu diqqətə çatdırıb: 

 

“İki ölkə arasında 100-ə yaxın sənəd imzalanıb. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təxminən 95 faizi Azərbaycanın payına düşür. Azərbaycan bu regionda İtaliya məhsullarının əsas idxalçısıdır. Azərbaycan uzun illər İtaliya üçün əsas xam neft tədarükçülərindən biri olub. Trans-Adriatik qaz kəmərinin istifadəyə verilməsi ilə ölkəmiz İtaliya üçün ikinci ən böyük təbii qaz təchizatçısına çevrilib.Əgər 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard ABŞ dolları civarında idisə, 2025-ci ildə bu rəqəm təxminən 12 milyard dollara çatıb. Bu, əməkdaşlığın dinamik inkişaf etdiyini göstərir”.


Deputat Ciorcia Meloninin Azərbaycana səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

 

“Onun İrəvanda keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısından sonra Azərbaycana səfər etməsi İtaliyanın ölkəmizə verdiyi önəmin bariz nümunəsidir.  Strateji tərəfdaşlığın daha yüksək səviyyəyə çatdırılması sənaye, təhsil və humanitar sahələrdə yeni imkanlar açacaq. İtaliya Universitetinin Azərbaycanda açılması humanitar əlaqələrin dərinləşməsi baxımından mühüm addım ola bilər.  İtaliya beynəlxalq platformalarda hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Xüsusilə Ciorcia  Meloninin rəhbərliyi dövründə Azərbaycana qarşı yönələn bəzi kampaniyaların qarşısının alınması istiqamətində atılan addımlar bunu bir daha təsdiqləyir. İtaliyanın Avropa İttifaqında Azərbaycanın imicinin güclənməsinə verdiyi töhfə yüksək qiymətləndirilməlidir”.


Mehriban Yariyeva

#İtaliya #Azərbaycan #tərəfdaşlıq #səfər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər