KİV: Rusiya Ukraynadakı müharibədə ciddi kadr çatışmazlığı ilə üzləşib
Rusiyanın Ukraynada davam edən müharibədə əsas problemlərindən biri canlı qüvvə çatışmazlığı olaraq qalır. Bu barədə CNN hərbi ekspertlər və kəşfiyyat rəsmilərinə istinadən məlumat yayıb.
"İnformator.az" xəbər verir ki, Kreml yeni genişmiqyaslı səfərbərlik elan etməkdən çəkinir. Bunun əvəzinə Rusiya hakimiyyəti müqaviləli hərbçilərin cəlb olunmasına üstünlük verir və yüksək maliyyə təşviqlərindən istifadə edir.
Ekspertlərin fikrincə, Rusiya böyük insan resurslarına malik olsa da, uzunmüddətli müharibə və yüksək itkilər səbəbindən təcrübəli hərbçilərin sayı azalır. Bu isə ordunun hücum əməliyyatlarını davam etdirmək imkanlarına təsir göstərir.
Moskva aylıq olaraq minlərlə yeni hərbçi cəlb etməyə çalışır. Bununla belə, cəbhədəki itkilərin kompensasiya edilməsi getdikcə daha çətinləşir. Rusiya rəhbərliyi geniş səfərbərlik qərarının cəmiyyətdə narazılığa səbəb ola biləcəyindən ehtiyat edir.
Rusiya ordusu hazırda cəbhə xəttində üstünlüyünü qorumağa çalışsa da, kadr çatışmazlığı onun ən həssas nöqtələrindən biri olaraq qalır. Hərbi analitiklər hesab edirlər ki, müharibənin uzanması bu problemi daha da dərinləşdirə bilər.