Kubaya təzyiqlər artır - Rusiya dəstək verir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kubaya qarşı artan xarici təzyiqlərin narahatlıq doğurduğunu bildirib. O qeyd edib ki, Rusiya suveren inkişaf yolunu seçən Kuba ilə həmrəydir və bu ölkəyə maddi və humanitar yardım göstərməyə davam edəcək. Lavrovun sözlərinə görə, xüsusilə, hazırkı mərhələdə humanitar dəstək kubalılar üçün böyük əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, bir müddət əvvəl Tramp “Kubanı almaq mənim üçün şərəf olacaq” ifadəsini işlədərək, adaya nəzarət imkanlarından danışıb:
“Bu açıqlamalar fonunda Rusiya və Çin sərt reaksiya verərək Kubaya dəstək mesajları göndərib. Kremlin rəsmi bəyanatında Kubanın suverenliyini vurğulayaraq ABŞ prezidentinin sözlərinə qarşı çıxıb. Açıqlamada bildirilib ki, Kuba müstəqil dövlətdir və iki ölkə arasında əməkdaşlıq davam edəcək. Rusiya həmçinin ABŞ sanksiyalarının yaratdığı çətinliklər fonunda Kubaya dəstək verməyə hazır olduğunu bəyan edib. Rusiya Kubaya geosiyasi təsirini saxlamaq, ABŞ-yə yaxın bölgədə müttəfiqini qorumaq və Latın Amerikasında mövqelərini gücləndirmək üçün dəstək verir. Bu dəstək, xüsusilə, ABŞ-nin embarqosu fonunda humanitar yardım, neft tədarükü və iqtisadi-siyasi yardımlar şəklində reallaşır. Kuba Rusiyanın Qərb yarımkürəsindəki ən yaxın müttəfiqlərindən biridir. Kreml bu bölgədə öz nüfuzunu qorumaq və ABŞ-yə qarşı tarazlıq yaratmaq məqsədi güdür.
Rusiya Kuba ətrafındakı gərginliyin artmasından narahatlığını ifadə edərək, ABŞ embarqosu altında olan adaya yardım etməklə öz anti-qərb mövqeyini nümayiş etdirir. Bu dəstək, Rusiyanın beynəlxalq arenada özünü güclü oyunçu kimi göstərmək və müttəfiqlərini tək qoymamaq strategiyasının bir hissəsidir”.
Gövhər Mehyəddinova