Kaya Kallasdan Trampa xəbərdarlıq...
Qrenlandiyanın statusunu yalnız bu adanın sakinləri müəyyən edə bilərlər. Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etməsi fonunda X səhifəsində yazıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında beynəlxalq münasibətlər üzrə tədqiqatçı Həşim Səhrablı bildirib ki, əlbəttə, Amerika Birləşmiş Ştatlarının Qrenlandiyanın işlərinə qarışması və ya bura xüsusi nümayəndə təyin etməsi beynəlxalq hüquqa zidd addımdır:
“Qrenlandiya müstəqil dövlət deyil. Qrenlandiya muxtar vilayət statusuna malikdir və müstəqil dövlət olan Danimarka Krallığının tərkibindədir. Qrenlandiyanın xarici siyasətlə bağlı bütün məsələləri Danimarkanın mərkəzi hakimiyyətinin səlahiyyətinə daxildir. Bu səbəbdən Tramp administrasiyası, ümumilikdə isə ABŞ və ya hər hansı başqa dövlət Qrenlandiya ilə bağlı məsələni müzakirə etmək istəyərsə, xüsusi nümayəndə təyin edib Qrenlandiya ilə birbaşa əlaqə qurmaq hüququna malik deyil. Yalnız Danimarkanın mərkəzi hakimiyyəti ilə diplomatik əlaqələr qurula və müzakirələr bu çərçivədə aparıla bilər. Danimarkanın ABŞ-də, ABŞ-nin isə Danimarkada səfirliyi fəaliyyət göstərdiyi üçün əlavə xüsusi nümayəndə təyin olunmasına ehtiyac yoxdur. Diplomatik münasibətlər səfirliklər vasitəsilə də qurula bilər. Avropa İttifaqı ilə ABŞ arasındakı gərginliyə gəldikdə isə, bu problem təkcə Danimarka və ya Qrenlandiya ilə bağlı deyil. ABŞ ilə Avropa İttifaqı arasında artıq maraqların toqquşduğu açıq şəkildə görünür. Bunun ən bariz nümunəsi Ukrayna məsələsidir. Yəni Qrenlandiya mövzusu gündəmdə olmasa belə, ABŞ və Avropa İttifaqı arasında gərgin münasibətlərin mövcud olduğu siyasi reallıqdır. Bununla yanaşı, problemli məsələlərin artması diqqət çəkir. Bu gün Qrenlandiya, sabah isə başqa bir məsələ gündəmə gələ bilər. Enerji məsələləri də artıq ayrıca problem kimi ortaya çıxır. Bütün bu problemlərin çoxalması gələcəkdə ABŞ ilə Avropanın ənənəvi müttəfiqlik münasibətlərini ciddi şəkildə sarsıda bilər. Bu isə onların dünya siyasətindəki güclü mövqeyinə zərbə vuracaq. Tramp bu fikirlə razılaşmasa da, ABŞ hegemon super güc statusuna Avropa ilə sıx münasibətlər sayəsində yüksəlib. Avropada təhlükəsizlik, iqtisadi rifah və ümumi güc baxımından əldə edilən nailiyyətlər qarşılıqlı əməkdaşlıq nəticəsində mümkün olub. Əgər bu münasibətlər pozularsa, ABŞ və Avropa dünya siyasətində əvvəlki təsir imkanlarını tam olmasa da, müəyyən dərəcədə itirə bilərlər”.
Qəmər Kazımzadə
