Kriptovalyutalar: rəqəmsal maliyyə sistemində yeni mərhələ
Son illərdə kriptovalyutalar maliyyə dünyasında alternativ ödəniş və investisiya vasitəsi kimi geniş yayılıb. Onların ənənəvi elektron pullardan fərqli strukturu və istifadə mexanizmi bu sahəyə marağı daha da artırır.
Mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes
Məktəbinin müəllimi Elnur Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, kriptovalyutalar müasir maliyyə sistemində yeni imkanlar yaratsa da, onların mahiyyətini və risklərini düzgün anlamaq çox vacibdir:
"Kriptovalyutalar ilə gündəlik istifadə etdiyimiz elektron pullar arasında əsas fərq onların idarə olunma mexanizmindədir. Adi elektron pullar məsələn, bank kartındakı və ya mobil tətbiqdəki vəsait banklar və maliyyə qurumları vasitəsilə idarə olunur və dövlət nəzarəti altındadır. Yəni bu vəsaitlər mərkəzləşdirilmiş sistemə bağlıdır. Kriptovalyutalar isə fərqli prinsip üzrə işləyir. Onlar mərkəzi bank və ya maliyyə qurumu tərəfindən idarə olunur. Kriptovalyutalar blokçeyn texnologiyası üzərində qurulur və əməliyyatlar bütün istifadəçilər tərəfindən təsdiqlənən açıq şəbəkədə qeydə alınır. Sadə dillə desək, elektron pullar bank sisteminə bağlıdır, kriptovalyutalar isə mərkəzsiz, yəni vahid idarəedici qurum olmadan fəaliyyət göstərir. Hazırda kriptovalyuta bazarında ən çox istifadə olunan valyutalar arasında Bitcoin, Ethereum və USDT (Tether) xüsusi yer tutur. Bu kriptovalyutaların populyarlığı təsadüfi deyil və onların hər biri bazarda fərqli funksiyanı yerinə yetirir. Bitcoin dünyada yaradılan ilk kriptovalyutadır və bu gün də bazarın lideri hesab olunur. Onun üstünlüyü ilk olmasından irəli gələn etimad faktoru ilə bağlıdır. Uzun illər ərzində formalaşmış istifadəçi bazası, yüksək bazar dəyəri və geniş tanınması Bitcoin-i investorlar üçün daha etibarlı aktiv kimi göstərir. Bir çox maliyyə mütəxəssisləri Bitcoin-i “rəqəmsal qızıl” adlandırır, çünki o, əsasən uzunmüddətli yatırım və dəyərin qorunması məqsədilə istifadə olunur.
Ethereum funksional baxımdan Bitcoin-dən fərqlənir. O, yalnız ödəniş vasitəsi deyil, həm də müxtəlif rəqəmsal xidmətlərin və layihələrin qurulduğu texnoloji platformadır. Məsələn, bir çox kriptovalyuta layihələri, rəqəmsal müqavilələr (smart contract-lar) və
digər innovativ tətbiqlər məhz Ethereum şəbəkəsi üzərində yaradılır. Bu səbəbdən
Ethereum texnoloji baxımdan çoxşaxəli istifadə imkanlarına malikdir və kriptobazarın əsas infrastrukturlarından biri hesab olunur. USDT isə son illərdə ən çox istifadə olunan kriptovalyutalardan birinə çevrilib və onun populyarlığı xüsusi səbəblərlə izah olunur. USDT sabit qiymətə malik olan kriptovalyuta növünə yəni “stablecoin” kateqoriyasına daxildir. Bu o deməkdir ki, onun qiyməti adətən 1 ABŞ dollarına bərabər səviyyədə saxlanılır. USDT faktiki olaraq kriptovalyuta bazarında dolların rəqəmsal alternativi kimi istifadə olunur. Bir çox kriptovalyuta birjalarında alqı-satqı əməliyyatları birbaşa dollarla deyil, məhz USDT vasitəsilə həyata keçirilir. Yəni istifadəçilər əvvəlcə vəsaitlərini USDT-yə çevirir, daha sonra digər kriptovalyutaları alır və ya satırlar. Bu baxımdan USDT bazarın əsas likvidlik
alətlərindən biri hesab olunur. Yekun olaraq, Bitcoin daha çox dəyər saxlama vasitəsi kimi, Ethereum texnoloji platforma kimi, USDT isə sabit qiymətli əməliyyat vasitəsi kimi istifadə olunur. Xüsusilə, USDT-nin populyarlığı onun sabit qiyməti, sürətli köçürmə imkanı və kriptobazarda “rəqəmsal dollar” rolunu oynaması ilə izah olunur. Kriptovalyutalar yeni və sürətlə inkişaf edən maliyyə sahəsi olduğu üçün onların istifadəsi müəyyən risklərlə müşayiət olunur. Ən çox rast gəlinən 3 əsas risk aşağıdakılardır:
1. Qiymət dəyişkənliyi (volatillik) - Kriptovalyutaların qiyməti qısa müddətdə kəskin şəkildə arta və ya azala bilər. Bu isə investorların qısa zamanda ciddi maliyyə itkiləri ilə üzləşməsinə səbəb ola bilər. Xüsusilə bazar təcrübəsi az olan istifadəçilər üçün bu risk daha yüksək olur.
2. Kibertəhlükəsizlik riskləri və dələduzluq halları - Kriptovalyutalar rəqəmsal mühitdə
saxlandığı üçün haker hücumları, saxta platformalar və fişinq (aldadıcı linklər vasitəsilə məlumat oğurluğu) kimi təhlükələr mövcuddur. İstifadəçilər təhlükəsizlik qaydalarına
əməl etmədikdə və ya etibarsız platformalardan istifadə etdikdə vəsait itkisi riski artır.
3. Hüquqi və tənzimləmə qeyri-müəyyənliyi - Bir çox ölkələrdə kriptovalyutaların hüquqi statusu tam formalaşmayıb və qaydalar zamanla dəyişə bilər. Bu isə istifadəçilər və
investorlar üçün əlavə risk yaradır, çünki yeni qaydalar müəyyən əməliyyatları
məhdudlaşdıra və ya əlavə öhdəliklər yarada bilər. Kriptovalyutalar müasir maliyyə sistemində yeni imkanlar yaratsa da, onların mahiyyətini və risklərini düzgün anlamaq çox vacibdir. Məlumatlı yanaşma və təhlükəsizlik qaydalarına riayət etmək bu sahədə riskləri minimuma endirməyin əsas şərtlərindən hesab olunur".

Samirə Allahverdizadə