Kopenhagendə İlham Əliyev və Zelenski arasında görüş baş tutub
Ukrayna Prezidenti Volodimir Zelenski Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirdiyini bildirib. O, sosial şəbəkə hesabında paylaşıb ki, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri və beynəlxalq gündəmdə duran aktual mövzular müzakirə olunub.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qlobal məkanda keçirdiyi bütün görüşlər ölkəmiz üçün böyük əhəmiyyət daşıyır:
"Bu görüşlər təkcə Azərbaycan üçün deyil, beynəlxalq problemlərin həlli baxımından da mühüm xarakterə malikdir. O cümlədən, Azərbaycan və Ukrayna prezidentləri arasında keçirilən görüşlər Ukrayna müharibəsinin gələcək inkişaf istiqamətlərinə təsir edən vacib hadisələrdən biri hesab olunur. Azərbaycan bu müharibənin tərəfi deyil. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını əsas prinsip kimi qəbul edir. Bununla yanaşı, Azərbaycan Rusiya-Ukrayna müharibəsində neytral mövqedə dayanır və ən əsası beynəlxalq hüquq normalarının tərəfdarıdır. Ümumilikdə, Azərbaycan və Ukrayna arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Ölkəmiz Ukraynaya milyonlarla dollar həcmində humanitar yardım göstərib. Bununla belə, Azərbaycan hərbi xarakterli dəstək vermir. Siyasi baxımdan isə Azərbaycan açıq şəkildə Ukraynanın yanında olduğunu nümayiş etdirib. Ukrayna tərəfi də dəfələrlə Azərbaycana göstərdiyi humanitar dəstəyə görə təşəkkür edib".
Ekspert həmçinin bunu da bildirib ki, Azərbaycanın Ukraynaya münasibəti heç bir halda Rusiya ilə əlaqələrinə təsir etmir:
"Bu, bir-birindən ayrı istiqamətlərdə inkişaf edən münasibətlərdir. Azərbaycan Ukrayna ilə əlaqələrini Rusiyaya qarşı mövqe üzərində qurmur. Buna görə də Rusiyanın bundan mənfi nəticə çıxarması üçün əsas yoxdur. Sadəcə, Rusiyada bəzi dairələr hesab edirlər ki, Rusiya ilə münasibətlər yalnız qarşı tərəfin Rusiyanın düşmənləri ilə düşmən olması prinsipi üzərində qurulmalıdır. Halbuki, bu, müasir dünyada həm məntiqsiz, həm də absurd yanaşma sayılır. Azərbaycan çalışır ki, Rusiya ilə münasibətlərini normal saxlasın. Lakin Kremlin Azərbaycana qarşı bəzən qərəzli və aqressiv mövqeyi iki ölkə arasında ziddiyyətlərin yaranmasına səbəb olur. Bu problemlərin Azərbaycanla birbaşa bağlılığı yoxdur, onların kökündə məhz Rusiyanın aqressiv siyasəti dayanır. Bütün hallarda, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiq qalır və Ukraynanın ərazi bütövlüyü ilə sərhədlərinin toxunulmazlığını prioritet mövqe kimi qəbul edir".
Güllər Gülhüseynova
