İtaliya prezidentinin Azərbaycana səfəri
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 1-də başa çatıb.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Sergio Mattarella Azərbaycanla böyük dostluq qurub:
" Bu səfərin əsas məqsədi ondan ibarətdir ki, tərəflər bağlanmış razılaşmalara sadiq olduqlarını bir daha təsdiqləsinlər. Yəni həqiqətən də illərdir ki, etibarlı tərəfdaşlıq və bu proseslərdə birgə, həmahəng şəkildə fəaliyyət göstərilir. Əsas məqamlardan biri də budur ki, Bakı ilə Roma bir-birini anlayır və beynəlxalq platformalarda bir-birini dəstəkləyirlər. Bu, olduqca vacib məsələdir. Söhbət təkcə ondan getmir ki, İtaliya Avropa İttifaqının üçüncü ən güclü iqtisadiyyatıdır. İtaliya böyük dövlət olmaqla yanaşı, yüksək texnoloji potensiala malikdir və dünyada tanınmış brendləri ilə seçilən bir ölkədir. Bu da onu göstərir ki, iki tərəf bir-birini uğurla kəşf edib və münasibətlər qarşılıqlı şəkildə müvəffəqiyyətlə inkişaf edir. Təbii ki, İtaliya–Azərbaycan münasibətləri strateji sahələrdə formalaşır. Bu ilk növbədə siyasi dialoqdur. Bakı ilə Roma arasında heç bir anlaşılmazlıq yoxdur. Belə şəraitdə tərəflər iqtisadi, sosial, humanitar, eyni zamanda hərbi-texniki sahələrdə də əlaqələrini daim gücləndirirlər. Bu baxımdan ölkəmiz üçün vacib məsələlərdən biri də İtaliyanın “Leonardo” şirkətidir. Bu şirkət dünya bazarında tanınmış, məşhur texnoloji məhsullar istehsal edən bir brenddir. Bu məsələlərin hamısında aydın görünür ki, gündən-günə təhdidlər, çağırışlar və təhlükələr artır. Belə bir şəraitdə ölkələr, xüsusilə də Azərbaycan və İtaliya kimi tərəfdaşlar, təhlükəsizlik məsələlərində bir-birini dəstəkləməlidir və bu dəstəyi uğurla da həyata keçirirlər. Azərbaycan Respublikası olaraq, İtaliyadan hərbi məhsullar və texnologiyalar alanda bəzi qüvvələr bizə irad tutulub ki, guya Azərbaycan müharibəyə hazırlaşır. Amma o zaman Ermənistan Azərbaycan ərazilərini işğal edərkən, heç kim demirdi ki, Azərbaycanın haqqı tapdanır. Heç kəs xatırlamırdı ki, bir milyona yaxın qaçqınımız, məcburi köçkünümüz var idi. Bu da bir daha sübut edir ki, dünya problemlərə çox zaman ikili standartlarla yanaşır və sanki heç nə baş verməmiş kimi davranır. Azərbaycan İtaliya ilə kifayət qədər yaxşı tərəfdaşlıq qurub, ölkələr bir-birini yaxşı tanıyır və dəstəkləyir. Bütün dünyada ən çətin problemlərin həlli əməkdaşlıq və konsensusdan keçir. Azərbaycanla İtaliya arasında əldə olunmuş nəaliyyətlər də göstərir ki, kim hansı qütbdə dayanır. Əsas məsələ etimad mühitinin formalaşması və bu etimada əsaslanan birgə fəaliyyətin davam etdirilməsidir. Bu səfər də, şübhəsiz ki, iki ölkə arasında münasibətlərə çox müsbət təsir göstərəcək".
Müsahib bildirir ki, Sergio Mattarella Azərbaycanla böyük dostluq qurub:
"Hətta bir dəfə qızı ilə birlikdə Azərbaycana səfəri olub. Bu onun Azərbaycana olan xüsusi məhəbbətini və diqqətini göstərir. O, Azərbaycanı müasir və inkişaf etmiş bir dövlət kimi qiymətləndirir. İtaliyada da Azərbaycan yaxşı tanınır. Azərbaycan Respublikasından çoxsaylı nümayəndələr orada müxtəlif layihələrdə iştirak edirlər. Mehriban xanımın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikandakı katakombaların bərpasına vəsait ayrılıb. Eyni zamanda, İtaliyada bir neçə kilsə bərpa edilib. Bu layihələr bir daha göstərir ki, milli kimlik və dini müxtəliflik insanlar arasında ünsiyyətə maneə yaratmır. İnsanlar yalnız bir şey istəyir ki, sabitlik, sülh və dinc şəraitdə özlərini reallaşdırmaq imkanı formalaşsın. İtaliya Prezidentinin Azərbaycana səfəri Avropa ilə münasibətlərə də müsbət təsir göstərəcək. Hazırda Brüssel ilə Bakı arasında yeni razılaşmanın hazırlanması prosesi gedir. Bu razılaşmanın artıq 95%-i hazırdır. Lakin hələ də bəzi prinsipial məqamlar qalmaqdadır. Azərbaycan isə bu məsələlərdə təzyiqlərə boyun əymədən, tam təbii və suveren mövqeyini qoruyur. İtaliya rəhbərinin Azərbaycana səfəri isə bir daha göstərir ki, Azərbaycanın İtaliyada çox etibarlı dostluqları var. İtaliya yaxşı anlayır ki, Azərbaycan onun üçün çox yaxın və əvəzolunmaz tərəfdaşdır. Hər iki tərəf bir-birinə elə sahələrdə dəstək verir ki, bu dəstəyin misli, alternativliyi əvəzedilməzdir. Odur ki, Avropa Siyasi Birliyinin bu zirvə görüşü də uğurla keçiriləcək. Artıq Prezident İlham Əliyev də burada diqqət mərkəzindədir, dövlət və hökumət başçıları, iri şirkət rəhbərləri görüşlər keçirirlər. Ölkənin əsas prinsipi isə ondan ibarətdir ki, bu pozitiv fon bütün istiqamətlər üzrə davamlı şəkildə formalaşsın və reallıqda da öz təsdiqini tapsın".
Səmayə Səftərova
