Kim Çen In Pekində Putinlə görüşdən sonra əşyalar dezinfeksiya edilib
Pekin – Şimali Koreya lideri Kim Çen In, Rusiya Prezidenti Vladimir Putinlə Pekində baş tutan görüşdən sonra sərt bioloji təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. Görüşdən dərhal sonra liderin toxunduğu bütün əşyalar – stulun qoltuq hissəsindən arxa dayağına qədər – xüsusi heyət tərəfindən silinib və dezinfeksiya edilib. Kimin istifadə etdiyi stəkan isə dərhal məkanından uzaqlaşdırılıb.
Analitiklər bildiriblər ki, bu tədbirlər xarici kəşfiyyat orqanlarının bioloji nümunələr toplamasının qarşısını almağa yönəlib və Kimin sağlamlıq vəziyyəti ilə bağlı məlumat sızmasının qarşısını almaq məqsədini daşıyıb.
Məlumata görə, Kim Çen In səfərlərində adətən xüsusi hazırlanmış yaşıl zirehli qatardan istifadə edib. Bu qatarda şəxsi tullantıların nəzarətdə saxlanılması üçün xüsusi tualet mövcud olub. Eyni zamanda, tullantı torbaları və siqaret kötükləri də daxil olmaqla potensial bioloji nümunələr onun təhlükəsizlik komandası tərəfindən məhv edilib.
Qeyd olunub ki, oxşar protokollar daha əvvəl də tətbiq olunub. 2019-cu ildə ABŞ Prezidenti Donald Trampla Hanoy zirvəsi və 2018-ci ildə Cənubi Koreya lideri ilə görüş zamanı otaqlar tam təmizlənib və dezinfeksiya olunub.
Mütəxəssislərin fikrincə, bütün bu tədbirlər Kim Çen In-in sağlamlıq vəziyyətini gizli saxlamaq və ictimaiyyət üzərində tam nəzarəti qorumaq strategiyasının bir hissəsi olub.
Haber Global
Sura Əliyeva