00:00:00
Yazar
Səadət Əlizadə
21.08.2026 22:57 17 2 dəq oxuma
Sosial

Köhnə və idxal olunan avtomobillərin təhlükəsizliyi: hansı tədbirlər görülməlidir?

Köhnə və idxal olunan avtomobillərin təhlükəsizliyi: hansı tədbirlər görülməlidir?

Köhnə avtomobillərin texniki vəziyyəti və müasir təhlükəsizlik sistemlərinin olmaması qəza zamanı həm sürücü, həm də sərnişinlər üçün riskləri artıra bilər. Xüsusilə əyləc, sükan, təkərlər, təhlükəsizlik kəmərləri və kuzovun vəziyyəti qəzanın nəticələrinə birbaşa təsir edən əsas amillərdəndir. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, köhnə avtomobillərdə təhlükəsizlik sistemlərinin vəziyyəti və ölkəyə idxal olunan avtomobillərin təhlükəsizliyi ilə bağlı əsas diqqət avtomobilin yaşından daha çox onun təhlükəsizlik sistemləri ilə təchiz olunmasına və texniki vəziyyətinə yönəldilməlidir.

 

"Sovet istehsalı olan köhnə avtomobillərdə müasir tələblərə cavab verən təhlükəsizlik sistemləri, o cümlədən ABS və təhlükəsizlik yastıqları mövcud deyil. Bununla yanaşı, hələ 1990-cı illərdə Qərb, Yaponiya və ABŞ istehsalı olan bir sıra avtomobillərdə təhlükəsizlik yastıqları, təhlükəsizlik kəmərləri və ABS kimi sistemlər tətbiq olunub.

Təhlükəsizlik sistemləri olmayan və ya texniki cəhətdən nasaz vəziyyətdə olan avtomobillərin iştirakı ilə baş verən qəzalarda sürücü və sərnişinlərin ağır xəsarət alması və həyatını itirməsi riski artır. Eyni zamanda, istehsalçı zəmanəti olmayan, fərdi qaydada idxal edilən və rəsmi nümayəndəliyi və servis şəbəkəsi mövcud olmayan avtomobillərlə bağlı da müəyyən təhlükəsizlik problemləri yarana bilər. Belə nəqliyyat vasitələrində təhlükəsizlik kəmərinin işləməməsi, əyləc sistemində nasazlıq yaranması, manevr zamanı idarəetmənin itirilməsi və digər texniki problemlər qəzanın nəticələrini ağırlaşdıra bilər.

Hazırda Azərbaycana avtomobillər əsasən iki istiqamətdə gətirilir: istehsalçı zəmanəti ilə və ölkədə rəsmi nümayəndəliyi, servis şəbəkəsi olan markalar, eləcə də fərdi qaydada, zavod zəmanəti və yerli nümayəndəliyi olmayan avtomobillər. Bu baxımdan, xüsusilə fərdi qaydada idxal olunan avtomobillərin təhlükəsizlik standartlarına uyğunluğu və texniki vəziyyəti məsələsi diqqətdə saxlanılmalıdır.

İsmayıllı yolunda baş verən ağır qəza fonunda da avtomobillərin texniki vəziyyətinin və təhlükəsizlik sistemlərinin qəzanın başverməsinə və nəticələrinə təsirinin araşdırılması aktuallaşır. Belə hallarda yalnız sürücü faktoru deyil, avtomobildə hər hansı mexaniki və ya elektron nasazlığın olub-olmaması, əyləc sisteminin, təhlükəsizlik kəmərlərinin və digər təhlükəsizlik mexanizmlərinin işlək vəziyyətdə olub-olmaması da ətraflı şəkildə araşdırılmalıdır".

 

 

Səadət Əlizadə

#hansı #görülməlidir? #tədbirlər #idxal
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər