Laricanidən müsəlman ölkələrinə: Yanımızda olmadınız
İran xalqı öz güclü iradəsi ilə təcavüzkarları əzməyi bacarıb, hətta düşmən dalana dirənib və çıxış yolu tapmaqda aciz qalıb.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Laricaninin müsəlman ölkələrinə yönələn açıqlamasını konstruktiv hesab etmirəm:
“Əksinə, bu çıxışda müsəlman ölkələrinə qarşı müəyyən dərəcədə ittiham xarakterli fikirlər yer alır. Laricani hesab edir ki, digər ölkələr İranın İsraillə müharibəsində onun yanında durmalı və onu müdafiə etməli idilər.
Lakin nəzərə almaq lazımdır ki, İran özü son 47 il ərzində regionda apardığı siyasətlə qonşu ölkələrin daxili işlərinə qarışıb, aqressiv xətt yürüdüb, din və təriqət amilindən istifadə edərək təsir dairəsini genişləndirməyə çalışıb. Bu çərçivədə müxtəlif ölkələrdə ideoloji təsir və agentura şəbəkələri formalaşdırmaq cəhdləri də müşahidə olunub.
Bu baxımdan, İran faktiki olaraq bu qarşıdurmanın yaranmasında müəyyən dərəcədə məsuliyyət daşıyır. Uzun illər ərzində aparılan siyasət, qonşularla gərgin münasibətlər və ABŞ-lə, eləcə də İsraillə kəskin qarşıdurma xətti bugünkü vəziyyətin formalaşmasına zəmin yaradıb.
İran bu siyasəti həyata keçirərkən müsəlman ölkələrinin maraqlarını yetərincə nəzərə almayıb və bu istiqamətdə ciddi addımlar atmayıb. Bu gün Laricaninin səsləndirdiyi fikirlər isə bu reallıqları nəzərə almadan irəli sürülən kimi görünür və bu səbəbdən əsaslı təsir bağışlamır”.
Əlavə olaraq politoloq bildirib ki, əslində, Türkiyə və Azərbaycan daxil olmaqla bir çox müsəlman ölkələri bu cür qarşıdurmanın qarşısını almaq üçün öz imkanları daxilində səylər göstəriblər:
“Bu isə göstərir ki, region ölkələrinin əsas prioriteti münaqişənin genişlənməsinin qarşısını almaq olub.
Laricaninin açıqlaması onu da göstərir ki, İranın mövcud siyasi kursu dəyişməz qalarsa, qonşu ölkələrlə münasibətlərdə də ciddi dəyişiklik gözlənilmir. Bu halda, regionda gərginlik yaradan amillər davam edə bilər və İran yenə də müəyyən mənada sabitlik üçün çağırış olaraq qalacaq”.
Səadət Əlizadə