Kiyevdə azərbaycanlıları gülləliyən şəxsi ömürlük cəza gözləyir
Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində güllələnən azərbaycanlılarla bağlı hadisənin təfərrüatları və hadisəni törədənin kimliyi məlum olub.
"İnformator.az" Ukrayna hüquq mühafizə orqanlarındakı mənbədən xəbər verir ki, hadisəni törədən şəxs 1973-cü il təvəllüdlü, Ukrayna vətəndaşı, Fastiv şəhər sakini İvanenko Oleksandr Volodimiroviçdir.
O, 2022-ci ilin yazından 2023-cü ilin payızına qədər Ukrayna ordusunda döyüşüb.
Kiyev vilayət prokurorluğunun rəhbəri Dmitro Prokudin isə hadisəni təfərrüatları ilə bağlı açıqlamasında bildirib ki, hadisə avqustun 31-də baş verib və qətli törədən şəxslə küçədə qarpız satan şəxslər arasında insident yaşanıb.
O qeyd edib ki, qarpız satan şəxslər etnik azərbaycanlılardır və Ukrayna vətəndaşlarıdırlar:
"Bu, ata Rəhimov Fərman və oğlu İsmayıl olub. Onlara yaxınlaşan həmin şəxslə söhbəti zamanı aralarında münaqişə yaranıb. Yaxınlaşan şəxs keçmiş hərbçi olub. Mübahisə münaqişəyə çevrilərkən 52 yaşlı Fastiv sakini evinə gedərək tapança götürüb, geri qayıdaraq ata və oğulu güllələməyə başlayıb. Nəticədə Rəhimov İsmayıl dünyasını dəyişib. Yaralı ataya lazımi köməklik göstərilib. Xoşbəxtlikdən onun zədəsi ciddi deyildi və o qədər də ağır nəticələrə səbəb olmayıb. O artıq xəstəxanadan çıxıb, indi oğlunun dəfni ilə məşğuldur".