00:00:00
Yazar
Admin User
05.11.2025 17:15 185 4 dəq oxuma
Siyasət

İtaliya Ukraynaya yeni hərbi yardım ayıracaq

İtaliya Ukraynaya yeni hərbi yardım ayıracaq

 

Mövqeyimiz dəyişməz olaraq qalır. Ukrayna üçün yeni yardım paketi hazırdır. Tezliklə rəsmi Kiyevə dəstəklə bağlı yeni yardım paketini hökumətə təqdim edəcəm”, - deyə İtaliyanın müdafiə naziri Quido Krosetto qeyd edib.

 

Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, münaqişə bitsə belə, Rusiya ilə Avropa arasında münasibətlər 2022-ci ildən əvvəlki vəziyyətinə qayıtmayacaq:

 

“Rusiya-Ukrayna münaqişəsi başladığı gündən Rusiya əleyhinə beynəlxalq bir koalisiya formalaşıb. Bu koalisiyaya daxil olan 30-dan artıq dövlət Ukraynaya hərbi, siyasi, maliyyə və texniki sahələrdə yardım göstərir. Təxminən 4 ilə yaxındır ki, Rusiya-Ukrayna münaqişəsi davam edir. Başda ABŞ olmaqla, NATO bloku bu savaşda de-fakto iştirak edir və beynəlxalq ictimaiyyətin dəstəyi Ukraynaya yönəlməkdə davam edir. Lakin bütün bu dəstəyə baxmayaraq, Ukrayna artıq ərazisinin 20-25%-ni itirib. Rusiya hərbi birləşmələri Ukraynanın dərinliklərinə doğru irəliləyir. Ümumilikdə NATO bloku və Rusiya əleyhinə yaradılmış beynəlxalq koalisiya Ukraynaya müxtəlif vasitələrlə yardım etsə də, Ukrayna bu münaqişədə məğlub mövqedə qalmaqda davam edir, ərazilərini itirir və yeni ərazi itkiləri ilə üzləşir. İstər İtaliya, istərsə də digər Avropa dövlətləri bu münaqişəyə nə qədər yardım göstərsələr də, artıq Ukraynanın 1991-ci il sərhədlərinə qayıtması real görünmür. Rusiya işğal etdiyi torpaqları geri qaytarmaq niyyətində deyil və bu, rəsmi Moskvanın açıq mövqeyidir. Ukraynaya edilən yardımların əsas məqsədi isə əslində münaqişənin həllindən çox onun uzanmasına xidmət edir. ABŞ və Avropa İttifaqı bu savaşın bitməsində maraqlı görünmür, əksinə, münaqişəni uzadaraq tətbiq edilən sanksiyalar vasitəsilə Rusiyanı zəiflətməyə çalışırlar. Lakin təcrübə göstərir ki, bu cür layihələr tez-tez uğursuz olur. Çünki sanksiyalarla bir dövləti tam çökdürmək mümkün olsaydı, uzun illərdir sanksiya altında olan İran artıq çökməli idi. Sanksiyalarla hər hansı bir dövləti sarsıtmaq, parçalamaq və onu beynəlxalq siyasi xəritədən silmək, xüsusən də Rusiya kimi nəhəng və nüvə arsenalına malik bir ölkə üçün demək olar ki, qeyri-mümkündür. Rusiya tətbiq edilən sanksiyalar fonunda özünə yeni iqtisadi bazarlar tapıb. Xüsusilə Hindistan və Çin kimi iri dövlətlərlə iqtisadi-siyasi əlaqələrini gücləndirməkdədir.

 

İstər İtaliya, istərsə də digər Avropa ölkələri Ukraynaya hərbi yardım göstərsələr də, reallıqda Rusiya bu münaqişədə məğlub tərəf deyil. Əksinə, Rusiya bu qarşıdurmada həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan üstünlük əldə edib. Hərbi baxımdan, Rusiya artıq Ukrayna ərazisinin 20-25%-ə nəzarət edir. Siyasi baxımdan, Rusiya diktə edən tərəf kimi çıxış edir. NATO və Avropa İttifaqı daxilində Ukraynaya yardım məsələsində ciddi fikir ayrılıqları meydana gəlib. Beynəlxalq koalisiyada parçalanma müşahidə olunur. İqtisadi baxımdan, Ukraynanın təbii sərvətlərinin 70%-ə yaxını Rusiyanın nəzarət etdiyi ərazilərdə yerləşir. Bu isə Rusiyanın iqtisadi üstünlüyünü artırır. Bütün bu faktorlar Rusiya üçün geosiyasi üstünlük yaradır. Rəsmi Moskvanın mövqeyi aydındır, onun irəli sürdüyü şərtlər qəbul edilmədən bu münaqişənin siyasi həllinə nail olunmayacaq”. 

 

Müsahib bildirib ki, münaqişənin uzanması dolaylı şəkildə Rusiyanın da maraqlarına uyğun gəlir:

 

“Bunun səbəbi Avropa iqtisadiyyatının getdikcə zəifləməsidir. Əgər bu proses bir neçə il davam edərsə, Avropanın maşınqayırma sənayesi istər ağır, istərsə də yüngül sektorları çökmə riski ilə üz-üzə qalacaq. Çünki iqtisadiyyatın iki əsas dayağı var, bunlar enerji və xammaldır. Avropa ölkələri həm enerji, yəni neft və qaz, həm də maşınqayırmada istifadə olunan əsas xammalı əsasən Rusiyadan idxal edib. Rusiya ilə əlaqələrin kəsilməsi Avropa sənayesini çətin vəziyyətə salıb və bu, inflyasiya təzyiqlərinin artması ilə nəticələnə bilər. Bununla belə, Rusiya da bu vəziyyətin uzunmüddətli olmasında maraqlı deyil. Rusiya istəyir ki, münaqişənin əsas səbəbləri aradan qaldırılsın və davamlı həll əldə olunsun. Çünki gərginliyin uzanması regional sabitliyə və Rusiya üçün də yeni risklərə yol aça bilər. 

 

Ümumilikdə, Rusiya Ukraynaya dəstək verən dövlətləri qeyri-dost ölkələr kimi qəbul edir və bu ölkələrlə iqtisadi və siyasi münasibətlərinə yenidən baxır, bəzi hallarda isə bu əlaqələri tamamilə kəsir. Münaqişə bitsə belə, Rusiya ilə Avropa arasında münasibətlər 2022-ci ildən əvvəlki vəziyyətinə qayıtmayacaq. Bu gərginlik uzun müddət geopolitik və iqtisadi əlaqələrə təsir göstərəcək. Artıq dünya yenidən qütbləşmə mərhələsinə daxil olur. Bir tərəfdə Avropa İttifaqı və ABŞ başda olmaqla Qərb bloku, digər tərəfdə isə Rusiya, Çin, Hindistan kimi dövlətlərin rəhbərlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatı yeni güc mərkəzi kimi formalaşır. Dünya tədricən çoxqütblü sistemə keçir. Rusiya-Ukrayna münaqişəsi beynəlxalq iqtisadi və siyasi sistemi köklü şəkildə dəyişdirib. Qlobal siyasət artıq beynəlxalq hüquq normalarına əsaslanmır, daha çox güc faktorunun diktəsi ilə yönləndirilir. Rusiya bu münaqişədə hərbi gücünü nümayiş etdirib və vəziyyət yalnız Rusiya ilə Ukrayna arasında bir savaş deyil, artıq bu, NATO ilə Rusiya arasında defakto bir müharibəyə çevrilib. Münaqişənin bu mərhələsində Rusiya hərbi baxımdan üstün mövqedə görünür. Avropanın müxtəlif ölkələri Ukraynaya maliyyə və hərbi yardımlar ayırsa da, bu dəstəyin münaqişənin Ukraynanın xeyrinə dəyişməsinə ciddi təsir göstərməsi ehtimalı azdır. Əgər gələcəkdə Ukrayna və ya onun tərəfdarları Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbələr endirərsə, bu halda Rusiya taktiki nüvə silahına əl ata bilər. Belə bir ssenari isə yalnız regional deyil, bəşəri miqyasda fəlakətli nəticələrə yol aça bilər”. 

 

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər