00:00:00
Yazar
Səadət Əlizadə
19.10.2026 13:50 38 2 dəq oxuma
Siyasət

Kreml Rusiya, ABŞ və Çin liderlərinin görüşünün mümkünlüyünü təsdiqləyir

Kreml Rusiya, ABŞ və Çin liderlərinin görüşünün mümkünlüyünü təsdiqləyir

Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli görüşü keçirilə bilər. Dmitri Peskov bildirib ki, tərəflər bu ehtimalı qəbul edirlər, lakin görüşün tarixi və gündəliyi hələ müəyyənləşməyib. Görüşün APEC sammiti çərçivəsində keçirilməsi mümkündür.



Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, 
Rusiya, ABŞ və Çin liderlərinin mümkün üçtərəfli görüşü beynəlxalq münasibətlərdə mühüm diplomatik hadisəyə çevrilə bilər:



“Çünki söhbət dünya siyasətinə, qlobal iqtisadiyyata və təhlükəsizlik məsələlərinə ciddi təsir göstərən üç böyük dövlətdən gedir. Belə bir görüşün əsas əhəmiyyəti tərəflər arasında mövcud ziddiyyətlərin aradan qaldırılmasından daha çox, rəqabətin idarə olunması və qarşıdurma risklərinin azaldılması ola bilər. ABŞ ilə Çin arasında iqtisadi və texnoloji rəqabət, Rusiya ilə Qərb arasında Ukrayna müharibəsi fonunda yaranan  qarşıdurma danışıqların əsas çətinlikləridir. Bu səbəbdən üç ölkənin bütün məsələlər üzrə ortaq mövqeyə gəlməsi real görünmür. Bununla belə, liderlər arasında birbaşa dialoq nüvə təhlükəsizliyi, regional münaqişələr və beynəlxalq iqtisadi münasibətlər üzrə müəyyən razılaşmaların əldə olunmasına şərait yarada bilər”.

 

Müsahibin sözlərinə görə, Azərbaycan üçün isə belə bir görüşün nəticələri xüsusilə Cənubi Qafqazın təhlükəsizliyi baxımından əhəmiyyətli ola bilər:



“ABŞ-nin regionda diplomatik fəallığının artması, Rusiyanın ənənəvi təsir imkanlarını qorumağa çalışması və Çinin Orta Dəhlizə iqtisadi marağı üç dövlətin Cənubi Qafqaza yanaşmasını fərqləndirir. Əgər liderlər arasında beynəlxalq təhlükəsizlik və nəqliyyat əlaqələri üzrə müəyyən anlaşma əldə olunarsa, bu, regionda sabitliyə və iqtisadi əməkdaşlığa müsbət təsir göstərə bilər”. 

 


Politoloq qeyd edib ki, böyük dövlətlər arasında rəqabətin dərinləşməsi Azərbaycan üçün əlavə diplomatik çağırışlar yarada bilər:


“Bu baxımdan Azərbaycanın əsas prioriteti müstəqil xarici siyasətini davam etdirmək, bütün tərəflərlə qarşılıqlı maraqlara əsaslanan münasibətləri qorumaq və regional layihələrdə öz milli maraqlarını təmin etməkdir. Xüsusilə Azərbaycan-Ermənistan sülh prosesi və regional kommunikasiyaların açılması məsələlərində qərarların region dövlətlərinin suverenliyi nəzərə alınmaqla qəbul edilməsi mühüm əhəmiyyət daşıyır”.

 


Aysu Abbasova

#çin #görüşünün #azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər