00:00:00
Yazar
Admin User
01.10.2025 18:42 107 2 dəq oxuma
Siyasət

KXDR-in Çinə yönəlik mesajı geosiyasi maraqların göstəricisidir

KXDR-in Çinə yönəlik mesajı geosiyasi maraqların göstəricisidir

 

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Çin Xalq Respublikasının sədri Si Cinpinə göndərdiyi təbrik məktubunda Pxenyanın Çinlə münasibətləri daha da dərinləşdirmək niyyətində olduğunu bildirib. O, beynəlxalq vəziyyətdən asılı olmayaraq Çinlə strateji əməkdaşlığın gücləndiriləcəyini və regionda, eləcə də dünyada sülh və sabitliyin qorunması üçün birgə səylərin göstəriləcəyini vurğulayıb.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova "İnformator.az"a açıqlamasında bildirib ki, Koreya Xalq Demokratik Respublikası bu gün ciddi beynəlxalq sanksiyalar altında olan bir ölkədir:

 

 "Bu səbəbdən KXDR-nin öz regionundan kənar dövlətlərlə geniş əməkdaşlıq imkanları çox məhduddur. Mövcud sanksiyaların həcmi və təsir dairəsi Pxenyanın beynəlxalq səviyyədə manevr imkanlarını əhəmiyyətli dərəcədə daraldır.

 

Bu kontekstdə Kim Çen Inın Çinə göndərdiyi təbrik məktubunun geosiyasi əhəmiyyəti diqqətdən kənarda qalmır. Məktubun əsas məqamı Çinlə münasibətlərin daha da yaxşılaşdırılması, balanslaşdırılması və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsidir. KXDR bu addımı ilə həm ABŞ-yə, həm də Avropa dövlətlərinə, o cümlədən Britaniyaya açıq mesaj verir: Pxenyan Çinin siyasi dəstəyini arxasına alıb. Çinin dəstəyi isə, təbii ki, yalnız maraqları çərçivəsində mümkündür. Çin üçün sərfəli olduğu müddətdə KXDR-ə iqtisadi və geosiyasi dəstək göstəriləcək. Digər tərəfdən, Çin bu əməkdaşlığı regiondakı güc balansını tənzimləmək üçün də istifadə edir. Məsələn, ABŞ, Cənubi Koreya və Yaponiya ittifaqı bölgədə daim gərginlik yaradır. Bu baxımdan, Pxenyanın Çinə yaxınlaşması bir tərəfdən təhlükəsizlik təminatı, digər tərəfdən isə region dövlətlərinə ünvanlanan siyasi mesajdır".

 

Politoloq vurğulayıb ki, KXDR-nin nüvə silahına sahib olması Çini də müəyyən risklər qarşısında qoyur:

 

 "Buna görə də Pekin Koreyanı öz orbitində saxlamağa çalışır, amma eyni zamanda onu nəzarətdə tutaraq balanslı siyasət yürüdür. Beləliklə, Çin həm öz maraqlarını qoruyur, həm də Koreyanın regionda həddən artıq təhdidə çevrilməsinə imkan vermir. Nəticə etibarilə, Pxenyanın Çinə yönəlik mesajı yalnız rəsmi təbrik xarakteri daşımır. Bu addım həm beynəlxalq sabitlik barədə siyasi bəyanatdır, həm də real geosiyasi maraqların ifadəsidir. Yəni Çin və KXDR əməkdaşlığı yalnız regional təhlükəsizlik çərçivəsində deyil, həm də iqtisadi və strateji müstəvidə qarşılıqlı maraqların təmin olunmasına xidmət edir".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər