00:00:00
Yazar
Zəhra Həsənova
11.05.2026 21:00 88 4 dəq oxuma
Siyasət

“Kilsə dağıdılır” iddiaları: Qarabağda əslində nə baş verir?

“Kilsə dağıdılır” iddiaları: Qarabağda əslində nə baş verir?

Qarabağda kilsələrin sökülməsi ilə bağlı iddialar vaxtaşırı beynəlxalq mediada və erməni dairələri gündəmə gətirilir. Azərbaycan tərəfi isə bildirir ki, aparılan işlər dağıdılan və ya mənşəyi saxtalaşdırılan tikililərlə bağlıdır, tarixi-dini abidələrin məhv edilməsi siyasəti yoxdur. Rəsmi Bakı bəzi kilsələrin alban irsinə aid olduğunu vurğulayır və bölgədə bərpa işlərinin aparıldığını qeyd edir. 

Mövzu ilə bağlı tarixçi Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı səsləndirdiyi fikirlər tam əsaslıdır. Onun sözlərinə görə, erməni hərbi cinayətkarları işğal dövründə Azərbaycan xalqına qarşı hərbi, ekoloji və mədəni cinayətlər törədiblər:

 

“Şəhərlərimizi dağıdıblar, təbiətimizə zərər vurublar, çaylarımızı çirkləndiriblər, yeraltı sərvətlərimizi barbarcasına talan ediblər. Eyni zamanda, Xocalı timsalında soyqırımı törədiblər. Azərbaycan hazırda 30 illik işğal dövründə dağıdılan maddi-mədəni irsi bərpa edir. Erməni vandalları tərəfindən dağıdılan tarixi və dini abidələr yenidən bərpa olunur. Azərbaycan heç bir kilsəni dağıtmır. Beynəlxalq hüquqa görə, işğalçı dövlət başqa dövlətin ərazisində qeyri-qanuni tikinti apara, tarixi abidələri dəyişdirə və ya saxtalaşdıra bilməz. Ermənilər isə işğal dövründə bunların hamısını ediblər. Hazırda Azərbaycan ərazidə qanunsuz şəkildə tikilən və saxtalaşdırılan bəzi tikililəri sökür, digərlərini isə tarixi görnüşünə uyğun şəkildə bərpa edir”.

 

Hikmət Babaoğlunun sözlərinə görə, ermənilərin Cənubi Qafqaza köçürülməsi və bölgədəki kilsələrin tarixi ilə bağlı faktlar həm rus, həm ingilis, həm də Azərbaycan mənbələrində əks olunub:

 

“1828-ci ildə Türkmənçay müqaviləsindən sonra ermənilər Qarabağa və Qərbi Azərbaycan ərazilərinə köçürülüb. 1836-cı ildə isə Rusiya çarının fərmanı ilə Alban Apostol kilsələri Erməni-Qriqoryan kilsəsinə tabe etdirilib. Qarabağ və Azərbaycan ərazisində yerləşən bir çox qədim kilsələr alban xristian irsinə məxsusdur. İsa peyğəmbərin həvariləri Yelisey və Varfolomey tərəfindən Azərbaycanda xristianlıq yayılıb. Alban hökümdarı Urnayr dövründə xristianlıq hakim təbəqə tərəfindən qəbul edilib, sonrakı dövrdə isə xalq arasında yayılıb. Ermənilərin bu gün öz adına çıxmağa çalışdığı bir sıra dini abidələr əslində alban mənşəlidir. Şuşadakı Qazançı kilsəsinin adı türk mənşəlidir. Xudavəng, Xatirəvəng kimi kilsələrin adlarında da erməni izinə rast gəlinmir. Bu abidələr Azərbaycan və alban xristian irsinin nümunələridir”.

 

Tarixçi hesab edir ki, Azərbaycanın xristian irsi daha geniş şəkildə araşdırılmalı və yeni nəslə öyrədilməlidir:

 

“İslamdan əvvəl Azərbaycanda xristianlıq mövcud olub və əsrlərlə davam edib. Gənc nəsil bu tarixi bilməli, ölkənin qədim xristian irsi ilə tanış olmalıdır”.

 

Məsələ ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a bildirib ki, erməni diasporu, erməni ideoloqları və kilsəsi uzun illərdir türk xalqlarına, xüsusilə, Azərbaycan və Türkiyəyə qarşı təxribat xarakterli fəaliyyətlə məşğuldur. Bu fəaliyyətlər bu gün də davam edir:

 

“Bu, təkcə onların maraqları ilə bağlı deyil, həm də onları yönləndirən qüvvələrin bölgədə təsir imkanlarını genişləndirmək məqsədi daşıyır. Bölgədə yaşayan türk-müsəlman əhaliyə təzyiq göstərmək, region xalqlarının sərvətlərinə nəzarət etmək üçün müxtəlif vasitələrdən istifadə olunur. Qarabağ 30 il işğal altında qaldığı müddətdə yüzlərlə kənd və şəhər dağıdılıb, dini və tarixi abidələr məhv edilib. Qarabağdakı məscidlər, Azərbaycan xalqına məxsus mədəniyyət nümunələri ermənilər tərəfindən dağıdılıb. Eyni zamanda bölgədə mövcud olan alman kilsələrinə qarşı da müdaxilələr edilib, bəzi abidələr dəyişdirilərək erməni kilsəsi formasına salınıb. Həmçinin Qarabağda hansısa kilsələrin Azərbaycan tərəfindən sökülməsi ilə bağlı konkret məlumata malik deyiləm. Mən belə bir hadisə barədə nə eşitmişəm, nə də bununla bağlı ciddi fakt görmüşəm. Hesab etmirəm ki, Azərbaycan tərəfi belə bir addım atsın. Amma ola bilər ki, sonradan saxtalaşdırılmış və erməniləşdirilən bəzi abidələrin ilkin görnüşünün bərpası istiqamətində işlər görülsün. Əgər hansısa alban və ya alman kilsəsi sonradan dəyişdirilərək başqa formaya salınıbsa, onun əvvəlki görnüşünə qaytarılması mədəniyyətə qarşı yox, əksinə, tarixi irsin qorunması deməkdir”.


Əli Mustafa vurğulayıb ki, Qarabağda milli-mədəni irsə qarşı ən böyük dağıntıları “erməni faşizmi” törədib:

 

“Bu gün həmin cinayətlərin bir hissəsini törədən şəxslər Azərbaycanda həbsdədir. Digərləri isə Ermənistanda sərbəst şəkildə yaşayır. Qarabağda törədilən cinayətlərə, dağıdılan abidələrə və öldürülən insanlara görə onlar da cavab verməlidirlər. Ermənistan və erməni diasporu bundan sonra da Qarabağla bağlı müxtəlif ittihamlar və iddialar irəli sürəcək. Onların saxtakarlıqlarını və törətdikləri cinayətləri ifşa etmək lazımdır. Qarabağda dağıdılan məscidlər, dəyişdirilən tarixi abidələr və erməniləşdirilən kilsələrlə bağlı ciddi araşdırmalar aparılmalı, bu məlumatlar beynəlxalq platformalarda yayılmalıdır. Azərbaycan bu istiqamətdə informasiya fəaliyyətini davam etdirməlidir. Sənədli materiallar hazırlanmalı, kitablar yazılmalı, beynəlxalq tədbirlərdə bu məsələlər gündəmə gətirilməlidir. Çünki erməni diasporu dini irs məsələsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaq. Buna görə də onların törətdiyi cinayətləri daim gündəmdə saxlamaq vacibdir”.

Fatimə Hüseynli

#iddiaları: #qarabağda #baş #xəbər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər