00:00:00
Yazar
Admin User
27.08.2025 21:25 178 3 dəq oxuma
Dünya

Kansler:Berlin Moskvaya təzyiqi artırmağa hazırdır

Kansler:Berlin Moskvaya təzyiqi artırmağa hazırdır

 

Almaniya kansleri Fridrix Merts hesab edir ki, Rusiyaya təzyiqin gücləndirilməsi zəruridir. Merts Moskvanı Ukrayna üçün sülh axtarışı prosesində "yubatma strategiyası" həyata keçirməkdə ittiham edib.
Xüsusilə bu, Rusiya Prezidenti Vladimir Putin və onun ukraynalı həmkarı Volodimir Zelenski arasında planlaşdırılan ikitərəfli görüşə aiddir. Kanadanın Baş naziri əlavə edib ki, ölkəsi Ukraynada sülh və təhlükəsizliyin təmin olunmasına kömək edəcək.


Bu məsələ ilə bağlı politoloq Tural İrfan"İnformator.az"a açıqlamasında bildirib ki, Ukrayna isə Qərbdən asılı duruma düşüb:


"Rusiya və Ukrayna arasında davam edən müharibənin dayandırılması və sülhə nail olunması üçün şübhəsiz ki, öncə beynəlxalq təzyiqlər olmalıdır. Tərəflərin təkbaşına buna nail olmaq şansı yoxdur. Çünki balans kifayət qədər pozulub. Rusiya Ukraynanın əhəmiyyətli dərəcədə torpaqlarını ələ keçirib. Ukrayna isə Qərbdən asılı duruma düşüb. ABŞ-nin və Avropanın dəstəyinə güvənib savaşa girən Zelenski hazırda onlardan qənaətbəxş dəstək görmür. ABŞ-nin isə öz maraqları var və ona görə də Rusiya ilə münasibətləri saxlamaqdadır. Təsirli və sülhə məcbur edən addımlar atmır. Avropa ölkələri arasında da yekdil rəy müəyyən vaxtlarda şaxələnir. Gah Britaniya gah Almaniya, gah da Fransa Rusiyaya qarşı təsirsiz siyasi gedişlər edirlər. Amma Almaniya görünür qərarlıdır ki, Rusiyaya daha ciddi və təsirli təzyiqlər olmalıdır. Bu, sanksiyaların qəbulu və hərbi müdaxiləni də istisna etmir. Avropa qoşunlarının Ukraynaya yeridilməsi vacibdir. Əks halda Rusiya əsla Ukrayna torpaqlarından çəkilməyəcək. Əgər Avropa qoşunları qoşulmasa müharibə daha ağır mərhələyə gələcək ki, bu təqdirdə də sülh ehtimalı sıfıra enəcək. Rusiya görünür ki, danışıqlardan yayınır. Çünki ona ciddi və təsirli basqıların olmamasını torpaq işğal etməyə münbit zəmin kimi qəbul edir və bu fürsətdən maksimum faydalanır. Bu da gələcək danışıqlarda onun mövqeyini gücləndirir. "Yubatma strategiyası" ilə Rusiya mümkün qədər irəliləməkdə qərarlı görünür. Nə qədər ki, onu dayandıracaq gücü qarşısında hiss etmir, təbiidir ki, işğala və müharibəyə davam edəcək. Əgər prezidentlərin görüşü baş tutsa belə bu əhəmiyyətli deyil. Çünki qeyd etdiyimiz kimi Rusiyanı sülhə məcbur edən təsirli vasitələr ortada yoxdur. Güc balansı yaxud siyasi üstünlük balansı fərqlidir. Ukraynanın da işğal edilən torpaqlardan tamamilə vaz keçməsi mümkünsüzdür. Alternativ mexanizmlər var, lakin işə salınmayıb. Görünür Qərb dövlətləri, əsasən də Amerika Rusiyanın üzücü və yorucu müharibə ilə zəifləməsini, daxildə sabitliyin pozulmasını gözləyirlər ki, müdaxilə üçün zəmin yaransın. Bu variant da zaman ala bilər.


Rusiyanı içəridən dayandırmaq cəhdləri hələ ki, boşa çıxır. Belə çıxır ki, beynəlxalq təşkilatlar və güclər də özünü aciz və çarəsiz göstərir. Ancaq qorxu nüvə silahındandır. Buna baxmayaraq əgər ABŞ və Avropa Birliyi ölkələri birgə Rusiyaya qarşı ciddi və onu güzəştli şərtlərə razı salacaq addımlara getməsələr Ukrayna tamamilə məğlub ayrıla bilər. Bu da Qərbin məğlubiyyətindən betər Rusiyanın hegemonluq siyasətini daha da inkişaf etdirəcək. Hər bir halda hazırda Almaniya kansleri Fridrix Mertsin dediyi kimi Rusiyaya qarşı təziqlərin gücləndirilməsi vacibdir ki, ciddi danışıqlara, nəticədə də sülhə razı olsun".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər