Kreml: Putin Trampın sülh təşəbbüslərini yüksək qiymətləndirir
“Putin prezident Trampın səylərini yüksək qiymətləndirir. O, münasibətlərinin konstruktiv xarakterini dəyərləndirir”, – deyə Peskov vurğulayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Tramp bu məsələdə həm ABŞ üçün müəyyən üstünlüklər əldə etmək, həm də müharibənin dayandırılması yolu ilə öz reytinqini artırmaq niyyətindədir:
"Putin Trampın Ukrayna məsələsində nəyə nail olmaq istədiyini yaxşı anlayır. Tramp bu məsələdə həm ABŞ üçün müəyyən üstünlüklər əldə etmək, həm də müharibənin dayandırılması yolu ilə öz reytinqini artırmaq niyyətindədir. O uzun illərdir döyüş meydanında müharibə aparan Rusiyanın da müəyyən mənada qələbə ilə çıxmasını istəyir. Ən azı işğal olunmuş ərazilərin bir hissəsinin Rusiyanın nəzarətində qalmasını Tramp görünür ki, məqbul hesab edir. Bu nə dərəcədə baş tutacaq bu artıq başqa bir mövzudur. Amma hər halda Putin Trampın Ukrayna məsələsində pərdə arxasında və açıq şəkildə hansı niyyətlə çalışdığını az-çox anlaya bilir və bu mövqelər müəyyən mənada Putini qane edir. Ukrayna məsələsində isə Trampın mövqeyi Putinə xeyli dərəcədə sərf edir. Çünki o ilk gündən işğal olunmuş ərazilərin hamısının Ukraynaya qaytarılmasının mümkün olmadığını vurğulayıb və ümumiyyətlə, Krımın qaytarılmasından danışmayıb. Bu isə Rusiyanın maraqlarına xeyli uyğun gəlir. Bundan əlavə, Tramp müharibədən sonra Ukraynanın təbii sərvətlərinin istismarı ilə bağlı da bəzi bəyanatlar verib ki, bu da Rusiyaya dolayı şəkildə faydalı ola bilər. Rusiya düşünür ki, gələcəkdə ABŞ-lə birlikdə Ukraynadakı faydalı qazıntılar sahəsində əməkdaşlıq edə bilər və bu ehtimal onu ruhlandırır. Eyni zamanda, Ukraynada belə bir əməkdaşlığın başlanması dünyanın digər bölgələrində də Putinə Trampla bu səpkidə müəyyən əməkdaşlıqlara getmək imkanı yaradır. Bu səbəbdən Putin Trampın açıqlamalarından tam şəkildə məmnun qalmasa da və bu açıqlamaların gələcəyinə tam əmin olmasa da, onlara xeyli dərəcədə məqbul yanaşır".
Eyni zamanda, siyasi şərhçi qeyd edir ki, bütün bunlar Putinin açıqlamalarında Tramp ilə münasibətlərin indiki mərhələdə kəskinləşməsinə yol verməmək məqsədi daşıyır:
"Putin Trampın Ukrayna ilə bağlı açıqlamalarına loyal münasibət nümayiş etdirir ki, bu da ən azı formal baxımdan münasibətləri normal saxlamağa şərait yaradır. Digər tərəfdən, bu cür açıqlamaların ABŞ-də seçki kampaniyasına təsir edib-etməyəcəyinə gəldikdə isə, artıq Rusiya ilə münasibətlər ABŞ-də seçkilərə yeganə təsir göstərən faktor statusunu tədricən itirir. Əgər bu, ABŞ-də əvvəlki son seçki ərəfəsində baş versəydi, Putinin və Rusiyanın açıqlamalarının müəyyən təsirindən danışmaq mümkün olardı. Amma bu gün üçün ABŞ-də keçiriləcək seçkilərə və seçki mühitinə təsir baxımından Putinin açıqlamaları birinci dərəcəli və həlledici rol oynamır. Bu gün ABŞ-nin öz daxilində Trampın apardığı siyasətin seçki mühitinə təsir gücü, Putinin verdiyi bəzi açıqlamalardan daha çoxdur. Artıq Trampın müxtəlif qərarlarının federal məhkəmələrin ləğv etməsi, onun keçmiş müttəfiqlərlə münasibətlərə mənfi təsiri, eləcə də həyata keçirdiyi islahatların ABŞ-yə hansı real fayda gətirib-gətirmədiyinin hələ də mübahisəli qalması, seçki mühitinə daha güclü və birbaşa təsir göstərir. Son günlərdə bir sıra ştatlara, o cümlədən Miçiqan, İllinois və Kolumbiya dairəsinə Milli Qvardiyanın, yəni silahlı qüvvələrin yerləşdirilməsi Trampın nüfuzuna ciddi zərbə vurub. Bir qədər irəli getsək, bütün bunlar ABŞ seçicisinin nəzərində Trampın getdikcə daha çox avtoritar hakimiyyətə meyl göstərdiyini düşünməsinə səbəb olur".
Səmayə Səftərova