Kirk-in qətlinə dair siyasi addımlar görünmür
ABŞ Prezidenti Donald Trampın sərt açıqlamalarına baxmayaraq, tanınmış müttəfiqi Çarli Kirk-in qətli ilə bağlı Ağ Evdə konkret siyasi addımlar müşahidə olunmur.
Hadisədən bir gün sonra Tramp, heç bir dəlil göstərmədən, Kirk-in ölümündə “radikal sol”u ittiham edib. O, istintaqın “böyük irəliləyiş” əldə etdiyini bildirsə də, cinayətin motivi barədə açıqlama verməkdən imtina edib. Ağ Ev rəsmiləri də Prezidentin növbəti addımları barədə detallı məlumat verməyiblər, lakin cinayətkarların ədalət qarşısında cavab verəcəyini vurğulayıblar.
Administrasiyadakı bəzi yüksək vəzifəli şəxslər isə ilkin reaksiyanın Trampın tez-tez istifadə etdiyi siyasi rıçaqlara əsaslana biləcəyini göstəriblər. Ağ Ev müşaviri Stiven Miller sosial şəbəkədə bəzi müəllimləri, səhiyyə işçilərini və dövlət qulluqçularını “pis ideologiyaya xidmət etməkdə” günahlandırıb, lakin konkret tədbir göstərməyib. Dövlət Departamentinin rəsmisi Kristofer Landau isə Kirk-in qətlini yüngül sayan əcnəbilərin müəyyən edilərək onlara qarşı addım atılacağını bildirib. Müdafiə naziri Pit Hegseth də oxşar mövqe nümayiş etdirərək “tamamilə qəbuledilməz reaksiyalara” qarşı tədbir görüləcəyini açıqlayıb.
MAGA tərəfdarları Tramp administrasiyasına yalnız qatilin axtarışı ilə kifayətlənməməyi, daha geniş ideoloji mübarizə aparmağı tələb edirlər. Aktivist Laura Lumer mediadan Demokrat Partiyasına qədər “solçu səbəbləri dəstəkləyən” şəxslərə qarşı “müharibə” çağırışı edib.
Nyu-Yorkda “Yankees” oyunu öncəsi çıxış edən Tramp isə tərəfdarlarına sakit qalmağı tövsiyə edərək, Kirk-i “zorakılığa qarşı olan bir şəxs” kimi xarakterizə edib.
Reuters
Sura Əliyeva