Kamal Umudlu bir daha beynəlxalq təyinat alıb
"Azərbaycanlı hakimlərin Avropaya təyinat alması həqiqətən də, çox qürurvericidir. Çünki belə olanda onlar çox böyük təcrübə toplayırlar, daha sürətli, intensiv futbola öyrəşirlər".
Bu sözləri idman jurnalisti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, həmin intensivliyi Azərbaycan çempionatında da tətbiq edə bilirlər:
"Həm də bu, Azərbaycan futbolunun beynəlxalq arenadakı nüfuzunun yüksəlməsi deməkdir. Kamal da təcrübəli hakimlərimizdəndir. Qarabağ qazisi idi. Bu məqamı qeyd etmək lazımdır və onun belə yüksək, Avropada, Beynəlxalq səviyyədəki oyunlarda iştirak etməsi həqiqətən də yaxşı bir tendensiyadır. Ümumiyyətlə, son illərdə azərbaycanlı hakimlərin Beynəlxalq arenada təyinat almalarının sayı çoxalıb. Hakimlərimiz Çempionlar Liqasının əsas mərhələsində, böyük matçlarda təyinat alaraq oyunu idarə edirlər. Bu proses davam etməlidir. O ki, qaldı çətinliklərə, çətinlik olsa, yalnız o ola bilər ki, Azərbaycan çempionatında sürət aşağıdır və beynəlxalq arenaya çıxanda hakimlərimiz ilkin mərhələdə bir qədər çətinlik yaşayacaqlar. O sürətə, tempə, gərginliyə öyrəşənə qədər çətinlik olacaq. Amma hakimlərimiz belə oyunlara artıq çox təyinat alıblar deyə, düşünmürəm ki, hər hansı bir problemlə üzləşə bilərlər. Yəni bu mərhələ artıq geridə qalıb".
Zəhra Möhübbətova
