Kolumbiya ABŞ-nin Venesuela əməliyyatına etiraz edib
Kolumbiya ABŞ-nin Venesuelaya qarşı hərbi təcavüzü ilə bağlı beynəlxalq səviyyədə narahatlığını ifadə edərək, BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib. Eyni zamanda, vəziyyətin regionda yaratdığı təhlükəsizlik risklərini müzakirə etmək məqsədilə regional səviyyədə fövqəladə məsləhətləşmələrin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının Venesuela ətrafında xeyli vaxtdır apardığı kampaniya nəhayət, uğurlu nəticə ilə başa çatıb. Üç saatlıq əməliyyatdan sonra ABŞ Venesuelanın paytaxtını nəzarətə götürüb, ölkə prezidentini və onun yaxın çevrəsini saxlayaraq ölkədən çıxarıb:
“Prezidentin həbs edildiyini, yoxsa əsir alındığını necə adlandırmaq olar bunu dəqiq demək çətindir. Lakin fakt ondan ibarətdir ki, artıq Maduro ABŞ-nin nəzarətindədir. Latın Amerikası ölkələrinin bu hadisəyə reaksiyası isə hələlik tam aydın deyil. Bununla belə, Maduro ilə bağlı ABŞ tərəfinin uzun müddətdir apardığı ciddi PR kampaniyası mövcud idi. Amerika tərəfi hesab edir ki, Maduro narkobizneslə məşğuldur, narkotika ticarətində iştirak edir və ABŞ-də narkotik asılılığının yayılmasında rol oynayır. Ümumilikdə, narkotik alveri ilə məşğul olan bu cür qurumların ABŞ-də beynəlxalq və ya xarici terror təşkilatı kimi tanınması praktikasına rast gəlinir. Bu isə Vaşinqtona həmin təşkilatlara qarşı istənilən vaxt hərbi əməliyyatlar keçirmək səlahiyyəti verir. Bu baxımdan baş verənlər gözlənilən idi. Sadəcə olaraq, Latın Amerikası ölkələri arasında Kolumbiya hələlik ABŞ-lə bu məsələdə razılaşmır. Zaten Kolumbiya-ABŞ münasibətləri də son dövrlər o qədər də yaxşı deyil və müəyyən mənada Kolumbiya da ABŞ-nin hədəfində olan ölkələrdən biri hesab oluna bilər. Bu məsələ beynəlxalq hüquq baxımından da kifayət qədər mürəkkəbdir. Bir suveren dövlətin prezidentinin başqa bir dövlət tərəfindən saxlanılması beynəlxalq hüquqa zidd hesab olunur. Lakin ABŞ təcrübəsində bu cür hallar əvvəllər də müşahidə edilib və bu, ilk hadisə deyil”.
Ekspert həmçinin bunu da qeyd edib ki, məlumata görə, sabah saat 03:00-da BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək və məsələ müzakirə olunacaq. Ancaq buradan ciddi və ABŞ-nin addımlarını əngəlləyəcək bir qərarın çıxacağı gözlənilmir, çünki ABŞ Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir və istənilən qərara veto qoymaq imkanına malikdir:
“Şuranın digər daimi üzvləri, Rusiya və Çin bu məsələdən narazıdır. Çin artıq mövqeyini açıq şəkildə ifadə edib, Rusiyanın mövqeyi isə hələlik nisbətən qeyri-müəyyən görünür. Sabah onların da rəsmi açıqlamalarının olacağı ehtimal edilir. Lakin Təhlükəsizlik Şurasının qəbul edəcəyi hər hansı qərarın belə ABŞ-nin bu addımlarına real təsir göstərəcəyi inandırıcı görünmür. Böyük ehtimalla Maduro Nyu-Yorkda mühakimə olunacaq. ABŞ tərəfinin onun barəsində müxtəlif cinayətlərə dair materiallar, sübutlar və dəlillər topladığı bildirilir. Güman edilir ki, o, müəyyən müddət həbsdə saxlanılacaq və məhkəmə prosesi keçiriləcək.Venesuelada isə hazırda vitse-prezident səlahiyyətləri icra edir. Ölkə daxilində vəziyyət birmənalı deyil: ABŞ müdaxiləsindən məmnun olanlar da var, buna etiraz edənlər də. Yaxın günlərdə Venesuela xalqının reaksiyasının hansı istiqamətdə inkişaf edəcəyi daha aydın görünəcək. Əgər kütləvi etirazlar güclü olarsa, ABŞ-nin müəyyən korrektələr etməsi gündəmə gələ bilər. Əks halda isə hadisələrin ABŞ-nin planlaşdırdığı ssenari üzrə davam edəcəyi ehtimal olunur. Mümkündür ki, müəyyən müddətdən sonra Venesuelada seçkilər keçirilsin və ABŞ-yə daha yaxın olan yeni bir hakimiyyət formalaşsın. Bu məsələdə Venesuelanın zəngin neft ehtiyatları əsas rol oynayır. Xüsusilə ağır neft ehtiyatlarının emalı üçün ABŞ texnologiyası və maliyyə imkanları mövcuddur. Venesuela isə həm sanksiyalar, həm də texniki imkanların məhdudluğu səbəbindən bu sərvətlərdən tam istifadə edə bilmirdi”.
Politoloq açıqlamasında bunu da bildirib ki, hazırda Venesuela gündə təxminən 1 milyon barel neft hasil edə bilir, amma ehtiyatları bundan qat-qat çoxdur:
“Gözlənilir ki, Latın Amerikası ölkələrinin böyük hissəsi bu məsələdə ehtiyatlı mövqe tutacaq və ABŞ-ə açıq şəkildə qarşı çıxmayacaq. Kolumbiya başda olmaqla bəzi ölkələrin etirazları olsa da, bunun ciddi nəticələr doğuracağı inandırıcı görünmür. Çünki ABŞ hələ də dünyanın ən güclü dövlətidir və müxtəlif regionlarda 700-dən artıq hərbi bazaya malikdir. Tramp administrasiyası faktiki olaraq Monro doktrinasına qayıdış nümayiş etdirir, yəni bütün Amerika qitəsində ABŞ-nin təsirinin gücləndirilməsi siyasətini aparır. Bu kontekstdə Rusiyanın və xüsusilə Çinin Latın Amerikasındakı mövqelərinin zəiflədilməsi ABŞ-nin növbəti hədəflərindən biri kimi görünür. Təsadüfi deyil ki, Venesueladan ən çox neft alan ölkələrdən biri məhz Çin idi və bu amil də ABŞ-nin bu addımı atmasında mühüm rol oynaya bilər. ABŞ hər fürsətdə Çini zəiflətməyə, xüsusilə Cənubi Amerikada onun təsirini azaltmağa və regiondan sıxışdırıb çıxarmağa çalışır. Odur ki, yaxın günlərdə ABŞ-nin vəziyyəti yenidən qiymətləndirərək addımlarını buna uyğun atacağı gözlənilir. ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərində gərginliyin davam edəcəyi isə istisna edilmir”.
Güllər Gülhüseynova
