00:00:00
Yazar
Zəhra Həsənova
03.08.2026 22:43 23 2 dəq oxuma
Sosial

“Kolleci seçən abituriyentlərin demək olar ki, heç biri bunu məqsədli şəkildə etmir” - Ekspert

“Kolleci seçən abituriyentlərin demək olar ki, heç biri bunu məqsədli şəkildə etmir” - Ekspert

Dövlət İmtahan Mərkəzi  kolleclərə ixtisas seçimi mərhələsinə start verib. İxtisas seçimi edən abituriyentlər müəyyən olunan müddət ərzində elektron ərizə formasını dolduraraq seçimlərini təsdiqləməlidirlər. Mütəxəssislər bildirirlər ki, bu mərhələdə yalnız keçid ballarına deyil, əmək bazarının tələblərinə, ixtisasın gələcək perspektivlərinə və şəxsi maraqlara da diqqət yetirmək vacibdir.

 

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında  bildirib ki, Azərbaycanda kollec təhsili əmək bazarına inteqrasiya baxımından hələ də arzu olunan səviyyəyə çatmayıb. Abituriyentlər ixtisas seçərkən əmək bazarının tələblərini deyil, daha çox kolleci bitirdikdən sonra imtahansız bakalavr pilləsinə qəbul olmaq imkanını nəzərə alırlar:

“Azərbaycanda kollec təhsilinin ümumilikdə müsbət imici formalaşmayıb. Buna görə də kollecdə ixtisas seçənlərin əksəriyyəti bunu məcburiyyətdən edir. Əmək bazarında peşə qazanmaq və işləmək məqsədi ilə seçim edən abituriyentlərin sayı çox azdır. Əsas məqsəd kolleci bitirdikdən sonra imtahansız şəkildə universitetə keçməkdir”, -  o bildirib.

 

Ekspert qeyd edib ki, 150 ballıq keçid balının tətbiqindən sonra subbakalavrların ali təhsil müəssisələrinə qəbul imkanlarının da tədricən azalacağı gözlənilir:

 

“Artıq iki-üç ildir ki, bəzi ali təhsil müəssisələri subbakalavrların qəbulundan imtina edir. Məsələn, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yalnız tabeliklərində olan kolleclərin məzunlarını qəbul etməklə bağlı qərar qəbul edə bilər. Düzdür, Dövlət İmtahan Mərkəzi bununla bağlı daha ciddi qərarlar qəbul edə bilər. Çünki mövcud qaydalarda subbakalavrların qəbulu ilə bağlı konkret məhdudiyyət yoxdur. Lakin universitetlər bildirirlər ki, kolleclərdən gələn tələbələrin hazırlıq səviyyəsi zəif olur və onlar auditoriyadakı digər tələbələrlə ayaqlaşa bilmirlər. Mən düşünürəm ki, ya kollec təhsilində ciddi islahatlar aparılmalıdır, ya da orta ixtisas təhsili subbakalavr pilləsinə çevrilməlidir. Təhsil sistemi subbakalavr, bakalavr, magistratura və doktorantura olmaqla dörd pillədən ibarət olmalıdır. Bu halda həm tədrisin keyfiyyətini artırmaq, həm də əmək bazarının tələblərinə uyğun kadr hazırlığını təmin etmək mümkün olar. Hazırkı vəziyyətdə isə kolleci seçən abituriyentlərin demək olar ki, heç biri bunu məqsədli şəkildə etmir. Bu, birmənalıdır”.

Fatimə Hüseynli

#xəbər #abituriyentlərin #olar #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər