Kərkük yenidən etirazlarla üz-üzə
İraqın Kərkük şəhərində Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasının geri qayıtmasından sonra Kərkükdə etirazlar başlayıb. Kərkük şəhərində KDP tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında baş verən zorakılıq nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Kərkükdə baş tutan qarşıdurmalarda 4 nəfərin öldüyü, 15 nəfərin yaralandığı, 40 nəfərin saxlanıldığı açıqlanıb. Etirazların başlama səbəbi isə Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasının geri qayıtması və Birgə Əməliyyat Komandanlığı binasının sözügedən partiyaya təhvil verilməsi qərarı olub. Bu səbəbdən şəhərdə yaşayan türkmən və ərəb qrupları etirazlara başlayıb.
Kərkük-Ərbil yolunun nəqliyyata bağlanmasına etiraz edən KDP tərəfdarı olan bir qrup Rəhimava bölgəsində təkər yandıraraq aksiya təşkil edib. İraqın baş naziri Məhəmməd Şia əl-Sudani təhlükəsizlik qüvvələrinə Kərkükdə insident törədənlərə qarşı əməliyyata başlaması əmrini verib. Kərkük Polis İdarəsi etirazlardan sonra yaranan qarışıqlığın ardından komendant saatı elan edib.
Məlumata görə, İraq ordusu şəhərin kürd rayonlarına tam nəzarət edir, eskalasiyaya səbəb olan etirazların bitməsinə baxmayaraq həbslər aparılır. Şəhərin məhəllələrində İraqın antiterror xidmətinin qüvvələri yerləşdirilib. Kərkük meri Rakan Səid əl-Cuburi Birgə Əməliyyat Komandanlığı binasının KDP-yə təhvil verilməsi qərarının təxirə salındığını açıqlayıb. İraqın baş naziri Məhəmməd Şia əl-Sudani hadisə ilə bağlı araşdırma komissiyası yaratmağa çağırıb.
İranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşün ardından birgə mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Hakan Fidan bu cür gərginliyin qarşısının alınmasının zəruriliyi ilə bağlı fikirlərin əvvəllər də İraq hakimiyyətinə bildirildiyini vurğulayıb. O qeyd edib ki, Ankara Bağdaddan PKK-nın artan mövcudluğuna son qoymasını tələb edir.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bildirib ki, bu şəhərdə həssas sosial tarazlığı qorumaq, təmsilçilik və idarəçilik məsələlərində bütün sosial təbəqələrə bərabər səs hüququ vermək lazımdır: “Bu baxımdan, biz şəhərdə əhalinin bütün təbəqələrinin bərabər şəkildə təmsil olunmasını və idarəçilikdə iştirakını təmin edərək sizə çoxdan bəlli olan formulun tərəfdarıyıq. Türkman soydaşlarımızın hüquq və mənafelərinin qorunması bizim İraqla bağlı siyasətimizin əsas prinsiplərindən biridir. Biz bundan sonra da türkmanların hüquqlarının siyasi intriqalara mövzu olmasına qarşı çıxacağıq və onları bütün sahələrdə dəstəkləyəcəyik”.
Qeyd edək ki, Kərkük illərdir müxtəlif etnik qruplar arasında qarşıdurmalara səhnə olub. Ərəb və türkmən azlıqları ilə yanaşı, kürdlərin də yaşadığı və 2014-cü ildə İŞİD-in bölgədə varlığından sonra İraq ordusu tərəfindən tərk edilən Kərkük kürd peşmərgələrinin nəzarətinə keçib. 2017-ci ildə İraq Kürd Regional Rəhbərliyinin təşkil etdiyi müstəqillik referendumundan sonra Bağdaddakı mərkəzi hökumət Kərkük və bəzi digər bölgələri kürdlərdən geri aldı. Etirazlara səbəb olan Kürdüstan Demokratik Partiya binası da boşaldılıb və yenidən orduya ayrılıb.
Leyla
