Kim Çen İn və Putin niyə Pekinə gedir?
Çərşənbə günü Çində keçiriləcək möhtəşəm hərbi parad zamanı nüvə raketləri və tanklar paytaxt Pekinin Tiananmen meydanından keçəcək, beşinci nəsil qırıcı təyyarələr isə səmada süzüləcək.
Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a bildirib ki, əslində bunda qeyri-adi heç nə yoxdur:
"Belə ki, Şimali Koreya lideri Kim Çen İn, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə İkinci Dünya müharibəsində qələbənin ildönümünü qeyd etmək üçün Pekində hərbi paradda iştirak edəcək. Burada Putinin və Kim Çen İn-in iştirakı simvolikdir. Məsələ ondadır ki, həm SSRİ, həm də Şimali Koreya (o vaxtlar Koreya yarımadası üzərində Sovet təsiri) Çinə Yapon militarizminə qarşı mübarizədə yardım göstəriblər. Bu səbəblə, onların iştirakı "biz bir yerdə döyüşdük, bir yerdə qələbə qazandıq" mesajı verir. Bu, həm də kommunist ideoloji ortaq keçmişin nümayişidir. Yeri gəlmişkən, Çin və Şimali Koreyada hələ də kommunist rejimlərdir. Rusiya isə öz sovet mirasına siyasi və simvolik baxımdan sahib çıxmaqla bu “müqəddəs müharibə” yaddaşını qoruyur.
Lakin tarixi simvolizmdən kənarda, bu səfər eyni zamanda müasir strateji və ideoloji koordinasiyanın rəsmi nümayişidir. Bu liderlərin iştirakını sadəcə “qələbə tədbiri” ilə izah etmək doğru olmaz. Tərəflər bir növ anti-Qərb ittifaqının mesajını verir. Xüsusilə Putin üçün bu səfər həm də Ukrayna savaşında təcridə qarşı cavabdır. Çinlə bir səhnədə yer almaq daxildə legitimlik, xaricdə isə güc nümayişidir. Kim Çen İn üçün isə bu, Pxenyanın regionda və dünyada önəmli geosiyasi oyunçu olduğunu göstərmək, həmçinin Çin və Rusiya ilə yaxınlığını rəsmiləşdirməkdir.
Lakin bütün hallarda bu paradda iştirak o mənaya gəlmir ki, Çin, Rusiya və Şimali Koreya arasında klassik anlamda, yəni NATO kimi formal, hüquqi öhdəliklərə əsaslanan bir strateji ittifaq formalaşır. Hazırkı beynəlxalq şərtlərdə bu real görünmür. Çin bu cür açıq və institusional qarşıdurma bloklarına girməkdən yayınmağa çalışır. Pekin üçün iqtisadi sabitlik və Qərb bazarları ilə əlaqələr hələ də strateji əhəmiyyət daşıyır. Rusiya və Şimali Koreya isə daha kəskin və açıq şəkildə Qərblə qarşıdurma mövqeyindədir. Bu səbəbdən tərəflər arasında balanslı, lakin fərqli ehtiyaclardan doğan, qismən assimmetrik əməkdaşlıq formatı mövcuddur.
Bu münasibətlər daha çox konkret maraqlar üzərində taktiki yaxınlaşma formasındadır. Rusiya enerji ixracında və silah alış-verişində Şimali Koreya ilə əməkdaşlıq edir, eyni zamanda Çinin texnologiya və diplomatik dəstəyinə güvənir. Şimali Koreya isə bu əlaqələrdən həm iqtisadi nəfəs borusu, həm də nüvə proqramına dolayı legitimlik qazanmaq üçün istifadə edir. Çin isə bu iki ölkəni tam şəkildə öz orbitinə salmaq əvəzinə, onları balanslayaraq Qərb təzyiqlərinə qarşı sükut içində bir “geosiyasi tampon” kimi saxlayır".
Fatimə Heydərova