00:00:00
Yazar
Ayan Sadi
25.11.2026 09:00 221 6 dəq oxuma
Müsahibə Özəl

Kəlbəcər: 27 illik həsrətdən azadlığa, azadlıqdan dirçəlişə

 

Kəlbəcər: 27 illik həsrətdən azadlığa, azadlıqdan dirçəlişə

Bir zamanlar Kəlbəcərin dağlarında yayı qarşılayan, yaylaqlarında mal-qara otaran, kəndlərində sazlı-sözlü məclislər quran insanlar vardı. Yaz gələndə dağlara köç edən el-oba, yay boyunca canlanan yaylaqlar, payız yaxınlaşanda yenidən aran yerlərinə qayıdan ailələr... Kəlbəcərdə həyatın öz ritmi, öz qaydası vardı. Lakin 1993-cü il aprelin 2-də bu həyat yarımçıq qaldı. Erməni silahlı qüvvələrinin işğalı nəticəsində sakinlər doğma yurdlarını tərk etməyə məcbur oldular. Evlər, həyətlər, illərlə qurulan təsərrüfatlar və xatirələr geridə qaldı.

 

Kəlbəcər 27 ildən artıq müddətdə sakinlərinin yaddaşında həsrətə çevrildi. Onlar doğma kəndlərini, dağlarını, bulaqlarını yalnız xatirələrində yaşatdılar. 2020-ci il noyabrın 25-də isə bu həsrətin yerini sevinc və qürur aldı. İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Kəlbəcər Azərbaycana qaytarıldı. Həmin gün təkcə bir rayonun azad olunması deyil, illərlə yurd həsrəti çəkən insanların qayıdış ümidinin yenidən gerçəkləşməsi idi.

 

Bəs Kəlbəcər işğal illərində nələri itirdi? Bu torpağın tarixi və iqtisadi əhəmiyyəti nədən ibarət idi? Doğma yurduna qayıdan sakinləri hansı mənzərə qarşıladı və bu gün Kəlbəcərdə hansı dəyişikliklər baş verir?

 

Kəlbəcərin əhəmiyyətini yalnız onun coğrafi mövqeyi və təbii gözəllikləri ilə ölçmək olmaz. Bu ərazi qədim yaşayış izləri, zəngin mədəni irsi, sənətkarlıq ənənələri və iqtisadi imkanları ilə Azərbaycanın tarixində xüsusi yer tutur. 

 

Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi Boran Əziz Kəlbəcərin əhəmiyyətindən danışarkən diqqəti təkcə qədim abidələrə deyil, bölgənin iqtisadi və mədəni həyatına da yönəldir. Onun sözlərinə görə, Kəlbəcər Azərbaycanın, xüsusilə Qarabağın Aran rayonlarının, eləcə də Mil və Muğan bölgələrinin təsərrüfat həyatında mühüm rol oynayıb. Yay aylarında çoxsaylı ailələr mal-qaralarını bu ərazinin yaylaqlarına aparır, heyvandarlıq məhsulları isə əhalinin ərzaq təminatına töhfə verirdi.

 

Tarixçinin fikrincə, Kəlbəcərin təbiəti burada yaşayan insanların sənətinə və dünyagörüşünə də təsirsiz ötüşməyib. Dağların sərt qayalıqları ilə minbir çiçəyin yaratdığı mənzərə xalçaçılıqda, toxuculuqda, xurcun və fərməşlərdə, hətta geyim nümunələrində öz əksini tapıb. Xalçalar isə sadəcə məişət əşyası olmayıb, üzərindəki naxışlar və simvollar vasitəsilə müəyyən sənət ənənələrini, tayfa izlərini yaşadıb.

 

Boran Əziz Kəlbəcərin itirilməsinin nəticələrini yalnız ərazi itkisi ilə məhdudlaşdırmır. O, işğalın Azərbaycanın müdafiə və iqtisadi imkanlarına ciddi təsir göstərdiyini vurğulayır. Tarixçinin sözlərinə görə, Kəlbəcərin işğalı zamanı Başlıbel və Ağdaban kimi ərazilərdə qırğınlar törədilib, bölgənin yeraltı sərvətlərindən istifadə olunub, sakinlər isə respublikanın müxtəlif rayonlarına səpələnərək məcburi köçkün həyatı yaşamağa başlayıblar.

 

“Biz əvvəllər Kəlbəcərin işğal gününü ürək ağrısı ilə qeyd edirdik. İndi isə 44 günlük müharibədən sonra Ağdam, Laçın və Kəlbəcərin azad olunması ilə bu torpaqlara görə qürur hissi keçiririk. Bizə bu qüruru yaşadanların ruhu qarşısında baş əyirik”, – deyə tarixçi bildirir.

 

Kəlbəcərdən ayrılan insanlar özləri ilə yalnız şəxsi əşyalarını deyil, bir ömrün xatirələrini də apardılar. Bəziləri doğma evlərinin açarlarını qorudu, bəziləri uşaqlarına görmədikləri kəndləri, dağları, bulaqları danışdı. Kəlbəcərdən uzaqda böyüyən nəsillər bu yurdu valideynlərinin, nənə və babalarının xatirələri ilə tanıdı.

 

Kəlbəcər sakini İlqar Cəlilov da övladlarına və nəvələrinə doğma yurdunu məhz belə tanıdıb. O, dağlardan, çaylardan, bulaqlardan, elin sənətkarlarından danışarkən sözlərinin onları da həmin yerlərə apardığını deyir. Aşıq Şəmşirin, Əli, Bəhmən, Sücayət və Allahverdi kimi el yaradıcılarının adını çəkəndə isə Kəlbəcərin yalnız təbiətini deyil, onun insanlarını da yaşatmağa çalışıb.

 

“Yurd həsrəti ilə döyünən ürəyimin çırpıntıları, dilimin harayı elə səslənirdi ki, bəlkə də əlavə təsvirə ehtiyac qalmırdı. Dağların gül-çiçəyini, çayların şırıltısını, quşların cəh-cəhini elə canlı təsvir edirdim ki, övladlarım və nəvələrim dinləyir, sual verməyə də ehtiyac duymurdular”, – İlqar Cəlilov xatirələrini bölüşür.

 

Ancaq illərlə gözlənilən qayıdışın özü də asan olmayıb. 27 ildən sonra doğma torpağa ayaq basan İlqar Cəlilovu sevinc hissi ilə yanaşı, ağır mənzərə də qarşılayıb. Bir vaxtlar abad olan kəndlərin dağıdıldığını, evlərin uçurulduğunu, həyətləri alaq basdığını görüb. Onun yaddaşında qalan Kəlbəcərlə gözləri qarşısında canlanan mənzərə arasında böyük fərq olub.

 

“Qoyub getdiyim abad Kəlbəcərə döndüyümdə viran Kəlbəcəri görürdüm. Lələ köçüb, yurdu talan qalmışdı. Elə bil əvvəlki Kəlbəcərin mənzərəsi də küskün idi, dağı-daşı, təpə-yamacı, çayları-bulaqları da incimişdi. Ürəkaçan heç nə qalmamışdı. Amma daxilimdə bir sevinc yaşanırdı. Sevinirdim ki, yenə məskunlaşacaq, obalarımız şənlənəcək, əvvəlki ab-hava geri dönəcək”.

 

Bu gün Kəlbəcərin mənzərəsi yenidən dəyişir. İşğaldan sonra qarşıda duran əsas vəzifələrdən biri bölgədə təhlükəsiz yaşayışın təmin edilməsi, infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır. Mürəkkəb dağlıq relyef, mina təhlükəsi və ağır tikinti şəraiti bu prosesi çətinləşdirsə də, bərpa işləri davam etdirilir.

 

Deputat Azər Allahverənov Kəlbəcərdə aparılan quruculuq işlərinin mürəkkəbliyinə diqqət çəkir. Onun sözlərinə görə, ərazinin relyefi, ağır texnikanın daşınması, təhlükəsizlik tədbirləri, minatəmizləmə və yol infrastrukturunun yaradılması bir-biri ilə əlaqəli şəkildə həyata keçirilməli olan mühüm işlərdir. Bununla yanaşı, yaşayış məntəqələrində məktəb, səhiyyə, məşğulluq və digər sosial xidmətlərin təşkili də qayıdış prosesinin vacib şərtlərindəndir.

