Külək elektrik stansiyalarında enerji istehsalı 18%-dən çox azalıb
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda külək elektrik stansiyalarında 27,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% azdır.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ölkədə ümumilikdə 15639,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çoxdur. Bunun 15109,9 milyon kilovat-saatını əmtəəlik elektrik enerjisi təşkil edib.
İstilik elektrik stansiyalarında istehsal 12668,6 milyon kilovat-saat olub və bu sahədə cüzi artım (0,9%) qeydə alınıb. Tullantıların yandırılmasından əldə edilən elektrik enerjisi isə 132,1 milyon kilovat-saata bərabər olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,7% azdır.
Su elektrik stansiyalarında enerji istehsalı 2079,6 milyon kilovat-saat olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 12,5 faiz çoxdur.
Günəş elektrik stansiyalarında istehsal 334,2 milyon kilovat-saat təşkil edib ki, bu da illik müqayisədə 13,1 faiz artıma bərabərdir.