KİV: ABŞ Maduronun pilotunu ələ almağa cəhd edib
ABŞ hakimiyyəti Venesuela Prezidenti Nikolas Maduronun təyyarə pilotlarından birini ələ almağa çalışıb.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ hərbi qüvvələri Venesuelaya qarşı hərbi əməliyyatlara başlaya bilər:
"Bu məlumat dünya mətbuatına ABŞ-nin "Associated Press" agentliyi vasitəsilə yayılıb. Yəni bu hadisə həqiqətən də baş verib. ABŞ-nin Dominikan Respublikasındakı səfirliyində təhlükəsizlik məsələləri üzrə çalışan polkovnik Edvin Lopez vasitəsilə Dominikan Respublikasında Venesuela Prezidenti Nikolas Maduronun beş təyyarə pilotunu əməkdaşlığa cəlb etmək cəhdi olub. Əsas hədəf isə general Bitnes Vileqas olub. ABŞ-nin daxili təhlükəsizlik xidməti vasitəsilə ona əməkdaşlıq təklifi edilib və onların arasında yaxın telefon yazışmaları aparılıb. Maduronun sərəncamında 12 ədəd böyük və bahalı təyyarə var və bu təyyarələr ABŞ-nin sanksiyaları altındadır. Həmin təyyarələr Dominikan Respublikasında həbs edilərək müsadirə olunub. Beş pilot isə daha sonra ölkəyə geri qayıdıb. Təklif belə olub ki, Maduronun əsas pilotu, general Bitnes Vileqas, prezidentin təyyarədə olduğu bir vaxtda təyyarəni ya Dominikan Respublikasına, ya da Puerto Riko ərazisində yerləşən ABŞ-nin Quantanamo hərbi bazasına endirsin. Bu plan sonradan Venesuela təhlükəsizlik orqanları vasitəsilə ifşa olunub. Yayımlanan televiziya proqramlarından birində general Bitnes Vileqas çıxış edərək bütün bu məsələni ictimaiyyətə açıqlayıb".
Politoloq bildirib ki, ABŞ vasitəsilə general Bitnes Vileqasa 50 milyon dollar mükafat təklif olunub:
" Əlbəttə ki, ABŞ ilə Venesuela arasındakı münasibətlər kifayət qədər gərgindir və həm Maduro, həm də Venesuela sanksiyalar altındadır, bu cəhd təsadüfi sayıla bilməz. Bütün bunlara baxmayaraq, Amerikanın böyük neft şirkətləri Venesuelada fəaliyyətlərini davam etdirirlər. ABŞ isə Maduro və onun hakimiyyətini diktator rejimi kimi dünyaya təqdim edir. ABŞ Hərbi Hava Qüvvələri vasitəsilə narkotik daşıyan bir kater və iki hərbi gəmi hava hücumuna məruz qalaraq məhv edilmişdir. Bu hadisə kifayət qədər rezonans doğurub və onsuz da gərgin olan ABŞ–Venesuela münasibətlərini daha da gərginləşdirib. Nəzərə almaq lazımdır ki, oktyabrın 10-na qədər ABŞ hərbi qüvvələri Venesuelaya hücumu müvəqqəti olaraq dayandırıb. Bunun əsas səbəblərindən biri isə Donald Trampın Nobel Sülh Mükafatına təqdim olunması məsələsi idi. Yəni ehtimal olunur ki, yaxın günlərdə ABŞ hərbi qüvvələri Venesuelaya qarşı hərbi əməliyyatlara başlaya bilər".
Səmayə Səftərova