 

Deputatın diqqət çəkdiyi məsələlərdən biri də Kəlbəcərin yol infrastrukturudur. Dağlıq ərazidə yolların və tunellərin inşası bölgənin digər ərazilərlə əlaqəsini asanlaşdırmaqla yanaşı, gələcək iqtisadi inkişaf üçün də imkanlar yaradır. Azər Allahverənov xüsusilə Kəlbəcərdə inşa olunan tunellərin mürəkkəb mühəndislik işi olduğunu vurğulayır.

 

Bununla belə, Kəlbəcərin gələcəyi yalnız yolların və yaşayış evlərinin tikintisi ilə məhdudlaşmır. Deputat bölgənin iqtisadi potensialına da diqqət çəkir. Deputatın fikrincə, heyvandarlıq, arıçılıq, dağ-mədən sənayesi, qızıl yataqları və turizm Kəlbəcərin gələcək inkişafında mühüm istiqamətlər ola bilər. İstisu və sanatoriya-kurort imkanları isə bölgənin turizm potensialını daha da artırır.

 

Azər Allahverənov hesab edir ki, bu sahələrin inkişafı Kəlbəcərin yalnız öz iqtisadi həyatını bərpa etməsinə deyil, ölkə iqtisadiyyatına daha geniş inteqrasiyasına da şərait yaradacaq. Əsas məqsəd isə sakinlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıtmasını təmin etməkdir.

 

Bir yurdun yenidən dirçəlməsi yalnız evlərin tikilməsi, yolların salınması ilə tamamlanmır. Orada əvvəlki həyatın, adətlərin, el şənliklərinin, ailə ənənələrinin də yaşadılması vacibdir. Kəlbəcərin yaddaşında qalan bu ənənələr isə illərlə doğma torpaqdan uzaqda yaşayan insanların xatirələrində qorunub.

 

İlqar Cəlilov danışır ki, Kəlbəcər kəndlərində toylar sazlı-sözlü məclislərlə, el şənlikləri ilə yadda qalırdı. Ozanlar dastan söyləyir, şairlər şeirlər səsləndirir, kosalar lətifəli oyunlar təşkil edirdilər. Novruz ərəfəsində kəndlər bir-birinə qonaq gedir, xonçalar bəzənir, cıdırlar keçirilirdi. Toylarda nişanlı qızların evlərinə musiqi ilə gedilər, onlar məclisə gətirilərdi.

 

Bunlar onun üçün sadəcə keçmişin xatirələri deyil, yenidən yaşadılmasını arzuladığı bir həyatın parçalarıdır. İlqar Cəlilov inanır ki, Kəlbəcər tam məskunlaşdıqca həmin adət-ənənələr də öz əvvəlki yerini tutacaq.

 

Kəlbəcərin azad olunmasından sonra qarşıda hələ görüləsi çox iş var. Dağıdılmış yaşayış məntəqələrinin bərpası, tarixi-mədəni abidələrin qorunması, iqtisadi imkanların reallaşdırılması və sakinlərin mərhələli şəkildə doğma yurdlarına qayıtması bu prosesin əsas istiqamətləridir. Lakin artıq bütün bunlar həsrətlə gözlənilən bir arzunun deyil, həyata keçirilən quruculuq işlərinin gündəmindədir.

 

Boran Əziz Kəlbəcərdə aparılan işləri maraqla izlədiyini, xüsusilə dağların içindən çəkilən müasir yolların və tunellərin Azərbaycan dövlətinin imkanlarını göstərdiyini vurğulayır. O, sakinlərin yaxın illərdə öz yaşayış yerlərinə tam qayıdacağına inandığını bildirir.

 

İlqar Cəlilovun yaddaşında isə Kəlbəcər yenidən şənlənəcək obalar, canlanacaq kəndlər və əvvəlki ab-havasına qovuşacaq yurd kimi yaşayır.

 

Kəlbəcərin dağlarında illərlə susan həyat yenidən öz axarına qayıdır. Bir vaxtlar həsrətlə xatırlanan küçələrdə indi yenidən sakinlərin addım səsləri eşidilir. Doğma yurda qayıdan insanlar üçün Kəlbəcər artıq yalnız xatirələrdə yaşayan bir məkan deyil, yenidən qurduqları həyatın ünvanıdır. 25 noyabr isə bu torpağın tarixində itirilənlərin deyil, qazanılanların və yenidən başlayan həyatın simvolu olaraq qalır.

 

Aytən Əhmədova

#azadlıqdan #illik #baki #gündəm #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər