00:00:00
Yazar
Admin User
22.09.2025 17:33 62 2 dəq oxuma
Dünya

Əl-Şaraa: Yaxın günlərdə İsraillə müqavilə imzalana bilər

Əl-Şaraa: Yaxın günlərdə İsraillə müqavilə imzalana bilər

“Suriya yaxın günlərdə İsraillə təhlükəsizlik sazişi imzalaya bilər, lakin bu, Təl-Əvivlə münasibətlərin normallaşmasına bərabər deyil.” Bunu Suriya prezidenti Əhməd əl-Şaraa bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, təhlükəsizlik sazişinin imzalanması, bu vəziyyətdə real dəyişiklik yaratmayacaq:

 

 

"Hazırda Yaxın Şərqdə proseslərin gələcəyi baxımından İsrail–Suriya münasibətləri olduqca önəmli təsirə və rola malikdir. Qətiyyətlə demək olar ki, bu münasibətlər tənzimlənmədən Yaxın və Orta Şərqdə davamlı sabitlikdən danışmaq mümkün deyil. Hazırda Suriya ilə İsrailin imzalamaq istədiyi və haqqında danışılan təhlükəsizlik sazişinin iki ölkə arasındakı münasibətləri hansı formada tənzimləyə biləcəyini dəqiq söyləmək çətindir. Çünki bu saziş münasibətlərin tam normallaşmasına gətirib çıxarmayacaq. Sözün düzü, bu sazişin imzalanmasının hansı məna daşıdığını və hansı hədəflərə yönəldiyini dəqiq söyləmək çətindir. Əgər hər hansı bir saziş ölkələr arasında münasibətlərin normallaşdırılmasına töhfə vermirsə, onu yalnız formal sənəd kimi qiymətləndirmək olar. Təhlükəsizlik sazişi əgər Suriya ilə İsrail arasında Əsəd rejimindən qalmış ərazi mübahisələrinin həllini, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərini, təhlükəsiz və mövcudluq hüququnun, ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınmasını əhatə etmirsə, belə bir sazişin real məzmunu və əhəmiyyəti ola bilməz. Hazırkı şəraitdə İsrail–Suriya münasibətlərində uzunmüddətli sabitliyi təmin etmək baxımından təhlükəsizlik sazişinin imzalanması belə, ciddi nəticələrə gətirib çıxarmaya bilər. Burada ilkin və vacib addım kimi, iki ölkə arasında bəlli məsələlərin həlli şərti ilə qısa müddətdə atəşkəs sazişinin imzalanması daha məqsədəuyğun olar. Əgər bu saziş imzalansa və onun qüvvədə olduğu dövrdə ərazi mübahisələri, bir-birinin daxili işlərinə qarışmaq, etnik icmalarla bağlı daxili siyasətə müdaxilə kimi problemlər tənzimlənsə, o zaman Yaxın Şərqdə, xüsusilə də İsrail–Suriya münasibətlərində daha dayanıqlı vəziyyətdən danışmaq mümkün olar. Bu müqavilənin nə isə dəyişəcəyini düşünmürəm. Bunun səbəbi odur ki, iki ölkə arasında təhlükəsizlik probleminin kökündə dayanan və mütləq şəkildə həll olunmalı olan əsas məsələlər mövcuddur. Bu problemlərin başlıcası ərazi mübahisələridir. 1967-ci ildə İsrail vasitəsilə Suriyanın torpaqları işğal olunub və bu gün də Zolan təpələri İsrailin nəzarətindədir. 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətindən sonra Suriyanın cənubunda, İsraillə sərhəd bölgələrdə yeni ərazilərin yenidən işğalı məsələsi gündəmə gəlib. Eyni zamanda, Suriyanın cənubunda, İsraillə sərhəddə yaşayan etnik druzlarla bağlı məsələlərin də aydınlaşdırılması zəruridir. Bütün bu faktorlar iki ölkə arasında təhlükəsizlik sahəsində ciddi təhdidlər yaradır. Bu problemlər həll edilmədən təhlükəsizlik sazişinin imzalanması, bir daha qeyd edirəm ki, vəziyyətdə real dəyişiklik yaratmayacaq".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər